Avqustun 15-dən Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır.
Modern.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, tikinti işləri təxminən 10-11 ay davam edəcək. Bu müddət ərzində qatarlar “Nizami–28 May” mənzili arasında fəaliyyət göstərməyəcək.
Qeyd olunub ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun həyata keçirilir.
Məlumata görə, layihənin əsas məqsədi Qırmızı və Yaşıl xətlər arasında mövcud asılılığı aradan qaldırmaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və hərəkətin dayanıqlılığını təmin etməkdir.
Hazırda “28 May” stansiyasının platformasında müxtəlif istiqamətlərə gedən sərnişinlər eyni platformadan istifadə edir ki, bu da xüsusilə pik saatlarda sıxlıq yaradır. Layihə başa çatdıqdan sonra “İçərişəhər” istiqamətinə gedən sərnişinlər “28 May”, “Dərnəgül” istiqamətinə gedənlər isə “Cəfər Cabbarlı” stansiyasının platformasından istifadə edəcəklər.
Bununla yanaşı, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirən ikinci sərnişin pilləkəninin tikintisi də yekunlaşmaq üzrədir. Yeni keçid sərnişinlərin stansiyalar arasında daha rahat və sürətli hərəkətinə imkan verəcək.
Tikinti çərçivəsində “Dərnəgül” elektrik deposunun inşasının ikinci mərhələsi tamamlanmaq üzrədir və “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək 200 metrlik yeni tunellərin tikintisinə başlanılacaq.
Tikinti dövründə metroda hərəkət aşağıdakı qaydada təşkil olunacaq:
“28 May–Nizami” mənzilində sərnişindaşıma dayandırılacaq. Bununla əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) əlavə ekspres marşrutlar təşkil edəcək və mövcud marşrutlara əlavə avtobuslar cəlb olunacaq.
Qırmızı xətt üzrə qatarlar “İçərişəhər–Əhmədli” marşrutu üzrə 2 dəqiqə 30 saniyə intervalla hərəkət edəcək.
“Əhmədli–Həzi Aslanov” mənzilində isə təmir işləri başa çatanadək mövcud məkik hərəkəti saxlanılacaq.
Yaşıl xətt üzrə qatarlar “Dərnəgül–Nizami” marşrutu üzrə 3 dəqiqə 30 saniyə intervalla fəaliyyət göstərəcək.
“Cəfər Cabbarlı–Xətai” mənzilində məkik hərəkəti dəyişməyəcək və interval 7 dəqiqə olacaq.
Bənövşəyi xətt üzrə “Xocəsən–8 Noyabr” marşrutunda 8 dəqiqəlik interval qüvvədə qalacaq.
“Bakı Metropoliteni” bildirib ki, layihə başa çatdıqdan sonra Qırmızı (“İçərişəhər–Həzi Aslanov”) və Yaşıl (“Dərnəgül–Xətai”) xətləri tam müstəqil infrastrukturla fəaliyyət göstərəcək.
Yaşıl xətt üzrə qatarların hərəkəti “Dərnəgül” stansiyasından başlayaraq “Cəfər Cabbarlı” vasitəsilə “Xətai” stansiyasına qədər davam edəcək və interval 3 dəqiqə 30 saniyə olacaq. Bununla da “Cəfər Cabbarlı–Xətai” sahəsində mövcud olan 8 dəqiqəlik gözləmə intervalı aradan qalxacaq.
Növbəti mərhələdə Y-15 stansiyasına qədər tunellər və dönmə infrastrukturu tamamlandıqdan sonra Yaşıl xətt üzrə qatarlararası intervalın 2 dəqiqəyədək azaldılması planlaşdırılır.
Qırmızı xətt üzrə isə “İçərişəhər” dönmə kamerasının tikintisi davam edir və layihənin 2028-ci ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur. Bu infrastruktur tam istifadəyə verildikdən sonra hər iki xətt üzrə qatarlararası intervalın 2 dəqiqəyədək endirilməsi mümkün olacaq.
“Bakı Metropoliteni” sərnişinlərdən tikinti dövründə yarana biləcək müvəqqəti narahatlıqları anlayışla qarşılamalarını xahiş edib.