Azərbaycanın Özbəkistandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov etimadnaməsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.
Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Şavkat Mirziyoyev etimadnaməni qəbul etdikdən sonra Rəşad Məmmədovu yeni diplomatik vəzifəyə başlaması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan ilə Özbəkistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb. Tərəflər iki ölkə arasında siyasi dialoqun, ticarət-iqtisadi əlaqələrin, investisiya, nəqliyyat-logistika, enerji, sənaye, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.
Bildirilib ki, Rəşad Məmmədovun diplomatik fəaliyyəti iki qardaş ölkə arasında əlaqələrin inkişafına yeni töhfələr verəcək.

