Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycanın xarici siyasətində növbəti diplomatik hadisə olmaqla yanaşı, ölkənin Avropa iqtisadi məkanındakı mövqeyinin möhkəmləndirilməsi baxımından da mühüm mərhələ kimi qiymətləndirilə bilər. Berlində imzalanan "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə", həmçinin Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması iki ölkə arasında əməkdaşlığın artıq yeni məzmun qazandığını göstərir.
Əgər bir neçə il əvvəl Azərbaycan–Almaniya münasibətlərində əsas diqqət enerji əməkdaşlığına yönəlirdisə, bu gün gündəmdə sənaye, texnologiya, logistika, yaşıl enerji, investisiyalar və biznes əlaqələrinin inkişafı dayanır. Əslində, bu dəyişiklik təkcə ikitərəfli münasibətlərin deyil, dünya iqtisadiyyatında baş verən transformasiyanın nəticəsidir.
Son illərdə qlobal iqtisadi sistem ciddi dəyişikliklər yaşayır. Pandemiyadan sonra qırılan təchizat zəncirləri, geosiyasi gərginliklər, enerji böhranı və istehsal mərkəzlərinin yenidən formalaşması ölkələri daha etibarlı tərəfdaşlar axtarmağa vadar edib. Artıq dövlətlərin iqtisadi çəkisi yalnız malik olduqları təbii sərvətlərlə deyil, beynəlxalq bazarlar üçün nə dərəcədə etibarlı, proqnozlaşdırıla bilən və uzunmüddətli tərəfdaş olmaları ilə müəyyən edilir.
Azərbaycan son illərdə məhz bu etibarı formalaşdırmağa nail olub. Prezident İlham Əliyevin Almaniyada qeyd etdiyi kimi, Azərbaycan qazı artıq Almaniya bazarına daxil olub. Bu, sadəcə yeni ixrac istiqamətinin açılması deyil. Bu, Avropanın ən böyük iqtisadiyyatının Azərbaycanı enerji təhlükəsizliyinin vacib iştirakçılarından biri kimi qəbul etməsinin göstəricisidir.
Lakin Berlində verilən mesaj yalnız enerji ilə məhdudlaşmır.
Əgər XX əsrdə iqtisadi üstünlüyün əsas mənbəyi enerji resursları idisə, XXI əsrdə bu üstünlük texnologiya, innovasiya, logistika və yüksək əlavə dəyər yaradan istehsalla müəyyən olunur. Məhz buna görə Almaniya ilə iqtisadi əməkdaşlığın genişlənməsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Almaniya Avropanın ən böyük sənaye iqtisadiyyatıdır. Maşınqayırma, avtomatlaşdırma sistemləri, yüksək texnologiyalar, yaşıl enerji və sənaye innovasiyaları sahəsində topladığı təcrübə dünyanın aparıcı modellərindən hesab olunur.
Azərbaycan üçün belə əməkdaşlıq yalnız investisiya cəlb etmək demək deyil. Bu, yeni texnologiyaların, müasir idarəetmə yanaşmalarının, sənaye standartlarının və yüksək məhsuldarlıq mədəniyyətinin ölkəyə transferi deməkdir. Çünki davamlı iqtisadi inkişafın əsas şərti təkcə daha çox məhsul satmaq deyil, daha yüksək əlavə dəyər yaratmaqdır.
Məhz bu baxımdan Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycanın uzunmüddətli iqtisadi transformasiya strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Bu strategiyanın daha bir mühüm istiqaməti Orta Dəhlizdir. Son illərdə Avropa ilə Asiya arasında alternativ logistika marşrutlarına marağın artması Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da yüksəldib. Azərbaycan artıq yalnız tranzit ölkəsi kimi çıxış etmək deyil, bu marşrut üzərində istehsal, logistika, sənaye və xidmət mərkəzləri formalaşdırmaq niyyətini ortaya qoyur. Bu isə iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliyi deməkdir.
Yaşıl enerji istiqaməti də təsadüfi seçilməyib. Bu gün Avropa iqtisadiyyatının əsas prioritetlərindən biri karbon emissiyalarının azaldılması və bərpa olunan enerji mənbələrinin genişləndirilməsidir. Azərbaycanın zəngin külək və günəş enerjisi potensialı, xüsusilə Xəzər dənizində həyata keçirilən layihələr Almaniya kimi texnoloji cəhətdən inkişaf etmiş ölkələrlə əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Beynəlxalq investorların baxışı da bu prosesdə mühüm rol oynayır. Kapital hər zaman siyasi sabitliyə, uzunmüddətli tərəfdaşlığa və proqnozlaşdırılan iqtisadi siyasətə üstünlük verir. Almaniya kimi Avropanın aparıcı iqtisadi gücü ilə münasibətlərin strateji səviyyəyə yüksəlməsi Azərbaycanın investisiya cəlbediciliyini daha da artıran amillərdən biridir.
