Azərbaycanda dövlətə məxsus "Aqrarkredit" Bank Olmayan Kredit Təşkilatı QSC-dən kənd təsərrüfatının maliyyələşdirilməsi adı ilə ayrılan 100 milyon manatdan artıq kredit vəsaitinin təyinatı üzrə istifadə olunmadığı barədə məlumat yayılıb. Bildirilir ki, qanun pozuntusu ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.
Məlumata görə, əməliyyat nəticəsində bir neçə şirkət rəhbəri və onlarla əlbir olmaqda şübhəli bilinən şəxslər saxlanılıb. İstintaqın ilkin versiyasına əsasən, onlar kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi adı ilə "Aqrarkredit" QSC-dən əldə etdikləri kreditləri təyinatı üzrə istifadə etməyərək şəxsi ehtiyaclara yönləndiriblər.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İddialara görə, istintaq çərçivəsində "Aqrarkredit" QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır. İstintaq materiallarına əsasən, həbs olunan şəxslərin onunla əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törətdikləri iddia olunur.
Modern.az "Aqrarkredit" BOKT ilə bağlı yayılan məlumatlara Azərbaycan Sahibkarlar Konfederasiyasından münasibət pyrənməyə çalışıb.
Konfederasiyanın Mətbuat xidmətinin rəhbəri İlhamə Abdullayeva saytımıza açıqlamasında bildirib ki, yayılan məlumatların bu qurumun fəaliyyəti ilə əlaqəsi yoxdur:
"Məlumatlar Konfederasiya ilə bağlı deyil, "Aqrarkredit"lə bağlıdır. Konfederasiyanın fəaliyyətində isə hər hansı bir pozuntu aşkar olunmayıb. Ona görə "Aqrarkredit"lə əlaqə saxlayın. Biz başqa bir qurumun fəaliyyəti ilə bağlı iddialara münasibət bildirə bilmərik", - Konfederasiya rəsmisi qeyd edib.
Yayılan iddialarla bağlı "Aqrarkredit" QSC ilə də əlaqə saxladıq.
Qurumdan mətbuat xidməti üzrə adını açıqlamayan məsul şəxsi hazırda məzuniyyətdə olduğunu əsas gətirərərk məsələ ilə bağlı əlaqələndirməyin mümkün olmadığı bildirərək suallardan yayındı.
O, "Aqrarkredit" QSC-nin fəaliyyəti ilə bağlı yoxlamaların aparıldığına dair iddialara dair onlarda hər hansı məlumat olmadığını bildirdi.
"Bizdə məlumat yoxdur. Məlumat bizim tərəfimizdən yayılmayıb, başqa yerdən yayılıb".