Qarabağın Zəngilan rayonunda “Dirçələn şəhərlər” mövzusunda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimi keçirilib.
Zəngilan Konqres Mərkəzində təşkil olunan açılış mərasimində dövlət qurumlarının nümayəndələri, qonaqlar və dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclər iştirak edirlər.
Modern.az xəbər verir ki, düşərgənin açılış mərasimində iştirak edənlərdən biri də Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev olub. O, çıxışı zamanı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, bölgənin iqtisadi inkişaf perspektivləri, yaşıl enerji layihələri, logistika imkanları, eləcə də diaspor gənclərinin Azərbaycanın həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasındakı rolundan danışıb.
V.Hacıyev, bu düşərgənin yeni biliklərin, dostluqların və uğurlu əməkdaşlıqların başlanğıcı olacağını bildirib:
“Əziz qonaqlar, hər birinizi salamlayıram. Zəngilan və diaspor gənclərinin VII Yay Düşərgəsinə xoş gəlmisiniz.
Bu gün dünyanın müxtəlif ölkələrindən gəlmiş azərbaycanlı gənclərin burada bir araya toplanması çox əlamətdar hadisədir. Bilirəm ki, hər biriniz bilikli, vətənpərvər və yaradıcı gənclərsiniz. Bəziləriniz üçün bu, Azərbaycana ilk səfərdir, bəziləriniz üçün isə vətənə yenidən qayıdışdır. İnanıram ki, bu səfərdə Azərbaycanı öz gözlərinizlə görəcək və qəlbinizlə hiss edəcəksiniz.
Azərbaycan diasporu ölkəmizin beynəlxalq aləmdə tanıdılması, milli maraqlarımızın müdafiəsi və mədəni irsimizin təbliği istiqamətində mühüm rol oynayır. Bu işdə sizin – gənclərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Artıq Zəngilan, Cəbrayıl və digər yaşayış məntəqələrində insanlar doğma yurdlarına qayıdır, yeni evlər, məktəblər, yollar və digər infrastruktur layihələri istifadəyə verilir.
Bölgədə kənd təsərrüfatı, logistika, turizm və yaşıl enerji sahələri inkişaf etdirilir. Günəş və su elektrik stansiyalarının tikintisi davam edir, Zəngəzur dəhlizi, avtomobil və dəmir yolları, həmçinin Zəngilan Beynəlxalq Hava Limanı regionun logistik əhəmiyyətini daha da artırır.
Əziz gənclər, harada yaşamağınızdan asılı olmayaraq əsas missiyanız Azərbaycanın qazandığı uğurları, tarixi Zəfəri və ölkəmizin inkişafını yaşadığınız ölkələrdə doğru şəkildə təbliğ etmək, həmrəyliyimizi gücləndirməkdir.
İnanıram ki, bu düşərgə yeni biliklərin, dostluqların və uğurlu əməkdaşlıqların başlanğıcı olacaq. Diqqətinizə görə təşəkkür edir, hər birinizə uğurlar arzulayıram”.