Mohamed Elias Mohamed Əl-Haq: “Xocalı soyqırımını tanımağımız buna sübutdur”

Sudanı Afrikaya gedən yolun qapısı adlandırırlar. 1989-cu ildən sonra ABŞ bu ölkəyə sanksiyalar tətbiq etməyə başladı. O zamandan sonra çoxlu sayda ölkə bir sıra sahələrdə Sudanla əməkdaşlıq etməkdən uzaqlaşdı. Baxmayaraq ki, Tanrı Afrika qitəsinin qara taleli xalqına hər şey bəxş etmişdi: neft, qızıl, almaz, bərəkətli Nil çayı və s.
Lakin son illərin bütün çətinliklərinə baxmayaraq, deyəsən, sudanlılar çətinlikdən çıxarmağa doğru irəliləyirlər. Artıq ABŞ uzun illər əvvəl bu ölkə üçün tətbiq etdiyi sanksiyaları ləğv etmək istiqamətində addım atmağa hazırlaşır...
Sudanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed Əl-Haqla görüşüb bir sıra məsələlər barədə söhbət etdik.
- İl yarımdır Bakıda olan Sudan elçisi arzularının ölkəsində özünü necə hiss edir?
- Mən və mənim ailəm burada, ikinci vətənimizdə öz dostlarımızın, yaxınlarımızın yanındayıq və bununla çox sevinirik. Azərbaycanda darıxmırıq, özümüzü qərib hiss etmirik. Dostlarımızın, tanışlarımızın bizə olan isti münasibəti bunu deməyə əsas verir. Azərbaycanı görmək bizim arzumuz idi və Allah bizim arzumuzu ürəyimizdə qoymadı.
- Adətən səfirlər deyir ki, biz digər ölkəyə ona görə göndərilirik ki, əlaqələrimizi möhkəmləndirə, qarşılıqlı səfərlər təşkil edə bilək. Siz burda olduğunuz müddət ərzində nəyə nail ola bildiniz?
- Bildiyiniz kimi səfirlik 18 aydır fəaliyyət göstərir. Bu fəaliyyət müddətində səfirliyin quruculuğuyla məşğul idik. Quruculuqdan sonra Azərbaycanın məsul şəxslərilə bir sıra görüşlər keçirildi. Bu görüşlərdə bir çox razılaşma və anlaşmalar əldə edildi. Ümid edirik ki bu razılaşmalar reallaşdıqda səfriliyin uğuru çox olacaqdır.
- Sudandan bura ara-sıra nümayəndə heyətinin gəlib-getməsi barədə xəbərdarıq. Bəs rəsmi səviyyədə Azərbaycandan ölkənizə səfər edildimi?
- Dediyiniz kimi bir sıra rəsmi şəxslər ölkənizdə olub. Burada keçirlən beynəlxalq forumlarda iştirak ediblər. Azərbaycandan edilən bütün dəvətlər Sudan tərəfindən qəbul edilib. Bizim tərəfdən bura böyük həvəslə gəlmişik, çünki Azərbaycanla bir çox sahələrdə əlaqələr qurmaqda maraqlıyıq. Əfsuslar olsun ki, bizim tərəfdən edilən dəvətlərə Azərbaycan tərəfdən qarşılıq verilmədi. Düzdür, başa düşürük, çox məşğul ola bilərlər və ya buna vaxt azlığı səbəb ola bilər. Amma yenə də Sudanı ziyarət etmək, ordakı tədbirlərə qatılmaq olardı.
- Əgər Sudan tərəfi müxtəlif nazirlikləri ölkənizə səfərə dəvət edibsə və bu dəvət qəbul edilib, amma baş tutmayıbsa, sizcə buna əsil səbəb nə ola bilər?
- Düzü, bunun səbəbi bizə də aydın deyil. Hər hansı problem, çətinlik varsa başa düşmək olar. Amma il yarım ərzində bir məsul şəxsin Sudana getməsi mümkün ola bilərdi. Bu il yarım ərzində Sudandan 6 rəsmi şəxs bura gəldi. Buna qarşılıq verilmədi. Məlum və naməlum səbəblər olsa da, bunlar kifayət etmir. Sudanın bəzi iqtisadi problemləri olsa da, biz Azərbaycana üstünlük verməklə burada səfirliyimizi açmışıq. Ümid edirik ki uğurlarımız olacaq.
- Bilirik ki Azərbaycanı çox sevirsiniz, otağınızın hər guşəsində milli bayraqlarımız var. Sizin təşəbbüsünüzlə Sudan telekanallarından biri ölkəmizdə olmuşdu və Azərbaycanla bağlı hazırlanan sənədli film sizin müxtəlif telekanallarda 8 dəfə nümayiş olunub. Nə dəyişdi axı?
- Dedikləriniz doğrudur, Sudan televiziyası bura gəlib Azərbaycanla bağlı sənədli film hazırladı. Bu sənədli filmdə Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası, demək olar ki bütün sahələri əhatə edilmişdi. İrəliləyiş o oldu ki, Sudanda Azərbaycan haqqında məlumatı olmayan şəxs qalmadı. Əvvəllər Azərbaycan haqda məlumatsız idilər. İndi bilirlər ki Azərbaycan Asiyada yerləşən, regionda soz sahibi olan, hegomon bir ölkədir. Azərbaycanın problemləri bizim problemimizdir. Buna misal olaraq Dağlıq Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanın tərəfindəyik. Və biz bunu pıçıldamırıq. Səsimizi ucaldaraq da dünya ictimaiyyətinə çatdıra bilərik. Dağlıq Qarabağ məsələsində, Xocalı soyqırımını tanımağımız buna sübutdur. Amma bütün bunlara baxmayaraq, əfsuslar olsun ki qarşılıqlı ziyarətlər hələ ki baş tutmayıb.
