Azərbaycanda Türkiyənin məşhur seriallarına aktyor seçimi adı altında vətəndaşların aldadıldığı və pulunun mənimsənildiyi iddia olunur. Məsələ ilə bağlı redaksiyamıza kütləvi şikayət daxil olub.
Modern.az-a verilən məlumata görə, sosial şəbəkələrdə “Devin Medya Akademi” tərəfindən yayımlanan reklamlarda Türkiyənin populyar seriallarının adları, afişaları və tanınmış aktyorlarının görüntülərindən qanunsuz istifadə edilir. Şirkət reklamlarda özünü "Serialın səlahiyyətli agentliyi" kimi təqdim etsə də, Türkiyədəki həmin film şirkətləri ilə əlaqə saxlanıldıqda belə bir agentliyi tanımadıqlarını və heç bir rəsmi əməkdaşlıqlarının olmadığını bildiriblər.
Müraciət edən vətəndaşların sözlərinə görə, dələduzluq mexanizmi sosial şəbəkə reklamları üzərindən işləyir. Belə ki, istifadəçi reklama klikləyərək ad, soyad və WhatsApp nömrəsini daxil edir. Qeydiyyatdan bir neçə saat sonra isə vətəndaşla əlaqə saxlanılır. Qeyd edək ki, zəng olunan nömrə “GetContact” tətbiqində çoxsaylı istifadəçilər tərəfindən "yüksək riskli nömrə", spam və dələduzluq şübhəsi ilə işarələnib.

Zəng zamanı vətəndaşlar pulsuz qeydiyyata dəvət olunsalar da, məkana yaxınlaşdıqda “blank doldurma haqqı” adı ilə 20 manat, seriallarda iştirak etmək üçün isə 1000 manatadək pul tələb olunur.
Daha əvvəl şirkətdə hüquqşünas işləmiş, lakin sonradan oradakı qanunsuzluqlara görə ayrılmış Xəyal Məmmədov Modern.az-a danışaraq bir çox faktları açıqlayıb. O bildirib ki, hazırda bu məsələyə görə 100-dən çox zərərçəkən vətəndaşın hüquqlarını təmənnasız müdafiə edir:
"Yaşanan qanunsuzluqların, vergidənyayınma hallarının çoxalması nəticəsində könüllü olaraq fəaliyyətimi dayandırdım. Biz Xalq artisti Nürəddin Mehdixanlı ilə birgə oradan ayrıldıq. Hazırda zərərçəkmiş vətəndaşlara təmənnasız köməklik göstərirəm.
Türkiyədəki serial heyətləri ilə əlaqə saxladıq. Onlar "Devin Medya" adında rəsmi agentlik tanımadıqlarını və bu cür saxta adlardan istifadə hallarına digər ölkələrdə də rast gəldiklərini dedilər. Şirkət "səlahiyyətli agentlik" olduğunu iddia edirsə, müqaviləsini təqdim etməlidir".

Hüquqşünas əlavə edib ki, "Reklam haqqında" Qanunun 5-ci və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 13-cü maddələrinə əsasən, istehlakçıya dürüst məlumat verilməlidir. Başqasına məxsus müəllif hüquqlarının, loqo və marka adlarının icazəsiz istifadəsi isə ayrıca cinayət məsuliyyəti yaradır.
Qeyd edək ki, bu, “Devin Medya Akademi” ilə bağlı yaşanan ilk qalmaqal deyil. Şirkət bundan əvvəl də 3 aylıq aktyorluq kursu adı ilə vətəndaşlardan 600 manat pul tələb etməkdə ittiham olunurdu. Hətta WhatsApp qrupuna əlavə edilmək üçün 871 nəfərin hər birindən 20 manat alındığı iddia olunmuşdu.
Şirkətin elanlarında Xalq artisti Həmidə Ömərova və Pərviz Malik kimi tanınmış şəxslərin dərs deyəcəyi iddia edilirdi.
Həmin zaman məsələ ilə bağlı danışan Xalq artisti Həmidə Ömərova adından icazəsiz istifadə olunduğunu təsdiqləmişdi:
"Yayda bir nəfər zəng edib belə bir kurs açıldıqlarını dedi və dərs deməyimi təklif etdi. Çəkilişlərim olduğu üçün vaxtımın olmadığını bildirib təklifi qəbul etmədim. O vaxtdan bəri onlarla heç bir əlaqəm olmayıb. Vətəndaşlardan öncədən pul alınması barədə isə ümumiyyətlə məlumatım yoxdur".
