Modern.az

Azad olunmuş ərazilərdə səhiyyə ilə bağlı böyük LAYİHƏ

Azad olunmuş ərazilərdə səhiyyə ilə bağlı böyük LAYİHƏ

Ölkə

28 İyul 2026, 23:23

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin əsas istiqamətlərindən biri müasir səhiyyə infrastrukturunun yaradılması və bu istiqamətdə işlərin mərhələli şəkildə davam etməsidir.

Modern.az xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə birgə müsahibəsində səsləndirib.

“Bu çox vacib məsələdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Ordumuzun azad etdiyi ərazilərdə öz doğma torpaqlarına qayıdan soydaşlarımız üçün faktiki olaraq tam sıfırdan yenidən salınan yaşayış məntəqələrinin, şəhərlərin və kəndlərin bərpasının ayrılmaz hissəsi həmin ərazilərdə səhiyyə sisteminin qurulmasıdır. Səhiyyə sistemi dedikdə biz ilkin səhiyyə xidmətlərindən başlayaraq ikinci səviyyəli xəstəxanaların tikintisindən danışırıq. İlkin səhiyyə xidmətlərinə kənd tibb məntəqələri, həkim məntəqələri, ailə sağlamlıq mərkəzləri və rayon mərkəzi xəstəxanaları daxildir. Səhiyyə Nazirliyinin öhdəliyinə məhz 8 rayon mərkəzi xəstəxanasının və 10 xüsusi ixtisaslaşmış tibb mərkəzinin tikilməsi daxildir. Bu mərkəzlər tikildikdən sonra Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təhvil verilərək əhalimizin xidmətinə təqdim olunacaq”.

Nazir vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə ilk layihə Şuşada reallaşdırılıb:

“İlk layihəmiz məhz Şuşada həyata keçirildi. Bildiyiniz kimi, Şuşa Müalicə-Sağlamlıq Mərkəzi tikilərək istifadəyə verildi. Bu, unikal mərkəzdir. Ümumi çarpayı fondu 90 çarpayıdır. Onlardan 50-si ümumi təyinatlı xəstəxana çarpayılarıdır. Buraya cərrahiyyə, doğum və uşaq şöbələri daxildir. Digər tərəfdən isə həmin mərkəzdə sanator-kurort xidmətləri də göstəriləcək. Bunun üçün ayrıca 40 çarpayı ayrılıb. Hələ sovet dövründə Şuşada məşhur Turşsu sanatoriyası fəaliyyət göstərirdi və insanların şəfa tapdığı bir məkana çevrilmişdi. Belə qərar qəbul olundu ki, məhz Şuşa Müalicə-Sağlamlıq Mərkəzində də bu xidmətlər əhalimizə təqdim olunsun, onların əlçatanlığı təmin edilsin və məşhur Turşsunun şəfaverici xüsusiyyətlərindən istifadə edilərək əhalimizin xidmətinə verilsin. Hazırda xəstəxana fəaliyyətə başlayıb. İnanırıq ki, qısa müddətdə tam gücü ilə fəaliyyət göstərəcək”, - deyə T.Musayev qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan SƏRT REAKSİYA: Putindən İlham Əliyevə zəng - NƏ BAŞ VERİR?