Son illərdə Azərbaycan-Rusiya münasibətləri mürəkkəb transformasiya dövrü yaşayır. Əhəmiyyətli dərəcədə iqtisadi, humanitar və nəqliyyat əlaqələri qorunub saxlansa da, ikitərəfli münasibətlərin əvvəlki modeli Cənubi Qafqazın yeni geosiyasi reallığının təsiri altında tədricən dəyişir.
Bu fonda informasiya sahəsi təkcə siyasi prosesləri əks etdirmir, həm də onların kəskinləşməsini sürətləndirə biləcək müstəqil bir amilə çevrilir.
Bir neçə gün əvvəl Rusiya mediasında İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayev kimi “ekspert”lərin Xəzər Donanmasının gücləndirilməsinin zəruriliyi, Rusiya qoşunlarının Cənubi Dağıstan sərhədləri yaxınlığında cəmləşməsi və hətta Bakıda desant əməliyyatı planlaşdırma ehtimalı barədə təxribat xarakterli iddiaları ikitərəfli münasibətlərdə yeni gərginliyə səbəb olub. Sözügedən “analitik”lər hətta fiziki güc və “konkret hədəflərə” təzyiq təhdidləri prizmasından Bakı ilə danışıqlar aparmağın zəruri olduğunu vurğulayıblar.
Bu cür açıqlamaların siyasi təsirini gözardı etmək qeyir-mümkündür. Müzakirə müəllifləri və ya iştirakçıları arasında dövlət qurumları, dövlət mediası və ya siyasi-inzibati sistemlə əlaqələli şəxslər olduqda belə narahatlıq xüsusi əhəmiyyət kəsb edir.
Bu baxımdan, Semyon Uralovun 1991-ci ildən əvvəl Sovet İttifaqında doğulmuş insanların guya SSRİ-nin hüquqi varisi kimi Moskvanın yurisdiksiyası altında olması tezisi ən absurd iddialardan biridir. Bu ifadənin məntiqi postsovet məkanında müasir beynəlxalq münasibətlər sisteminin tamamilə ləğvinə çağırış deməkdir. Belə ki, SSRİ-nin dağılmasından sonra postsovet respublikalarını müstəqil dövlətlər kimi tanıyan Rusiyanın özü onların suverenliyini və ərazi bütövlüyünü qəbul etməklə ikitərəfli müqavilələr sistemini formalaşmasdırıb.
Lakin bəzi rusiyalı “ekspert”lərin siyasi ritorikasında sovetlər dövrünün reallığı müasir Rusiyanın bu məkanda xüsusi hüquqlarının xüsusi səlahiyyəti kimi təqdim olunur. Müstəqil dövlət quruculuğu prosesindən keçmiş dövlətlər üçün belə bir yanaşma sözsüz ki, təhdid kimi qəbul edilir. Bakı ardıcıl şəkildə müxtəlif güc mərkəzləri ilə münasibətlərdə öz xarici və regional siyasətini müstəqil şəkildə müəyyənləşdirdiyini sərgiləyir. Beləliklə, Rusiya ilə əməkdaşlığa baxmayaraq, Bakı Moskvanın Azərbaycanın suverenliyinin sərhədlərini müəyyənləşdirmək hüququna malik olması fikrini tamamilə rədd edir.
Çünki tərəfdaşlıq və asılılıq arasında böyük fərq var. Tərəfdaşlıq tərəflərin bərabərliyini nəzərdə tutur. Bir tərəfin digərini “cəzalandırmaq”, “mühakimə etmək”, “məcbur etmək” və ya “təhdid etmək” hüququna əsaslanan istənilən ritorika tərəfdaşlığın təməlini sarsıdır.
Bu kontekstdə, belə bəyanatların müəlliflərinin statusu xüsusi maraq doğurur. İvan Knyazev Moskva şəhər hökumət strukturlarına məxsus olan “Moskva 24” telekanalının təmsilçisidir. Aleksey Çadayev Rusiya Nəqliyyat Nazirinin müşaviri və hücum dronlarının istehsalı ilə məşğul olan mərkəzin rəhbəridir. Semyon Uralov özünü siyasi məsləhətçi və media mütəxəssisi kimi təqdim edir. Beynəlxalq siyasətdə natiqin yalnız hüquqi statusu deyil, həm də onun cəmiyyətdə siyasi çəkisi də vacib amil sayılır.
Əgər bir şəxs dövlət qurumları ilə əlaqəlidirsə, dövlət və ya bələdiyyə media orqanında işləyirsə və ya hökumət aparatında vəzifə tutursa, onun ictimai açıqlamaları xarici auditoriya tərəfindən anonim onlayn şərhçinin sözlərindən fərqli şəkildə qəbul edilir.
