Modern.az

Diaspor düşərgəsi iştirakçısı: “Vətənimə nə qədər bağlı olduğumu bir daha anladım”

Diaspor düşərgəsi iştirakçısı: “Vətənimə nə qədər bağlı olduğumu bir daha anladım”

Ölkə

Bu gün, 18:40

Qarabağın Zəngilan rayonunda “Dirçələn şəhərlər” mövzusunda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində iştirak edən xaricdə təhsil alan azərbaycanlı tələbələr akademik fəaliyyətləri və diasporla əlaqələri barədə fikirlərini bölüşüblər. Onlar təhsil aldıqları ölkələrdə qazandıqları bilik və təcrübəni Azərbaycanla paylaşmağın vacibliyini vurğulayaraq, diaspor fəaliyyətinin milli kimliyin qorunması və ölkənin beynəlxalq təbliği baxımından əhəmiyyətini qeyd ediblər. Gənclər belə düşərgələrin müxtəlif ölkələrdə yaşayan azərbaycanlı tələbələr arasında əməkdaşlığın güclənməsinə, yeni layihələrin formalaşmasına və Vətənlə bağların daha da möhkəmlənməsinə töhfə verdiyini bildiriblər.

Çində magistr təhsili alan Şəbnəm Məmmədova Modern.az-a danışıb:

“Mən Şəbnəm Məmmədova magistr dərəcəsi üzrə Shaanxi Normal Universitetinin Beynəlxalq Çin dili təhsili ixtisasında təhsil almışam. Çin mənim ikinci Vətənimdir, ən gözəl illərimi məhz orda keçirmişəm. Çində yaşamaq nəinki Çin dili biliklərimi artırmağa, eyni zamanda həyat tərzimə də çox müsbət təsir etmişdir. Çində müsəlman çinlilərin daha çox yaşadığı Sian (Xian) şəhərində təhsil aldım. Xian, İpək yolunun başlandığı nöqtədir. Tarixi şəhər olduğuna görə hal-hazırda turistik və logistika sahəsi üzrə daha çox inkişaf edib. Qeyd edim ki, Azərbaycan da tarixi ipək yolunun keçdiyi əsas tranzit qovşağında yerləşdiyi üçün iki ölkə keçmişdən dostluq münasibətlərini qoruyub saxlaya bilmişdir. Mən hazırda isə Çin dili dərsləri tədris edir, Çində və Azərbaycanda dövlət və özəl sektorlarda tərcüməçi olaraq fəaliyyət göstərirəm. Çində hər zaman Azərbaycanın qədim irsindən söz açır, beynəlxalq mədəniyyət festivallarında, beynəlxalq yarışlarda Azərbaycanı təmsil edirəm. Arzum Çin və Azərbaycan dostluğuna mədəni, iqtisadi və təhsil sahəsində töhfə qazandırmaqdır. Nəhayət, Çində təhsilimi uğurla başa vurduqdan sonra Diaspor komitəsinin və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən gənclərin 7-ci yay düşərgəsində iştirak etmək şansı qazandım. Laçına ilk dəfə daxil olanda həm sevindim, həm də kədərləndim. Vətənimə nə qədər bağlı olduğumu bir daha anladım. Uzun müddətdir azad olunmuş torpaqlarımızı görmək istəyirdim. Laçında biz iştirakçılar üçün çox xoş qarşılanma oldu, 60-dan çox xarici ölkədə yaşayan həmyerlilərimizlə birgə yallı rəqsi oynadıq. Növbəti gün Zəngilana, düşərgənin açılış mərasimində iştirak üçün yola düşdük. Açılış çox təntənəli şəkildə qeyd olundu. Diaspor təşkilatının sədri Fuad Muradovun və bütün rəhbərlərin gənclərə olan məsləhətlərini dinlədik. Ümid edirəm ki, biz gənclər bizə edilən etimadı doğruldar, xarici ölkələrdə də vətənimizi ən yüksək şəkildə təmsil edərik”.

Sizə yeni x var
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var