Modern.az

Separatçılarla dost olan biri niyə Azərbaycana dəvət edilib? - Deputat

Separatçılarla dost olan biri niyə Azərbaycana dəvət edilib? - Deputat

Ölkə

Bu gün, 10:58

Milli Məclisin deputatı Aydın Mirzəzadə amerikalı risk analitiki Nassim Nikolas Talebin Azərbaycana dəvətdən imtina etməsinə münasibət bildirib.

Deputat Modern.az-a açıqlamasında deyib ki, açıq mənbələrdə Talebin erməni dairələri, o cümlədən separatçı Ruben Vardanyanla yaxın münasibətləri barədə çoxsaylı məlumatlar və fotolar mövcuddur.

"Belə olan halda separatçılarla yaxın münasibətdə olduğu iddia edilən bir şəxsin Azərbaycana mühazirə oxumaq üçün dəvət edilməsinin məqsədi sual doğurur. Məgər dünyada tanınmış risk analitikləri azdır? Təəssüf ki, ona edilən xoşməramlı dəvət sonradan siyasi bəyanat verməsi üçün platformaya çevrildi. Bu imkanın niyə yaradıldığı ciddi şəkildə düşünülməlidir", – deyə deputat bildirib.

1539579

A.Mirzəzadənin sözlərinə görə, Azərbaycana müxtəlif sahələr üzrə xarici mütəxəssislər dəvət olunarkən onların peşəkarlığı ilə yanaşı, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə münasibəti, eləcə də Azərbaycan əleyhinə fəaliyyət göstərən şəxslərlə əlaqələri də diqqətlə araşdırılmalıdır.

"İstisna etmirəm ki, həmin şəxs əvvəlcədən belə bir ssenari qurub. Yəni əvvəlcə dəvət alıb, sonra isə bundan istifadə edərək Azərbaycana gəlmək istəmədiyini bəyan edib və bunun anti-Azərbaycan təbliğatında istifadə olunmasına şərait yaradıb. Belə ehtimallar da nəzərə alınmalıdır", – deputat vurğulayıb.

Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycana gəlmək, öz bilik və təcrübəsini bölüşmək istəyən çoxsaylı nüfuzlu alim və ekspertlər var.

"Bu gün universitetlərimizdə müxtəlif ölkələrdən dəvət olunmuş tanınmış alimlər fəaliyyət göstərirlər və onlar Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edirlər. Ona görə də hesab edirəm ki, xarici qonaqların seçilməsi məsələsində daha həssas davranmalı, ölkəmizə münasibəti müsbət olan şəxslərə üstünlük verilməlidir", – deyə deputat əlavə edib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Rusiya azərbaycanlıların obyektini bombaladı