Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Səfər zamanı imzalanan sənədlər, qəbul edilən qərarlar və verilən siyasi mesajlar əməkdaşlığın artıq strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyini nümayiş etdirir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfərini şərh edərkən deyib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" fikri səfərin siyasi mahiyyətini ən dolğun şəkildə ifadə edir.
"Bu bəyanat təkcə iki ölkə arasında münasibətlərin hüquqi statusunun yüksəldilməsi deyil, eyni zamanda gələcək onilliklər üçün müəyyən edilən ortaq siyasi kursun, qarşılıqlı etimadın və strateji baxışın ifadəsidir. Müttəfiqlik münasibətlərinin qurulması Azərbaycan xarici siyasətinin son illərdə əldə etdiyi mühüm diplomatik nailiyyətlərdən biri kimi qiymətləndirilə bilər".
Mehriban Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazla Mərkəzi Asiya arasında etibarlı siyasi və iqtisadi körpü rolunu daha da möhkəmləndirib.
Deputat qeyd edib ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlər artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, bütövlükdə Türk dünyasının inteqrasiyasının mühüm sütunlarından biri kimi inkişaf edir.
Onun sözlərinə görə, səfər zamanı imzalanan sənədlər iqtisadiyyat, investisiya, energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, təhsil, mədəniyyət, humanitar əməkdaşlıq və rəqəmsal inkişaf kimi sahələri əhatə etməklə münasibətlərin sistemli xarakter aldığını nümayiş etdirib.
Deputat Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının 200 milyon dollara çatdırılmasını da səfərin mühüm nəticələrindən biri kimi qiymətləndirib. Onun fikrincə, bu qərar iki ölkə arasında iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir və birgə layihələrin genişlənməsinə, yeni istehsal sahələrinin yaradılmasına, məşğulluğun artmasına xidmət edəcək.
Mehriban Vəliyeva bildirib ki, İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin dəstəyi ilə inşa edilən "Baku Resort & SPA" hoteli də iki ölkə arasında strateji dostluğun və iqtisadi əməkdaşlığın simvolu hesab oluna bilər.
Deputat Qarabağın bərpasına Qırğızıstanın verdiyi dəstəyi də xüsusi vurğulayıb. O qeyd edib ki, Ağdamda tikilən "Manas" məktəbi Azərbaycan–Qırğız qardaşlığının və Türk dövlətləri arasında həmrəyliyin konkret nümunəsidir.
Mehriban Vəliyevanın sözlərinə görə, Çingiz Aytmatovun Bakıda abidəsinin və parkının açılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının yaradılması, qarşılıqlı Mədəniyyət Günlərinin təşkili xalqlar arasında mənəvi bağların daha da möhkəmləndiyini göstərir.
Deputat Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsini də mühüm siyasi hadisə adlandırıb. Onun fikrincə, bu qərar Azərbaycanın Mərkəzi Asiya siyasətində yeni mərhələnin başlandığını və ölkənin regionun strateji tərəfdaşına çevrildiyini göstərir.
Mehriban Vəliyeva bildirib ki, səfər çərçivəsində qəbul edilən Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi dialoq, iqtisadi inteqrasiya, enerji, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın inkişafı üçün mühüm hüquqi-siyasi baza rolunu oynayacaq.
Deputatın fikrincə, Prezident İlham Əliyevin Qırğızıstanın I dərəcəli "Manas" ordeni, Prezident Sadır Japarovun isə Azərbaycanın "Heydər Əliyev" ordeni ilə təltif edilməsi iki ölkə arasında formalaşmış yüksək etimadın və strateji tərəfdaşlığın rəmzidir.
Mehriban Vəliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri göstərdi ki, Bakı ilə Bişkek arasında münasibətlər artıq dostluq və tərəfdaşlıq mərhələsini geridə qoyaraq müttəfiqlik səviyyəsinə yüksəlib. Onun sözlərinə görə, bu əməkdaşlıq gələcəkdə Türk dünyasının siyasi həmrəyliyinin, iqtisadi inteqrasiyasının və regional əməkdaşlığının daha da güclənməsinə mühüm töhfə verəcək.