Modern.az

Kəlbəcərlilər Prezidentə təşəkkür məktubu yazdı

Kəlbəcərlilər Prezidentə təşəkkür məktubu yazdı

Ölkə

6 Avqust 2026, 23:01

Kəlbəcər rayonunun Mollabayramlı kənd icması Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın müharibədən sonra sürətlə inkişaf etdiyi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyi vurğulanıb.

İcma üzvləri bildiriblər ki, bu yaxınlarda BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycan Respublikası ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırılması” layihəsi üzrə Töhfə Sazişi imzalanıb.

Məktubda qeyd olunub ki, saziş çərçivəsində UN-Habitat-ın beynəlxalq ekspertləri azərbaycanlı mütəxəssislərlə birlikdə Kəlbəcərin Mollabayramlı və Cəbrayılın Quycaq kəndləri üzrə ərazi planlaşdırılması sənədlərini hazırlayacaqlar. İcma üzvləri kəndlərinin belə mühüm beynəlxalq layihəyə daxil edilməsini böyük sevinc hissi ilə qarşıladıqlarını bildirərək buna görə Prezidentə təşəkkür ediblər.

Məktubda həmçinin, Kəlbəcərdə aparılan abadlıq və quruculuq işlərinin sakinlər tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb. İcma Prezident İlham Əliyevlə yanaşı, onun siyasi kursuna xidmət edən dövlət qurumlarına, o cümlədən Kəlbəcər rayonu üzrə Xüsusi Nümayəndəliyə, daxili işlər orqanlarına və digər aidiyyəti qurumlara da minnətdarlığını ifadə edib.

Sonda icma üzvləri şəhidlərə Allahdan rəhmət diləyərək, Prezident İlham Əliyevə cansağlığı və uğurlar arzulayıblar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Rusiyanın nüfuzuna ŞİLLƏ - Kremlə gözdağı verildi