Modern.az

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı yeni strateji mərhələyə qədəm qoyur

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı yeni strateji mərhələyə qədəm qoyur

Ölkə

Bu gün, 16:06

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Ortaq tarix, dil, mədəniyyət və ortaq maraqlar üzərində qurulan bu münasibətlər artıq təkcə ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq regional inteqrasiyanın mühüm istiqamətlərindən birinə çevrilir. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri və Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirakı da bu strateji kursun növbəti mühüm təsdiqi oldu.

Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi statistik göstəricilər münasibətlərin dinamikasını aydın şəkildə ortaya qoyur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, 2023-cü ilin əvvəlindən bu günədək Mərkəzi Asiya ölkələrinə 16 səfər edib, həmin ölkələrin liderləri isə Azərbaycana 26 dəfə səfər ediblər. Bu rəqəmlər onu göstərir ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoq intensiv xarakter alıb və tərəflər artıq vahid geosiyasi, geoiqtisadi məkanın formalaşdırılması istiqamətində ardıcıl addımlar atırlar.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeləri daha da möhkəmlənib. Bu reallıq yeni əməkdaşlıq platformalarının yaranmasına, mövcud tərəfdaşlıqların isə strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinə imkan yaradıb. Azərbaycan-Qırğızıstan münasibətləri bunun ən uğurlu nümunələrindən biridir.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki ölkə arasında siyasi etimadın, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlıq iradəsinin hüquqi əsaslarını daha da möhkəmləndirdi. Bu sənəd təkcə Bakı ilə Bişkek arasında münasibətlər üçün deyil, bütövlükdə Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının gələcək inkişafı baxımından da yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Dövlət başçılarının mətbuata bəyanatları da qarşıdakı dövrün əsas prioritetlərini müəyyənləşdirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, müttəfiqlik münasibətləri böyük məsuliyyət tələb edir və Azərbaycan bu məsuliyyəti bölüşməyə hazırdır. Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi bundan sonra da iki ölkənin münasibətlərinin əsas istiqamətlərini təşkil edəcək.

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanla münasibətlərə verdiyi yüksək qiymət də qarşılıqlı etimadın göstəricisidir. İki ölkə arasında formalaşan siyasi dialoq iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsal transformasiya və humanitar sahələrdə əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin yaradır.

Səfər çərçivəsində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının iclası, eləcə də Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü bir daha göstərdi ki, Türk dünyasının inteqrasiyası artıq konkret layihələr və praktiki əməkdaşlıq müstəvisində inkişaf edir. Qarabağın bərpasına Qırğızıstanın verdiyi dəstək bunun ən parlaq nümunələrindən biridir. Ağdamda inşa edilən və "Manas" adını daşıyan məktəb xalqlarımızın dostluğunun və qardaşlığının rəmzinə çevrilib.

Çolpon-Ata Bəyannaməsinin qəbulu və Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşulması ölkəmizin regionda artan siyasi nüfuzunun və əməkdaşlıq platformalarındakı rolunun daha da gücləndiyini təsdiqləyir. Bu qərarlar Azərbaycanın regional təşəbbüslərin formalaşdırılmasında fəal iştirak edən əsas aktorlardan birinə çevrildiyini nümayiş etdirir.

Səfər zamanı Prezident İlham Əliyevin Qırğızıstanın birinci dərəcəli "Manas" ordeni, Prezident Sadır Japarovun isə Azərbaycanın ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi də dövlətlərarası münasibətlərin yüksək səviyyəsinin və qarşılıqlı hörmətin simvoludur.

Bu gün Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik mərhələsinə yüksələrək Türk dünyasının birliyinə və Avrasiya məkanında yeni əməkdaşlıq modelinin formalaşmasına mühüm töhfə verir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycan regionun gələcəyini müəyyən edən strateji qərarların qəbulunda fəal iştirak edən etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Malik Həsənov
Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
Azərbaycanda vəzifəli şəxslər həbs edildi - Xəbəriniz Var?