Modern.az

Müəllimlər Salatın Əsgərovanın şəhid olduğu yerə getdilər - FOTOLAR

Müəllimlər Salatın Əsgərovanın şəhid olduğu yerə getdilər - FOTOLAR

Ölkə

Bu gün, 09:48

Bakının Binəqədi rayonundakı 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət 7 nəfər müəllim həmkarı ilə birlikdə Qarabağa səfər çərçivəsində şəhid jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın qətlə yetirildiyi yeri ziyarət ediblər.

Modern.az xəbər verir ki, Almaz Həsrət bu ziyarətin təəssüratını sosial şəbəkədə də bölüşüb.

“Allah şəhidimizə rəhmət eləsin. Orada olduq, əlimizlə torpağı sığalladıq, lövhənin üstündəki tozu sildik, qurumuş otları kənara çəkdik... çox duyğusal anlar yaşadıq.
Yanımdakı xanım 20 Yanvar şəhidi Vəfadarın bacısı, həmkarım Gülnarə Musayevadır. Yaman kövrəlmişdi. Mənim fikrimcə, şəhidlərimizin ruhu nəfəslərinin son verdikləri yerdə qalır. Məhz həmin yerdə olarkən, sanki Salatın xanımın orada olduğunu hiss etdim. Bəli, bəli tam hiss etdim. Sanki yanımızda idi...”


Müəllim, şəhid bacısı Gülnarə Musayevanın səfərlə bağlı təəssüratları:

“1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilən Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın şəhid olduğu yeri ziyarət edərkən çox qarışıq duyğular keçirdim. Yenidən o qanlı səhnə gözlərimin qarşısında canlandı. Onun qanı tökülən yerdə qoyulan lövhənin qarşısında diz çökdüm, bir ana kimi göz yaşlarımı saxlaya bilmədim...
"Gözün aydın vətən, şəhid qanı tökülən hər qarış torpağın güllərə məskən olub"-, sözlərini pıçıldadım. Həm də hayqıraraq söyləmək istədim ki, təkcə öz övladını deyil, bütün Azərbaycan xalqını düşünərək ölümün gözünə dik baxan qeyrətli, mərd qadın - biz səni heç vaxt unutmayacağıq. Sən öz qanınla tarix yazdın və dəyanətli, ismətli, qəhrəman Azərbaycan qadınlarının rəmzisən!Hər dəfə sizi ziyarət edən doğma diyarımızın övladları sizin şücaətinizdən nümunə götürəcək, sizin qanınız tökülən torpağın hər zərrəsini göz bəbəyi kimi qoruyacaq!”


Arayış:
Salatın Əziz qızı Əsgərova 1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə orta məktəbi bitirib. Həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib. Nəticədə müqavilə ilə “Bakı” qəzetində işləməyə başlayıb. 4 il sonra isə o, “Molodyoj Azerbaydjana” qəzetinə keçib. Salatın Əsgərova jurnalist kimi Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı məslələrə toxunurdu. O, tez-tez cəbhə xəttinə gedir, qaynar nöqtələrdən operativ materiallar hazırlayırdı. Ailəsi Salatının döyüş bölgəsinə getməsindən narahat olsa da, ona mane ola bilmirdi. Hazırladığı reportajlarla müharibənin ən qızğın anlarından xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu auditoriyası qazanmağı bacarmışdı.

1991-ci il yanvarın 9-da Laçından Şuşaya gedərkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın erməni terrorçuları tərəfindən yaxın məsafədən şiddətli atəşə tutulub və elə oradaca qətlə yetirilib. 

O, Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.

Salatın Əsgərova ölümündən sonra - 6 noyabr 1992-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Milli Qəhrəman” adına layiq görülüb.

Hazırda Bakı şəhərində adına bir küçə var. Yaşadığı binaya barelyefi vurulub. Ona Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adı da verilib.

Bir oğlu yadigar qalıb.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Paşinyan Putinə yalvardı: Sərhəddəki məsələni həll edin