Son illərdə kitabxanalarda rəqəmsallaşma prosesinin sürətlənməsi kitabxana əməkdaşlarının peşəkar hazırlığının gücləndirilməsini zəruri edib.
Bunu Azərbaycan Milli Kitabxanasının Elmi işlər və Kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova Modern.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü ildən etibarən kitabxana əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması istiqamətində sistemli ixtisasartırma proqramları həyata keçirilir.
"İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və kitabxana xidmətlərinin rəqəmsallaşması nəzərə alınaraq, ölkənin bütün regionlarını əhatə edən genişmiqyaslı təlim proqramlarına başlanılıb. Məqsəd kitabxana əməkdaşlarının müasir rəqəmsal alətlərlə işləmək bacarıqlarını artırmaq, elektron xidmətlərin keyfiyyətini yüksəltmək və kitabxanalarda vahid idarəetmə sisteminin formalaşdırılmasını təmin etməkdir".
Ə.İsmayılova bildirib ki, həyata keçirilən əsas layihələrdən biri Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə Koha Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin (AKİS) tətbiqinə dair təlimlərin keçirilməsi olub.
"Bu təlimlərdə Bakı və region kitabxanalarının əməkdaşları iştirak ediblər. Onlar MARC 21 beynəlxalq biblioqrafik formatı əsasında elektron kataloqlaşdırma, biblioqrafik yazıların hazırlanması, elektron kataloqun təşkili, oxuculara elektron xidmətlərin göstərilməsi və Koha sisteminin bütün modulları üzrə praktiki biliklər əldə ediblər. Bunun nəticəsində kitabxana-informasiya proseslərinin rəqəmsallaşdırılması, vahid biblioqrafik uçotun formalaşdırılması və istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində mühüm nəticələr əldə olunub".
Direktor müavini qeyd edib ki, təlimlər yalnız nəzəri biliklərlə məhdudlaşmayıb.
"2023-cü ildə Türkiyədən dəvət olunan mütəxəssislərin iştirakı ilə pilot təlimlər keçirilib. Daha sonra regional kitabxanalara ezamiyyələr təşkil olunub, kompüter avadanlıqları quraşdırılıb, Koha sisteminə qoşulma təmin edilib, əməkdaşlara metodiki dəstək göstərilib. Regionlarda əyani və onlayn təlimlər, monitorinqlər və praktiki məşğələlər təşkil olunub, tətbiq zamanı yaranan problemlər yerində araşdırılaraq aradan qaldırılıb".
Ə.İsmayılovanın sözlərinə görə, 2025-ci ildə "Mədəniyyət rüzgarı" proqramı çərçivəsində Şəki və Gəncədə kitabxana əməkdaşları üçün geniş təlimlər keçirilib.
"Həmin təlimlərdə elektron informasiya xidmətlərinin təşkili, innovativ texnologiyaların kitabxana işində tətbiqi və Koha sisteminin istifadəsi mövzularına xüsusi diqqət yetirilib. İl ərzində müxtəlif regionlarda ixtisaslaşmış təlimlər davam etdirilib, ezamiyyələr təşkil olunub və əməkdaşlara praktiki tövsiyələr verilib. Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirilən təlimlər nəticəsində Koha proqram təminatı daha da təkmilləşdirilib".
O bildirib ki, 2026-cı ildən etibarən Koha sistemində həyata keçirilən yeniliklər əsasında bütün regional kitabxanalar üçün yeni onlayn təlim mərhələsinə başlanılıb.
"Eyni zamanda Milli Kitabxana tərəfindən rəqəmsal kitabxana mühitinin formalaşdırılması, elektron kataloqlaşdırma, MARC 21 standartının tətbiqi və elektron resursların idarə olunması mövzularında seminar və vebinarlar keçirilir. Bu təlimlər kitabxana əməkdaşlarının həm nəzəri biliklərini, həm də praktiki bacarıqlarını daha da gücləndirir".
Ədibə İsmayılova vurğulayıb ki, həyata keçirilən tədbirlər nəticəsində ölkədə kitabxana-informasiya xidmətlərinin vahid standartlar əsasında inkişafı təmin olunur.
"Formalaşdırılan bilik və bacarıqlar kitabxanaların rəqəmsal transformasiyasını sürətləndirir, istifadəçilərə təqdim olunan xidmətlərin keyfiyyətini artırır və kitabxana şəbəkəsində müasir idarəetmə yanaşmalarının tətbiqinə geniş imkan yaradır".