Məhz buna görə rəsmi Moskvanın operativ və aydın şəkildə bu bəyanatlara reaksiya verməməsi ən azından təəccüb doğurur. Əgər dövlət bu iddialarla razı deyilsə, bu cür açıqlamaların Rusiyanın rəsmi siyasəti ilə heç bir əlaqəsi olmadığını açıq şəkildə bildirilməli idi.
Əks təqdirdə, müxtəlif təfsirlər üçün əsas yaranır. Rəsmi Bakı Moskvanın sükutunu belə bəyanatlara tolerantlığın sübutu, Rusiya auditoriyası isə sərt ritorikanın məqbul sayıldağına dair siqnal kimi qəbul edə bilər. Beləliklə, mövcud təhdidlər və mümkün hərbi təzyiqlə bağlı bəyanatlar Azərbaycanda təsadüfi bir məqam kimi yox, daha geniş informasiya və siyasi xəttin davamı kimi qiymətləndirilirəbul edilir.
Təqdim olunan materiallarda vurğulanan digər narahatedici tendensiya Rusiyanın Azərbaycan diaspor təşkilatlarından Bakıya təzyiq göstərmək üçün bir vasitə kimi istifadə etməkılə bağlı çağırışlarıdır. Dövlət və ya dövlətə yaxın strukturlar milli diasporlara əsasən başqa bir ölkənin xarici siyasətinə təsir etmək üçün bir vasitə kimi baxdıqda etnik amil siyasiləşir. Nəticədə, müvafiq icmanın nümayəndələrinin vəziyyəti daha da pisləşir.
Məhz buna görə də Yekaterinburqdakı azərbaycanlılarla bağlı epizodlar, eləcə də Moskvadakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun qovulması ilə bağlı məlumatlar təkcə miqrasiya və ya hüquq-mühafizə siyasəti kontekstində deyil, həm də ümumi informasiya mənzərəsi daxilində nəzərdən keçirilməlidir. Kollektiv məsuliyyət, diaspora təzyiq və ya müəyyən bir millətin nümayəndələrini “cəzalandırmaq” zərurəti ilə bağlı ictimai bəyanatlarla xarakterizə olunan siyasi atmosfer, şübhəsiz ki, qarşılıqlı şübhələrin və sosial gərginliyin artmasına səbəb ola bilər.
Yeri gəlmişkən, Azərbaycanın Baş Prokurorluğu sözügedən media proqramının üç iştirakçısına qarşı cinayət işi açıb. Terrorizmə açıq çağırışlarda, dövlətə qarşı yönəlmiş hərəkətlərdə və etnik nifrət və düşmənçiliyi qızışdırmaqda ittiham olunan bu şəxslər beynəlxalq axtarışa veriliblər.
Diplomatik tənqiddən cinayət təqibinə keçid göstərir ki, Bakı Rusiya mediasının ritorikasındakı müəyyən formaları sadəcə xoşagəlməz və ya qeyir-dost bəyanatlar kimi yox, həm də milli təhlükəsizliyə təsir edən potensial təhlükəli hərəkətlər kimi qiymətləndirir.
Bununla belə, Bakı diplomatik kanallardan da istifadə edir. Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan Rusiya səfiri Mixail Yevdokimova etiraz notası təqdim olunub. Yeri gəlmişkən, hələ 2025-ci ilin iyulunda Bakı Rusiyanın ictimai-siyasi xadimlərinin və media orqanlarının Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və xalqına qarşı yönəlmiş açıqlamalarının qəbuledilməzliyi barədə Moskvanı məlumatlandırmışdı. Bu ilin fevral ayında isə Rusiya səfiri Dövlət Dumasının deputatı Konstantin Zatulinin açıqlamaları ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmışdı. Hər iki halda Bakı yenidən regional sabitliyi və ikitərəfli münasibətləri sarsıdan hərəkətlərə son qoymağı tələb etmişdi.
Bu cür bəyanatlara operativ qaydada və lazımi reaksiya verilmədikdə informasiya qarşıdurması tədricən institusional vəziyyətə transformasiya olunur. Ayrı-ayrı “ekspert”lərin açıqlamaları diplomatik notalar, səfirlərin çağırılması və məhkəmə prosesləri üçün zəmin yaranır.
İlk baxışdan Azərbaycana qarşı güc nümayişi kimi nəzərdə tutlan belə bəyanatlar əslində strateji baxımdan tam əks effekt verə bilər.
Birincisi, bu cür ritorika Azərbaycan cəmiyyətini Rusiyaya daha tənqidi yanaşmağa təşviq edir. Hətta rəsmi Bakı Moskva ilə münasibətlərdə praqmatik yanaşmanı qoruyub saxlasa belə, qonşu ölkənin media nümayəndələrinin daimi təhdidləri Azərbaycan cəmiyyətində Rusiyadan uzaqlaşmaq tələbini gücləndirə bilər.