Bu siyasi mesajların iqtisadi əsasları isə rəsmi statistikalarda da öz əksini tapır.

Almaniya Azərbaycanın mühüm iqtisadi tərəfdaşlarından biridir
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 48,9 milyard ABŞ dolları təşkil edib. Bu dövriyyənin 2,8 faizi Almaniyanın payına düşüb. Enerji ixracında İtaliya, Türkiyə və Çin kimi iri bazarların üstünlük təşkil etdiyini nəzərə alsaq, Almaniyanın əsas ticarət tərəfdaşları sırasında yer alması kifayət qədər əhəmiyyətli göstəricidir.
Almaniya daha çox yüksək texnologiyalı məhsulların təchizatçısı kimi çıxış edir. 2025-ci ildə Azərbaycanın ümumi idxalının 3,4 faizi Almaniyanın payına düşüb. Almaniyadan əsasən sənaye avadanlıqları, maşın və mexanizmlər, avtomobillər, kimya və əczaçılıq məhsulları idxal olunur. Bu isə onu göstərir ki, Almaniya Azərbaycanın texnoloji modernləşməsində mühüm rol oynayan ölkələrdən biridir.
Azərbaycanın Almaniyaya ixracı isə ümumi ixracın 2,2 faizini, qeyri-neft ixracının isə 1,3 faizini təşkil edib. Bu göstəricilər hələlik böyük olmasa da, qeyri-neft məhsullarının Avropa bazarına çıxışı baxımından Almaniyanın strateji əhəmiyyəti artır.
Turizm iqtisadi əlaqələrin yeni indikatoruna çevrilir
İqtisadi münasibətlər təkcə ticarət statistikası ilə qiymətləndirilmir. İnsanların hərəkətliliyi, biznes səfərləri və turizm axını da əməkdaşlığın real səviyyəsini göstərən mühüm göstəricilərdir.
Bu baxımdan son illərdə Almaniyadan Azərbaycana gələn turistlərin sayında davamlı artım müşahidə olunur.
Əgər 2021-ci ildə ölkəmizə 5 922 Almaniya vətəndaşı səfər etmişdisə, 2025-ci ildə bu rəqəm 24 138 nəfərə çatıb. Dörd il ərzində artım təxminən dörd dəfə olub.
Bu artım təsadüfi deyil. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, hava əlaqələrinin genişlənməsi, ölkənin turizm potensialının Avropa bazarında daha fəal tanıdılması və biznes əlaqələrinin inkişafı bu dinamikanı şərtləndirən əsas amillərdir.
Alman turistlər daha çox qalır və daha çox xərcləyirlər
Turizmdə əsas göstərici yalnız turistlərin sayı deyil, onların iqtisadiyyata verdiyi töhfədir.
2025-ci ildə Almaniya vətəndaşları Azərbaycan hotellərində 33 222 gecələmə həyata keçiriblər. Müqayisə üçün, 2021-ci ildə bu göstərici 11 103 gecə idi. Bu, alman turistlərin ölkədə qalma müddətinin əhəmiyyətli dərəcədə artdığını göstərir.
Eyni zamanda, 2025-ci ildə Almaniya vətəndaşları hotellərdə göstərilən xidmətlərə görə 4,36 milyon manat ödəyiblər. Son beş ildə bu göstərici təxminən üç dəfə artıb. Bu isə Almaniya bazarının Azərbaycan turizm sektoru üçün yüksək gəlir gətirən istiqamətlərdən birinə çevrildiyini göstərir.
Berlin səfərinin əsas iqtisadi mesajı
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri göstərdi ki, Azərbaycan artıq Avropa ilə münasibətlərini yalnız enerji əməkdaşlığı üzərində qurmur. Enerji ixracı ilə yanaşı, texnologiya transferi, sənaye əməkdaşlığı, logistika, yaşıl enerji, investisiyalar və turizm yeni iqtisadi gündəliyin əsas istiqamətlərinə çevrilir.
Rəqəmlər də bunu təsdiqləyir. Almaniya ilə ticarət dövriyyəsinin genişlənməsi, yüksək texnologiyalı idxalın artması, qeyri-neft ixracının Avropa bazarına çıxışı, turizm göstəricilərində müşahidə olunan yüksəliş və biznes platformalarının yaradılması iki ölkə arasında əməkdaşlığın artıq daha dərin iqtisadi məzmun daşıdığını göstərir.
Bu baxımdan Berlindən verilən əsas mesaj yalnız bugünkü iqtisadi nəticələrlə məhdudlaşmır. Əsas mesaj ondan ibarətdir ki, Azərbaycan Avropa üçün təkcə enerji resursları təqdim edən ölkə deyil. O, etibarlı tərəfdaş, mühüm logistika qovşağı, yaşıl enerji istehsalçısı və texnologiyaya əsaslanan yeni iqtisadi model quran dövlət kimi mövqeyini gücləndirir. Məhz bu yanaşma Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasının əsasını təşkil edir.