Siyasi mübarizə və ideyalar, konseptual baxışlar və konstruktiv təkliflər üzərində qurulduqda cəmiyyətə fayda verir. Lakin xaricdə məskunlaşan bəzi ünsürlərin seçdiyi yol ideoloji diskurs yox, birbaşa söyüş, təhqir və şantaj ritorikasıdır. Siyasi ideologiyası və proqramı olmayan radikal müxalifətin söyüşü bir mübarizə vasitəsinə çevirməsi, əslində, onların intellektual və siyasi müflisləşməsinin bariz göstəricisidir. Dövlət institutlarına, publik xadimlərə və milli dəyərlərə qarşı aparılan bu sistemli qarayaxma kampaniyası sadəcə söz azadlığı pərdəsi altında gizlədilən mənəvi terrordur. Xaricdə məskunlaşaraq Azərbaycan dövlətinə, onun institutlarına və ictimai-siyasi xadimlərinə qarşı sistemli qarayaxma kampaniyası yürüdən, söyüş və təhqiri özünə peşə seçən radikal ünsürlərin hüquqi müstəvidə cavab verməsi qanunun aliliyinin və ədalətin təntənəsidir.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Modern.az-a açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin 2019-cu ildən etibarən apardığı ardıcıl hüquqi mübarizənin Paris Cinayət Məhkəməsinin hökmü ilə yekunlaşması prinsipial və strateji əhəmiyyət kəsb edən müstəsna hadisədir. Məhkəmənin qərarına əsasən, Qənimət Zahidov Fransa qanunvericiliyinə uyğun olaraq cinayət əməli törətmiş şəxs kimi tanınaraq məhkumlar kateqoriyasına daxil edilib və müvafiq kompensasiyaları tam ödəyib. Məhkəmə instansiyasının da xüsusi vurğuladığı kimi, sözügedən şəxs barəsində hüquqi məhkumluq faktının yaranması maliyyə sanksiyalarından daha vacib və prinsipial nəticədir. Bu hadisə müasir Azərbaycanın hüquq tarixində önəmli bir presedentdir. İllərdir xarici ölkələrdə sığınacaq taparaq Azərbaycan dövlətinə, rəsmi şəxslərə və ictimai xadimlərə qarşı qərəzli şər-böhtan kampaniyası aparan radikal dairələrin nümayəndəsi ilk dəfə məhz, sığındığı ölkənin məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılıb.
Deputat diqqətə çatdırıb ki, Avropanın mərkəzində hüququn aliliyi prinsipinin hakim olduğu bir dövlətdə çıxarılan bu hökm, bir daha sübut etdi ki, azad söz və ifadə azadlığı pərdəsi altında gizlədilən şəxsi qərəz, təhqir və böhtan heç bir sivil cəmiyyətdə hüquqi müdafiə qazana bilməz. Paris Məhkəməsinin bu qərarı xaricdə məskunlaşan və siyasi əxlaq sərhədlərini aşan radikal müxalifət ideoloqlarının həqiqi mahiyyətini ortaya qoyaraq, onların "siyasi fəal" maskasını hüquqi müstəvidə tamamilə cırdı.Məhz, bu baxımdan, Fransa məhkəməsinin Qənimət Zahidov barəsində çıxardığı yekun hökm təkcə fərdi bir məhkəmə çəkişməsinin qələbəsi deyil, bütövlükdə dezinformasiya və söyüş şəbəkəsinin beynəlxalq hüquq müstəvisində ifşası və layiqli cəzasını alması deməkdir.
Kamran Bayramov vurğulayıb ki, bu gün xaricdə məskunlaşan və siyasi əxlaqsızlıqla məşğul olan həmin bu söyüş müxalifəti göydən düşməyib. Onlar zamanında ölkəni fəlakətə sürükləyən, dövlətçilik ənənələrini sarsıdan AXC-Müsavat cütlüyünün qanlı və uğursuz siyasi mirasının birbaşa qalıqlarıdır. Hakimiyyətdə olduqları qısa müddət ərzində ölkəni dərin siyasi, sosial və hərbi böhrana qərq edən, dövlət idarəçiliyində xaos, özbaşınalıq və milli maraqlara xəyanətdən başqa heç bir iz qoymayan AXC-Müsavat zehniyyəti bu gün də özünün bu dağıdıcı xislətindən əl çəkmək niyyətində deyil. Dövlətçilik təfəkküründən tamamilə uzaq olan, xalqın təhlükəsizliyini və gələcəyini şəxsi ambisiyalarına qurban verən bu uğursuz siyasi xəttin nümayəndələri zamanında ölkə daxilində yaratdıqları anarxiyanı indi Qənimət Zahid və bənzər şəxslərin simasında yeni formada təzahür etdirirlər. Daxildə heç bir siyasi dayağı və ictimai nüfuzu qalmayan AXC-Müsavat şəbəkəsi indi fəaliyyətini xarici ölkələrdən idarə olunan platformalara keçirərək söyüş və şər-böhtan toxumları səpməklə öz varlığını sübut etməyə çalışır. İllər keçsə də metodu dəyişməyən bu zehniyyət dünən dövlət müstəqilliyini təhlükəyə atırdısa, bu gün də milli həmrəyliyimizə və dövlət nüfuzumuza kölgə salmaq üçün ən çirkin vasitələrə əl atır.
K.Bayramov əlavə edib ki, Paris Cinayət Məhkəməsinin çıxardığı bu qərar Azərbaycan dövlətinə və onun nümayəndələrinə qarşı aparılan çirkin mənəvi terrorun cavabsız qalmayacağını bir daha sübut etdi. Bu addım hüquqi müstəvidə qazanılmış mühüm qələbə olmaqla yanaşı, xaricdəki radikal şəbəkələr üçün də kəsərli bir dərsdir. Qanundan üstün heç bir sığınacaq yoxdur və Azərbaycan dövlətinə, onun vətəndaşlarına qarşı söyüş, təhqir və böhtan kampaniyası aparanlar yalnız öz mənəvi səviyyələrini nümayiş etdirirlər. Bu cür əməllərə əl atan hər bir ünsür bilməlidir ki, hüquqi mübarizə bundan sonra da qətiyyətlə və davamlı şəkildə aparılacaq, ədalətdən qaçmaq mümkün olmayacaq və hamısı layiq olduqları cəzanı alacaqlar.