Modern.az

Gənc rəssam: “Çəkdiyim əsər dünya tarixinə düşəcək” - MÜSAHİBƏ

Gənc rəssam: “Çəkdiyim əsər dünya tarixinə düşəcək” - MÜSAHİBƏ

Ölkə

10 Yanvar 2015, 10:22

Vasif Səftərov: “İstedadlı gənc rəssamlar tikintidə fəhləlik edirlər”

Modern.az saytının bu dəfəki müsahibi gənc rəssam-heykəltaraş Vasif Səftərovdur. O, daha çox hipper realist rəssamlıqla məşğul olur. Bu janr realdan daha real olan əsərləri özündə əks etdirir ki, gənc rəssamın çəkdiklərində bunu görmək olar. Arada karikaturalar da çəkən rəssam bunu sırf əyləncə naminə etdiyini vurğulayır:

- Gənc rəssam kimi bu sənətlə məşğul olanların hansı problemləri, çatışmazlıqları sizi daha çox narahat edir?

- Məni ən çox əsl sənətə biganəlik narahat edir. Rəssamlıq dünyada çox prestijli sənət sayılır. Amma Azərbaycanda maddi gəlirinin azlığına görə bəziləri üçün sadə, adi bir peşə kimi görünür. Nə qədər şişirtsək də, bu sənət hələ də bizdə həm müasirlik, həm də qazanc baxımından inkişaf etməyib. Əslində çoxumuz deyə bilərik ki, sənət qazanmaq üçün deyil. Bununla tam razıyam. Əsla elə düşünülməsin ki, mən bütün çatışmazlıqları qabardıram. Xeyr! Yenə də deyirəm, sağ olsunlar,  az da olsa biz rəssamları başa düşən bir qrup sənət sevər var. Sadəcə, biz hələ cəmiyyət olaraq əsl sənət və sənətkar anlamını düzgün dəyərləndirə bilmirik.

- Deməli, rəssamın üzləşdiyi sosial problem onu sənətdən ayrı salır...

- Çox az sayda rəssam tanıyıram ki, öz sənəti ilə məşğul olur. Düzdür, mən istisna olmaq şərtilə (gülür).  Hətta qat-qat güclü gənc rəssamlar tanıyıram ki, tikintidə fəhləlik edirlər. Çörək qazanmaq eyib deyil.  Sadəcə, adam öz işinin arxasınca getmədikdə sənət də ölür.

Avropada niyə məhz rəssamlar, heykəltəraşlar, sənət adamları həm tanınır, həm də yaxşı yaşayır? Çünki onlarda bu sektor çalışır və bir gəlir mənbəyinə çevrilib. Orada yaşayan iş adamları, biznesmenlər, dövlət məmurları yaxşı rəsm əsərlərini böyük qiymətə alır və bilir ki, bunu daha yaxşı qiymətə satacaq və bu bazar onlarda bu cür inkişaf edir. Bizdə niyə belə hərraclar keçirilməsin?! Bizdə də bu cür hərraclar keçirilsin, xaricdən qonaqlar cəlb olunsun. Daha hərrac iştirakçıları açılışda əl çalıb sonra da şəhəri gəzmək deyil,  Azərbaycan rəssamlarının, sənətkarlarının əsərlərinin dünya bazarına çıxmasına zəmin yaratmalıdırlar. Bunun da özəyini gərək Rəssamlar İttifaqı təşkil etsin. Amma acı da olsa deyim ki, çox təəssüf, hələ də biz bu mövzuda yuxulayırıq.


- Bəs, özünüz hazırda nə işlə məşğulsunuz?

- Hazırda “Hədəf nəşrlər”ində rəssam olaraq çalışıram. Bir çox proyektlərə imza atmışıq. Bunlardan Dədə Qorqud layihəsi -  rəngləmə kitablarını misal göstərmək olar. Tanınmış şəxsiyyətlər, sənətkarlar, tarixi abidələr, milli qəhrəmanların portretləri də bu layihəyə  daxildir. Hazırda tamamlamaqda olduğum layihə Milli Qəhrəman Mübariz İbrahimov haqqında cizgi romanıdır. Bu layihənin ideya rəhbəri Şəmil Sadıq, nəşrin direktoru isə Müşfiq Xandır.

- Bizim cəmiyyət rəssamları niyə dəyərləndirməyi bacarmır? 

- Çünki əksəriyyət çörək pulu dalınca rayondan gəlib burada tikintidə, bazarda, nə bilim orda-burda işlədiyi üçün həm vaxt baxımından, həm də maddi cəhətdən nə rəssamdan rəsm əsəri ala bilir, nə də muzeyə gedib oradakı əsərlərlə tanış olurlar.  Çünki öz qazancları özlərinə ancaq yetir. Bu halda da incəsənəti izləyə bilmirlər. Varlı təbəqəyə gəldikdə, onların bəziləri dəyər verir. Amma əksəriyyətinin heç marağında da deyil.  Çünki “nəyimə lazım, bunu alıb-satıb pul qazanmayacaqamsa dəyməz”, -  deyib keçirlər. Amma çox gözəl olardı ki, dövlət qurumları, şirkətlər tərəfindən heç olmasa ildə bir dəfə rəssamlar üçün əsərlərin satılması təşkil edilsin.

