"Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi diplomatik missiyamı başa vururam. İlk növbədə bu ali etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm".
Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan Ağalar Rahim oğlu Atamoğlanov bildirib.
"Xidmətim dövründə Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlığı və müttəfiqliyi möhkəmləndirməyə çalışaraq, yüksək nəticələrə nail olduq.
Göstərilən dəstəyə və qonaqpərvərliyə görə Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevə, eləcə də səmərəli əməkdaşlığa görə dövlət qurumlarına, həmkarlarıma, media nümayəndələrinə, həmvətənlərimizə və bütün dostlarımıza təşəkkür edirəm.
Qardaş ölkədən qəlbimdə ən xoş xatirələrlə ayrılıram.
Xəzərin iki sahili arasında qurulan bu möhkəm körpülərin, dostluğun, strateji tərəfdaşlıq və müttəfiqliyin gələcəyinə əminliyim tamdır", - diplomat qeyd edib.
Xatırladaq ki, iyulun 28-də Qazaxıstandan geri çağırılan səfir Ağalar Atamoğlanovla bağlı hələ ki yeni təyinat sərəncamı verilməyib. O, 2021-ci ilin iyulundan Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsində çalışırdı.
A.Qorxmaz