Modern.az

Həkimlər üçün yeni qayda: imtahansız keçmək mümkün olacaq?

Həkimlər üçün yeni qayda: imtahansız keçmək mümkün olacaq?

Ölkə

Bu gün, 08:40

Səhiyyə naziri Teymur Musayev həkimlərin sertifikasiya sistemi ilə bağlı yeni yanaşmanın tətbiq ediləcəyini açıqlayıb. Yeni mexanizmə əsasən, həkimlər gələcəkdə hər 5 ildən bir yalnız sertifikasiya imtahanı verməklə deyil, həm də Davamlı Peşəkar İnkişaf (DPİ) proqramı çərçivəsində topladıqları kreditlər əsasında sertifikasiyadan keçə biləcəklər. Gözlənilən dəyişikliklərin həkimlərin peşə hazırlığına, tibbi xidmətin keyfiyyətinə və ümumilikdə səhiyyə sisteminə necə təsir göstərəcəyi isə müzakirə mövzusuna çevrilir. 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, sertifikasiya sistemində nəzərdə tutulan yeni yanaşma beynəlxalq təcrübəyə uyğundur və müasir səhiyyə sistemlərində tətbiq olunan müsbət modelə əsaslanır.

"Tibb elmi sürətlə inkişaf edir, yeni diaqnostika və müalicə üsulları meydana çıxır. Buna görə də həkimin yalnız beş ildən bir imtahan verməsi deyil, həmin müddət ərzində davamlı şəkildə bilik və bacarıqlarını yeniləməsi daha vacibdir. DPİ kredit sistemi həkimləri elmi konfranslarda, təlimlərdə, ixtisasartırma proqramlarında iştirak etməyə, elmi fəaliyyətlə məşğul olmağa təşviq edir. Nəticədə bu, göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə və pasiyent təhlükəsizliyinin daha etibarlı təmin olunmasına xidmət edəcək".

Deputat hesab edir ki, ən düzgün yanaşma bu iki mexanizmin bir-birini tamamlamasıdır:

"Qanunvericiliyə olan dəyişikliklərdə də məhz bu istiqamət secilmişdir. Təkcə imtahan həkimin beş il ərzində peşəkar inkişafını tam qiymətləndirə bilmir. Eyni zamanda yalnız kredit toplamaq da kifayət deyil. Əsas məqsəd formal kredit yığımı deyil, real bilik və praktik bacarıqların artırılması olmalıdır. Ona görə də DPİ sistemi ilə obyektiv qiymətləndirmə mexanizmlərinin uzlaşdırılması daha səmərəli nəticə verə bilər. Belə model həm davamlı öyrənməni təşviq edir, həm də peşə hazırlığının mütəmadi qiymətləndirilməsini təmin edir".

Deputatın fikrincə, bu dəyişikliklərin tətbiqi zamanı şəffaflığın və obyektiv qiymətləndirmənin təmin olunması üçün bir neçə prinsip xüsusi əhəmiyyət daşıyır.

"İlk növbədə, DPİ kreditlərinin verilməsi üçün vahid və şəffaf elektron qeydiyyat sistemi yaradılmalıdır. Kredit verən təlim və tədbirlər akkreditasiyadan keçməli, onların keyfiyyətinə mütəmadi nəzarət olunmalıdır. Hər bir həkimin topladığı kreditlər rəqəmsal platformada izlənilməli, qiymətləndirmə meyarları əvvəlcədən açıq şəkildə müəyyən edilməlidir. Eyni zamanda apellyasiya mexanizmləri də əlçatan olmalıdır ki, həkimlər hər hansı narazılıq yarandıqda hüquqlarını müdafiə edə bilsinlər.Bu amillərin əksəriyyəti hörmətli Teymur Musayev qeyd etdiyi kimi, nəzərə alınmışdır".

M.Məmmədli onu da əlavə edib ki, islahat düzgün və şəffaf şəkildə tətbiq olunarsa, ölkəmizdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə, həkimlərin peşəkar inkişafının davamlı xarakter almasına və səhiyyə sistemində beynəlxalq standartlara daha da yaxınlaşmağa mühüm töhfə verəcək:

"DPİ sisteminin əsas məqsədi təkcə imtahanı əvəz etmək deyil, həkimlərdə ömürboyu öyrənmə mədəniyyətini formalaşdırmaq məqsədi daşıyır. Bu yanaşma həm tibb işçilərinin, həm də pasiyentlərin maraqlarına xidmət edir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusların kütləvi qaçışı başladı: Ermənistanda kirayə mənzil axtarışı