Modern.az

Azərbaycan–Qırğızıstan müttəfiqliyi strateji zərurətdən doğub - Deputat

Azərbaycan–Qırğızıstan müttəfiqliyi strateji zərurətdən doğub - Deputat

Ölkə

Bu gün, 14:20

“Beynəlxalq münasibətlər sistemində müttəfiqlik münasibətləri təsadüfən formalaşmır. Onlar uzun illər ərzində qarşılıqlı etimadın möhkəmlənməsi, strateji maraqların üst-üstə düşməsi və dövlətlərin bir-biri qarşısında uzunmüddətli öhdəliklər götürməyə hazır olmasının nəticəsidir. Məhz buna görə Azərbaycan ilə Qırğızıstan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması protokol xarakterli hadisə kimi deyil, ikitərəfli əməkdaşlığın ardıcıl inkişafının məntiqi yekunu kimi qiymətləndirilməlidir”.

Bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva Modern.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son illər Bakı ilə Bişkek arasında münasibətlər həm məzmun, həm də miqyas baxımından əhəmiyyətli dərəcədə inkişaf edib.

"Dövlət başçıları səviyyəsində intensiv dialoq, parlamentlərarası əməkdaşlığın genişlənməsi, iqtisadi əlaqələrin gücləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində mövqelərin uzlaşdırılması münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi üçün möhkəm zəmin formalaşdırıb. Bununla belə, haqlı sual yaranır: nə üçün münasibətlərin məhz indi müttəfiqlik səviyyəsinə qaldırılması barədə qərar qəbul edildi? Bu sualın cavabını yalnız ikitərəfli münasibətlərdə deyil, bütövlükdə Avrasiya məkanında baş verən geosiyasi dəyişikliklərdə axtarmaq lazımdır. Son illərdə Mərkəzi Asiya qlobal iqtisadi və siyasi proseslərdə çəkisi sürətlə artan regionlardan birinə çevrilib. Dünya iqtisadiyyatında baş verən transformasiyalar, yeni logistika marşrutlarının formalaşması və iqtisadi inkişaf mərkəzlərinin dəyişməsi dövlətlər arasında etibarlı və uzunmüddətli tərəfdaşlıqların əhəmiyyətini daha da artırır".

O qeyd edib ki, məhz bu kontekstdə Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq yeni məzmun qazanır. Hər iki ölkə qısamüddətli layihələrə deyil, siyasi etimada və praktiki əməkdaşlığa əsaslanan uzunmüddətli tərəfdaşlıq modelinin formalaşdırılmasına üstünlük verir. Müttəfiqlik müqaviləsi bir tərəfdən mövcud münasibətlərin əldə etdiyi səviyyəni rəsmiləşdirir, digər tərəfdən isə gələcək əməkdaşlığın daha geniş perspektivlərini müəyyənləşdirir.



Deputat bildirib ki, diqqətçəkən məqamlardan biri də siyasi razılaşmaların konkret iqtisadi qərarlarla müşayiət olunmasıdır. Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon dollara çatdırılması göstərir ki, tərəflər iqtisadi əməkdaşlığı strateji tərəfdaşlığın əsas dayaqlarından biri hesab edirlər. Müasir diplomatiyada məhz belə mexanizmlər siyasi etimadı real investisiya layihələrinə və uzunmüddətli iqtisadi əməkdaşlığa çevirməyə imkan verir. Eyni zamanda, Azərbaycan ilə Qırğızıstan münasibətlərinin əsas xüsusiyyətlərindən biri onların bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmasıdır. Beynəlxalq münasibətlər sistemində dərin dəyişikliklərin yaşandığı bir dövrdə belə əməkdaşlıq modeli xüsusi əhəmiyyət kəsb edir. Bu münasibətlər hər hansı siyasi təzyiqə və ya birtərəfli asılılığa deyil, milli maraqların uzlaşmasına və qarşılıqlı faydaya əsaslanır.

Millət vəkili deyib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycanın xarici siyasətində müşahidə olunan daha bir mühüm tendensiyanı da təsdiqləyir. Bu gün Azərbaycan yalnız ikitərəfli əlaqələrin inkişafına deyil, eyni zamanda regionda dayanıqlı tərəfdaşlıq şəbəkəsinin formalaşdırılmasına xüsusi önəm verir. Mərkəzi Asiya ölkələri ilə münasibətlərin ardıcıl şəkildə dərinləşdirilməsi Bakının regional əməkdaşlığa uzunmüddətli strateji baxışının göstəricisidir.

“Bu baxımdan, Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış Müttəfiqlik Müqaviləsinin əhəmiyyəti ikitərəfli münasibətlərin çərçivəsindən kənara çıxır. Bu sənəd iki ölkə arasında formalaşmış yüksək etimad səviyyəsini təsdiqləməklə yanaşı, müasir dövrdə müttəfiqliyin yalnız siyasi status deyil, həm də birgə inkişafı təmin edən praktik əməkdaşlıq mexanizmi olduğunu nümayiş etdirir. Məhz bu amil Azərbaycan–Qırğızıstan münasibətlərinin yeni mərhələsinin əsas mahiyyətini təşkil edir və regional əməkdaşlığın gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır”,- deyə Sevinc Fətəliyeva vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı silkələyən SƏFƏRBƏRLİK: Azərbaycanlılar gözləyən təhlükə