Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə F.İsmayılov Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edilib.
Modern.az saytının məlumatına görə, Fəxrəddin İsmayılov Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsinə təyin edilmişdi.
O, həmin təyinatdan əvvəl Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İnsan Hüquqları və Demokratiya İdarəsinin rəisi olub.
2000-ci ildən Azərbaycanın diplomatik xidmət orqanlarında çalışan F.İsmayılov müxtəlif vaxtlarda Azərbaycanın ABŞ-dakı səfirliyində müşavir vəzifəsində, habelə Avropa İttifaqı yanında nümayəndəlikdə və Avropa Şurası yanında daimi nümayəndəlikdə müxtəlif vəzifələrdə çalışıb.
F.İsmayılov Bakı Dövlət Universitetində və Nitsa Sofiya Antipolis Universitetində bakalavr, daha sonra, Brüssel Universitetində və Harvard Kennedi Məktəbində müvafiq olaraq Avropaya inteqrasiya və dövlət idarəçiliyi üzrə magistr təhsili alıb.