Sertifikasiya imtahanından keçid faizi tibb işçiləri arasında ən qızğın müzakirələrin getdiyi dövrdə belə 97 faiz idi.
Modern.az xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə birgə müsahibəsində bildirib.
“Yəni səs-küy onun mahiyyətindən daha çox idi, amma hər beş ildən bir imtahan keçirməklə hər bir insanın bilik və bacarıqlarını qiymətləndirmək mümkündür, onları artırmaq isə mümkün deyil. Səhiyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı olaraq və Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması istiqamətində lazımi tədbirlərin görülməsini əsas götürərək yeni təşəbbüslə çıxış etdi. Bu yaxınlarda bildiyiniz kimi, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edildi. Həmin dəyişikliklərə əsasən artıq beş ildən bir keçirilən imtahanla yanaşı, hər bir həkim və ya tibb işçisi seçim edə biləcək. Onlar beş il ərzində Davamlı Peşəkar İnkişaf proqramı üzrə ümumilikdə 250 kredit balından az olmayaraq toplamaqla da həmin sertifikatı əldə edə biləcəklər”, - deyə nazir qeyd edib.