Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul olunması regionda geostrateji balansı köklü şəkildə dəyişdirmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğızıstana etdiyi dövlət səfəri zamanı Bakı ilə Bişkek arasında imzalanmış müttəfiqlik müqaviləsi isə bu çoxtərəfli platformanın daxili dinamikasına və səmərəliliyinə misilsiz bir təkan verir, Mərkəzi Asiyanın geosiyasi arxitekturasını dəyişdirir. Əgər əvvəllər Azərbaycan Qazaxıstan və Özbəkistanla sıx müttəfiqlik əlaqələrinə arxalanırdısa, indi Qırğızıstanla da eyni səviyyəli münasibətlərin qurulması Məşvərət Şurası çərçivəsində daha sabit və sarsılmaz bir siyasi dialoq mühiti formalaşdırır.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Modern.az-a açıqlamasında qeyd edib.
K.Bayramov bildirib ki, bu tarixi addım Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi məkan kimi birləşməsi prosesini sürətləndirir. Dünya okeanına birbaşa çıxışı olmayan Qırğızıstan Azərbaycanın zəngin loqistik imkanlarından və artırılmış birgə investisiya fondundan bəhrələnərək Xəzər hövzəsinin infrastrukturuna birbaşa çıxış əldə edir. Bu isə öz növbəsində Məşvərət Şurasına daxil olan bütün altı dövlətin nəqliyyat-loqistika zəncirini daha dayanıqlı edir və Orta Dəhlizin ötürücülük qabiliyyətini maksimuma çatdırır.

Deputatın sözlərinə görə, energetika və ekologiya sahəsindəki əməkdaşlıq da çoxtərəfli format üçün yeni üfüqlər açır. Qırğızıstanın böyük su elektrik potenasialı ilə Azərbaycanın bərpa olunan enerji və yaşıl tranzit sahəsindəki təcrübəsi qovuşaraq bütün region üçün vahid energetika strategiyasının hazırlanmasını stimullaşdırır.
K.Bayramov həmçinin vurğulayıb ki, bu müttəfiqlik Türk Dövlətləri Təşkilatı ilə Məşvərət Şurası arasındakı funksional kəsişmələri daha ahəngdar edir, təkrarlanmanın qarşısını alır. Nəticədə Azərbaycan Mərkəzi Asiyada kənardan dəvət olunmuş tərəfdaş kimi deyil, regionun gələcək inkişaf modelini və təhlükəsizlik arxitekturasını fəal şəkildə quran əsas aktorlardan biri kimi mövqeyini yekun olaraq möhkəmləndirir.