- Cənab səfir, Sudan parlamenti Xocalı soyqırımını tanıyıb. Buna görə Rusiya və digər Avropa ölkələrindən hansısa təpkiylə qarşılaşmadınız?
- Onu deyə bilərəm ki bizim bu addımımızdan bəzi ölkələr razı deyillər. Azərbaycan tərəfində dayanmağımız birmənalıydı. Açığı, bununla bağlı təzyiqlərin edildiyi barədə məlumatım yoxdur. Hər halda siz daha yaxşı bilərsiniz ki, hansı ölkələr bizim atdığımız addımdan narazı ola bilər. Azərbaycan bizə dost, qardaş ölkədir, sizin problem bizim problemdir. Heç bir təzyiqdən qorxmuruq və müstəqil qərar verə bilirik.
- Sizdən ayrılıb özünü müstəqil dövlət elan edən və çox zaman “kilidlənmiş ərazi” adlanan Cənubi Sudanda deyəsən durum elə də ürəkacan deyil. Hazırkı problem nədir? Neft pullarının mənimsənilməsi, yoxsa tayfa hegemonluğu?
- Cənubi Sudan yeni bir ölkədir və demək olar ki, onun dövlət bünövrəsi yoxdur. İnsanlar tayfa, qəbilə formasında yaşayır. Rəhbərliyi tayfa başçıları edir. Hər bir evdə silah var. Əsas problem budur ki, Cənubi Sudan tayfalardan ibarətdir və dövlət əsasları düzgün aparılmayıb.
- Aprelin ilk günlərində Sudanda həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Hazırkı prezident Ömər Əl-Bəşirin yenidən seçkilərə qatılacağı bildirilir. Deyəsən, bu dəfəki seçkilərdə də cənab Əl-Bəşirə rəqib namizəd yoxdur...
- Seçkilərlə əlaqədar Sudanda hazırlıq işləri gedir. Həm müxalifət, həm də iqtidar nümayəndələrinin ortaq bir məxrəcə gəlməsi üçün Milli Şura da təşkil olunub.
- Amma müxalifətdə olan Populyar Konqres Partiyası prezidentə etiraz edərək seçkilərə qatılmayacağını bəyan edib. 1989-cu ildə Sudan inqilabının ideya atası hesab olunan Həsən Əl-Turabi ilə Ömər Əl-Bəşir niyə yola getmir?
- Sozsüz ki 1989-cu ildə onlar birlikdə idilər və eyni ideya daşıyıcısı olublar. Aralarında bəzi fikir ayrılıqları yaranıb. Bunun səbəbini açıqlaya bilərəm. Əl-Turabi istəyib ki prezident seçkiləri iki il sonra keçirilsin. Konstitusiyaya görə isə seçkilər aprel ayında keçirilməlidir. Bu da Əl-Bəşirin qərarı ilə üst-üstə düşür. Narazılıq budur...
- Bəlkə aralarındakı soyuqluğun başqa səbəbləri var?
- Onların narazılıqlarının üstündən artıq 16 il keçib. Siz demək istədiyiniz o soyuqluğun əsas səbəbi 16 il əvvəl Cənubi Sudanla vətəndaş müharibəsi aparıldığı zamana təsadüf edir. Ömər Əl-Bəşir iğtişaş olan bölgələrdə hərbi qüvvənin qalmasını istəyirdi. Çünki hələ müharibə başa çatmamışdı. Əgər əsgərlər geri çəkilsəydi pis nəticəsi ola bilərdi. Heç nədən çoxlu insanın qanı axıdılacağdı. Əl-Turabi isə hərbiçilərin geri çəkilməsini, sülh bağlanmasını istəyirdi.
- Sudanı kasıb ölkə hesab edirlər. Nefi, qızılı, almazı, böyük ticarət bazarları olan bir ölkə niyə kasıb, iqtisadi vəziyyəti aşağı olan ölkə adlansın?
- Sudanda həyat öz axarıyla davam edir, hər hansı terror və terrorçu qruplaşmalarından əziyyət çəkmir. Və buna görə də iş adamlarının gəlib ölkəmizdə işləməsi üçün problem yoxdur. Sadəcə Ömər Əl-Bəşir hakimiyyətə gəldikdən sonra ABŞ bizə qarşı müxtəlif sanksiyalar tətbiq etdi. Buna baxmayaraq Sudan Malayziya, Çin, Orta Asiya və Rusiya ilə güclü əlaqələrə malikdir. Əvvəllər bu ölkələrin Sudanla iqtisadi və digər sahələrdə əlaqə qurmağına ABŞ maneələr yaradırdı. Amma son zamanlar Avropa və ABŞ-la əlaqələrimiz getdikcə istiləşib və yaxşılığa doğru gedir.
- ABŞ-ın tətbiq etdiyi sanksiyaların qaldırılması gündəmdə varmı?
- ABŞ-ın dövlət katibi Con Kerri rəsmi formada bizə bildirdi ki, danışıqlar aparmağa və sanksiyaları götürməyə hazırdılar. Artıq ABŞ tərəfindən belə bir addım atılıb.
- Qərbi Afrikanı öz ağuşuna alan ebola virusunun Sudana gəlib çıxma ehtimalı nə qədərdi?
- Sudan dövləti bütün lazımi tibbi tədbirləri görüb. Bu günə kimi Sudanda belə bir halla rastlaşmamışıq. Hətta Sudanla sərhəd ölkələr də belə bir halla rastlaşmayıb.
Laçın SƏMLA