Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə münasibətlərini qoruyub saxlaması ölkənin uzun illərdir həyata keçirdiyi balanslı xarici siyasətin nəticəsidir.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə bildirib.
Deputat qeyd edib ki, Bakı bu siyasət sayəsində həm Ukraynaya humanitar yardım göstərir, həm də enerji sahəsində əməkdaşlığı davam etdirir:
"Azərbaycanın balanslı siyasət aparmasının nəticəsidir ki, biz bu gün həm Ukraynaya humanitar dəstək göstərə bilirik, həm də bu ölkəyə qaz satışını həyata keçiririk. Eyni zamanda Ukraynanın enerji təhlükəsizliyinin bərpasında iştirak edirik. Bununla yanaşı, Rusiya ilə də qonşuluq münasibətlərimizi qoruyub saxlayırıq. Həm Rusiyaya, həm də Ukraynaya sülh prosesində iştirak etməyə hazır olduğumuzu bildiririk. Bu, Azərbaycanın balanslı xarici siyasətinin ən mühüm göstəricilərindən biridir".
Ə.Məhərrəmzadə vurğulayıb ki, Azərbaycan beynəlxalq münasibətlərdə hər zaman sülhün və beynəlxalq hüququn tərəfdarı kimi çıxış edir:
"Biz hər zaman sülhün bərqərar olunmasının tərəfdarı olmuşuq. İşğalın nə demək olduğunu öz təcrübəmizdən bildiyimiz üçün işğaldan əziyyət çəkən hər bir dövlətin yanında olmağa çalışır, onlara həm humanitar, həm də mənəvi dəstək göstəririk. Bu siyasətin əsasında müstəqil Azərbaycan dövləti və onun müstəqil xarici siyasəti dayanır. Hesab edirəm ki, buna heç bir şübhə ola bilməz" - deyə o qeyd edib.