Prezident İlham Əliyevin sərəncamı ilə Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Belə ki, Azərbaycan və Macarıstan arasında son illər siyasi dialoq, enerji, iqtisadiyyat, nəqliyyat, investisiya, təhsil və humanitar sahələrdə əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Rəsmi Bakı Macarıstanı Avropadakı etibarlı tərəfdaşlarından biri kimi qiymətləndirir və iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində qarşılıqlı siyasi iradə nümayiş etdirilir. Bu fonda qadın diplomatın bu mühüm vəzifəyə təyin olunması diplomatik xidmətdə qadınların artan rolunu da yenidən gündəmə gətirir.
Təyinatın ikitərəfli münasibətlər və diplomatik xidmət baxımından əhəmiyyətini Modern.az-a şərh edən Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nəsib Məhəməliyev qeyd edib ki, Macarıstana xanım diplomatın səfir təyin olunması müsbət hal kimi qiymətləndirilməlidir.
"Macarıstan, Azərbaycanın strateji müttəfiqidir. Avropanın mərkəzində yerləşən, kifayət qədər inkişaf etmiş ölkədir. Avropa dəyərlərinə bələd, müasir düşüncəli xanımın təyinatı, ümumilikdə Azərbaycan qadınları barədə müsbət imic formalaşdırır. Təyinatın, iki ölkə arasında hansı yeni imkanlar açmasına gəldikdə, burada qadın və yaxud kişi fərq etməz. Bir çox məsələlər kadrların şəxsi işgüzar keyfiyətlərindən, peşəkar hazırlıqlarından asılıdır.
Hər bir ölkənin xarici siyasətini dövlət başçıları müəyyənləşdirir. Səfirlər isə əsasən mərkəzdən verilmiş direktiv tapşırıqları yerinə yetirir. Təmsil olunduqları ölkələrin inkişaf etmiş təcrübələrinin öyrənilməsi, tətbiq olunmasında, Azərbaycan tarixinin, mədəniyyətinin təbliğində töhfələrini verirlər".

Deputat xatırladıb ki, müstəqillik illərində, ələlxüsus Viktor Orban hakimiyyəti dövründə ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyədə inkişaf etdirilib:
"Düşünürəm ki, yeni administrasiya ilə formalaşmış əməkdaşlıq davam etdirilməlidir. Süni intellekt, energetika, İKT, kənd təsərrüfatının inkişafı, ərzaq məhsullarının emalı, humanitar və turizm sahələrində əməkdaşlıq üçün kifayət qədər potensial var. Macar turistlərin ölkəmizə səfərləri təşkil olunmalıdır. Macarlstan TDT-da müşahidəçi statusuna malikdir. Təşkilatın daha da güclənməsi üçün Macarıstanın imkanlarından istifadə olunmalıdır".
N.Məhəməliyev onu da diqqətə çatdırıb ki, qadın diplomatlarının sayının artması yaxşı haldır:
"İstənilən cəmiyyətdə qadınlar balanslaşdırıcı rol oynayır. Kişilər qadınlarla rastlaşdıqda, istər-istəməz özlərini yığışdırır, hörmətlə yanaşır, aqressivlik nümayiş etdirmirlər. Əgər, əks tərəfin qanında alicənablıq varsa, tərəflər arasında etimad mühiti artır. Xanım diplomatın toxunduğu məsələlərə həssaslıqla yanaşılır. Bir daha vurğulayıram, əsas məsələ, şəxsi keyfiyətlərdir".