Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də baş tutan telefon danışığı 40 dəqiqədən çox davam edib.
Modern.az xəbər verir ki, bu barədə 1news.az-a etibarlı mənbələrdən bildirilib.
Məlumata görə, telefon danışığı Donald Trampın təşəbbüsü ilə baş tutub və 8 avqust 2025-ci ildə keçirilmiş Vaşinqton Sülh Sammitinin birinci ildönümünə təsadüf edib. Azərbaycan və ABŞ liderləri arasında söhbət dostluq və isti atmosferdə keçib.
Azərbaycan Prezidentinin rəsmi saytının daha əvvəl yaydığı məlumata görə, telefon danışığı zamanı İlham Əliyev və Donald Tramp Vaşinqton Sammitindən sonra ötən ilin yekunlarını, Azərbaycanla Ermənistan arasında sülh prosesini, TRIPP layihəsinin həyata keçirilməsini, həmçinin Azərbaycan-ABŞ strateji tərəfdaşlığının inkişafını müzakirə ediblər.
Xüsusilə qeyd olunub ki, ötən il ərzində regionda sülh və sabitlik qorunub və sülh prosesinə zərər vura biləcək heç bir insident baş verməyib.
Tərəflər həmçinin Azərbaycan neft məhsullarının Ermənistana ixracını, yüklərin Azərbaycan ərazisindən tranzitini və iki ölkə arasında ticarət əlaqələrinin başlanmasını müsbət qiymətləndiriblər.