- Rəssam olmanız həyatda hansı planlarınızın, məqsədlərinizin üstündən xətt çəkib?

- Bəlkə də mən rəssam, heykəltəraş olmasaydım yaxşı bir idmançı ola bilərdim. İdmanı çox sevirəm və həmişə də həvəskar deyil, peşəkarcasına məşğul olmuşam.

- Rəssamlar İttifaqına münasibətiniz…

- Rəssamlar İttifaqına münasibətim pis deyil. Amma daha artıq işlər  görə də bilərlər. Amma nədənsə....

- Ümumiyyətlə, sənəti əsas dəyərə çevirmək üçün hər hansı bir cəmiyyətin üzərinə nə kimi işlər düşür?

- Sənətin özü elə dəyərdi. Ancaq onu təqdim edərkən sənətkara dəyər vermək lazımdır. Həyatda hər şey bazardır,  biz bazar iqtisadiyyatı dövründə yaşayırıq. Amma sənəti qazanc mənbəyi kimi də irəli sürmək lazımdır. Bir sənətsevər istədiyi rəsm əsərini alıb sonra onu hərracda sata bilmək imkanını da qazanmalıdır.

- Elə bir məqam olub ki, rəssamlıqdan bezib başqa bir işlə məşğul olmaq haqda düşünübsünüz?

- Olub! Elə olub ki, aylarla əsər çəkmişəm və həmin vaxtlar ərzində ancaq məşqlər etmişəm. Ağlıma batıb ki, dünya çempionatlarında iştirak üçün vəsiqə alım. Amma sonra yenə içimdəki sənət sevgisi məni özünə çəkib. Çünki əlimdə material olmadığı halda belə, istənilən yerdə rəsm əsərimi yaradıram ...


- Hansı rəssam sizi sənətə ruhlandırıb, hansılar isə daha da küsdürüb?

- Ən çox sevdiyim Səttar Bəhlulzadədir. O, əsl sənət məcnunu olub. Tahir Salahov və xaricilərdən Salvador Dali, Pikasso, Mone kimi rəssamları da dərindən öyrənirəm. Ən əsası da Rembrantı. Yeganə nifrət etdiyim rəssam isə Leanardo Da Vinçidi. Çünki o, sənətin dərinliyindən çox ondan sonra gələn nəsilləri necə təəccübləndirəcəyini məhz o dövrdə yaxşı bilirdi. Bir də ona görə nifrət edirəm ki, indən belə nə qədər  çalışsaq da, o ola bilməyəcəyimizi qəbul etmək mənə ağır gəlir.

- Gələcək üçün hansı planlarınız var?

- Planlar çoxdur. Hazırda bir rəsm əsəri üzərində işləyirəm. Əgər onu başladığım kimi keyfiyyətli, həvəslə tamamlaya bilsəm, o dünya tarixinə keçəcək bir rəsm əsəri olacaq. Buna tam əminəm!

- Hərdən karikatura da çəkirsiniz. Son günlər karikatura ilə bağlı Fransada baş verən qətl hadisələrini necə qiymətləndirirsiniz?

- Arada karikatura ilə də məşğulam, amma, sadəcə əylənmək üçün. Ümumiyyətlə, incəsənət adamının qətlə yetirilməsi düzgün deyil. Tək sənət deyil, elm adamları da həmçinin. Bu, məncə bir ədavətdir. Yəqin ki, nəsə problem yaradacaq bir mənbəyə əsasən karikaturalar işləyiblər və bu işləri ya bir qrup dövlət, yaxud təşkilat həzm edə bilməyib.

- Sonuncu sual - əgər sirr deyilsə, indiyə qədər satdığınız ən bahalı rəsm əsərindən nə qədər qazanmısınız?

- Bir dəfə sərgiyə iş aparmışam. İşi əsər yığımından gecikdirdiyim üçün asmağa icazə verməyiblər. Güc-bəla ilə sərgi olan günü işi asmağa nail olmuşam və bir türk sərgi başlamamışdan 30-40 dəqiqə qabaq yaxınlaşıb soruşdu ki, bu işi neçəyə satarsınız?  Biz də ona əsəbi halda reaksiya verdik.  Dostum dedi ki, satırıq. Türk “kaç para” dedikdə dostum acıqla “onsuz da alan deyil” deyib özündən bir qiymət dedi – 5000 manat.

Türk “üzərimdə, sadəcə 4600 dollar var, satarmısınız”, - dedi. Dostum rəsm əsərini asdığımız kimi də çıxarıb türkə verdi. Pulu alıb salonu tərk etdik.


Elmin NURİ 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı