Modern.az

“Azərbaycanlı olmağın qüruru ilə yanaşı məsuliyyətini də dərk edin” - Rektor

“Azərbaycanlı olmağın qüruru ilə yanaşı məsuliyyətini də dərk edin” - Rektor

Ölkə

Bu gün, 20:35

Bu gün “Lachin Resort and Spa” hotelindən Laçından Zəngilana doğru yola düşən diaspor gəncləri üçün Yay Düşərgəsinin açılışı keçirilib.

Düşərgənin açılış proqramı elmi hissə ilə başlayıb. Bu hissə çərçivəsində iştirakçılara Azərbaycanın tarixi, təhsili, milli dəyərləri və gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat verilib.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən əsas natiqlərdən biri olan Şahin Bayramov qonaqları salamlayaraq Qarabağ Universiteti, azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri və təhsilin bu prosesdəki mühüm rolu barədə fikirlərini bölüşüb.

Qarabağ universitetinin rektoru, universitetin əsas missiyalarından birinin yalnız savadlı mütəxəssislər deyil, həm də milli dəyərlərə sadiq, Azərbaycanın maraqlarını qoruyan, müstəqilliyimizin əhəmiyyətini dərk edən layiqli vətəndaşlar yetişdirmək olduğunu bildirib:

“Hörmətli qonaqlar, əziz gənclər, diaspor nümayəndələri və təhsil sahəsində fəaliyyət göstərən dəyərli iştirakçılar!
Sizi bu gün Zəngilanda, doğma torpaqlarımızda yaradılmış ali təhsil ocaqlarından biri olan Qarabağ Universitetinin adından salamlayıram. Bu möhtəşəm tədbirdə sizinlə birlikdə olmaqdan böyük məmnunluq və qürur hissi keçirirəm.
Əziz gənclərimizin bir araya gəldiyi bu Yay Düşərgəsinin təşkilində göstərdiyi dəstəyə görə bütün təşkilatçılara təşəkkürümü bildirirəm. Belə bir auditoriyada, belə dəyərli fikir mübadilələrinin aparıldığı bir proqramın iştirakçısı olmaq bizim üçün böyük şərəfdir.
Bu düşərgə yalnız bir görüş və ya tədbir deyil. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin öz milli kimliyini, tarixini, mədəniyyətini və dilini daha yaxından tanıması, Azərbaycan sevgisini daha da gücləndirməsi baxımından çox mühüm bir layihədir.
Bu gün burada çıxış edən dəyərli natiqlərimizin fikirləri də göstərdi ki, torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizə və əldə olunan tarixi Zəfər hər bir azərbaycanlının qəlbində böyük qürur hissi yaradıb.
Təhsil isə bu böyük quruculuq prosesinin əsas istiqamətlərindən biridir. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə yeni təhsil infrastrukturu yaradılır, gənclərimizin gələcəyi üçün mühüm addımlar atılır.
Bu gün Qarabağ Universiteti həmin strateji məqsədlərin mühüm nəticələrindən biridir. Qarabağ Universiteti yalnız müasir təhsil verən ali məktəb deyil, eyni zamanda milli dəyərlərə bağlı, vətənpərvər və layiqli vətəndaşların yetişdirildiyi bir elm və təhsil mərkəzidir.
Universitetimizin qarşısında duran əsas məqsədlərdən biri dünya səviyyəli ali təhsil ocağına çevrilməkdir. Adında Qarabağ kimi müqəddəs bir söz daşıyan bu universitetin yüksək standartlara cavab verməsi bizim üçün xüsusi məsuliyyətdir.
Bu gün Qarabağ Universitetində minlərlə Azərbaycan gənci təhsil alır və universitet sürətlə inkişaf edir. Burada yaradılan müasir infrastruktur, geniş imkanlar və həyata keçirilən layihələr gələcək nəsillər üçün mühüm əhəmiyyət daşıyır.
Biz inanırıq ki, universitetimizin əsas missiyalarından biri yalnız savadlı mütəxəssislər deyil, həm də milli dəyərlərə sadiq, Azərbaycanın maraqlarını qoruyan, müstəqilliyimizin əhəmiyyətini dərk edən layiqli vətəndaşlar yetişdirməkdir.
Əziz gənclər!
Bu Yay Düşərgəsi sizin həyatınızda xüsusi yer tutacaq bir həftə olacaq. Burada Azərbaycanın tarixi, mədəniyyəti, dili və milli dəyərləri ilə daha yaxından tanış olmaq imkanınız olacaq.
Xüsusilə vurğulamaq istəyirəm ki, ana dilimiz bizim ən böyük sərvətlərimizdən biridir. Dilimizi qorumaq, onu sevmək və gələcək nəsillərə ötürmək hər birimizin vəzifəsidir.
Tarixi Zəfərdən sonra Azərbaycan xalqının özünəinamı və milli qüruru daha da artıb. Bu gün "Zəfər", "Qarabağ", "Şuşa" kimi sözlər hər bir azərbaycanlının qəlbində xüsusi məna daşıyır.
Ümid edirəm ki, bu həftə ərzində eşidəcəyiniz fikirlər, iştirak edəcəyiniz görüşlər və əldə edəcəyiniz təcrübələr sizin Azərbaycan sevgisini daha da artıracaq.
Arzu edirəm ki, hər biriniz Azərbaycanlı olmağın yalnız qürurunu deyil, həm də məsuliyyətini dərk edəsiniz. Ölkəmizin gələcəyi sizin biliklərinizdən, fəaliyyətinizdən və vətənə bağlılığınızdan asılıdır.
Diqqətinizə görə təşəkkür edirəm!”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var