İkincisi, bu cür açıqlamaların təsiri yalnız Azərbayca-Rusiya münasibətləri ilə məhdudlaşmır. Postsovet dövlətləri Rusiyanın qonşularının suverenliyinə münasibətini diqqətlə izləyir. Rusiya informasiya məkanında Moskvanın postsovet respublikalarının daxili işlərinə müdaxilə etmək hüququ ilə bağlı iddialar müntəzəm olaraq əks-səda verirsə, bu dövlətlər təhlükəsizlik, iqtisadiyyat və xarici siyasət sahələrində alternativ tərəfdaşlar axtarmaq üçün əlavə motivasiya qazanırlar.
Məhz burada paradoks yaranır. Rusiya postsovet məkanında təsirini qorumağa çalışdığı halda, aqressiv informasiya ritorikası onun nüfuzunun azalmasını şərtləndirir. Suveren dövlətlər nə qədər çox təhdidlərlə, tarixi iddialarla və güc tətbiqinin mümkünlüyü barədə söhbətlərlə qarşılaşırlarsa, xarici əlaqələrini şaxələndirmək istəkləri bir o qədər artır. Azərbaycan üçün belə şaxələndirmə artıq onun ümumi xarici siyasət strategiyasının bir hissəsidir. Bakı Rusiya, Türkiyə, Orta Asiya dövlətləri, Avropa İttifaqı və digər beynəlxalq mərkəzlərlə eyni vaxtda münasibətlər saxlayır.
Hazırkı gərginliyin ən vacib səbəbi isə Cənubi Qafqazın regional siyasi arxitekturasında nəzərə çarpan dəyişikliklərdir. Son illərdə baş verən hərbi və diplomatik dəyişikliklərdən sonra Azərbaycan öz mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Bakı böyük güclər arasında rəqabət obyekti yox, müstəqil regional güc mərkəzidir ki, bu da Moskvanı çətin dilemma qarşısında qoyur. Bir tərəfdən, güclü və sabit Azərbaycan obyektiv olaraq Rusiya üçün Qafqazda vacib tərəfdaşdır. Digər tərəfdən, Bakının artan müstəqilliyi Moskvanın əvvəlki geosiyasi mexanizmlərə əsaslanan təsirini azaldır.
Bu məqam Rusiyanın ekspert camiəsində bəziləri üçün mövcud prosesləri “nüfuzun itirilməsi” prizmasından izah etmək xülyasını formalaşdırır. Lakin təzyiq və ya hərbi məcburiyyət tələblərinə çevrilə biləcək bu cür məntiq əks nəticə verəcək.
Digər tərəfdən, Rusiyanın cənub sərhədlərinin təhlükəsizliyi Cənubi Qafqazdakı sabitliklə birbaşa bağlıdır və bu sabitlik hazırda Azərbaycanın yaratdığı yeni geosiyasi arxitektura sayəsində qorunur. Buna görə də, strateji baxımdan Rusiya Azərbaycanın zəiflətməsində yox, onunla proqnozlaşdırıla bilən münasibətləri qorumaqda maraqlı olmalıdır.
Təəssüf ki, hazırkı qalmaqal informasiya sahəsinin Rusiya-Azərbaycan münasibətlərində əsas cəbhələrdən birinə çevrildiyini göstərir. Televiziya verilişləri, bloggerlərin və ekspertlərin açıqlamaları, dövlət və dövlətə bağlı mediada dərc olunan nəşrlər artıq sadəcə Rusiyadaxili müzakirələrin bir hissəsi deyil. Sosial media kontekstində hər belə açıqlama dərhal beynəlxalq ünsiyyətin elementinə çevrilir.
Ən təhlükəli məqam bu müstəvidə üç komponentin - milli ritorika, suverenliyin inkarı və hərbi təhdidlər - birləşməsidir. Bu komponentlərin hər biri ayrı-ayrılıqda fərdin ifrat mövqeyi kimi təqdim edilə bilər. Lakin birlikdə onlar davamlı siyasi məzmun alırlar: postsovet respublikaları beynəlxalq münasibətlərdə müstəqil bir qurum kimi yox, Moskvanın guya xüsusi hüquqlarını qoruyub saxladığı bir ərazilər kimi təqdim olunurlar.
Azərbaycan bu yanaşmanı qətiyyətlə rədd edir. Rusiya üçün isə bu, uzunmüddətli nüfuz problemi yaradır. Çünki belə iddialar Rusiyanın dövlətlərarası bərabərhüquqlu əməkdaşlığa dair bəyan edilmiş öhdəliyinə etimadı sarsıdır. Məhz buna görə də Moskvanın ictimai müzakirə azadlığı ilə siyasi cəhətdən təhlükəli ritorika arasında aydın bir fərq qoyması vacibdir. Söz azadlığı siyasi məsuliyyətdən imtina etmək demək deyil. Bu, xüsusilə dövlət qurumları ilə əlaqəli və ya dövlətə məxsus resurslar üçün çalışan insanlar üçün doğrudur.
Bu baxımdan, Rusiya mediasında qərəzli anti-Azərbaycan ritorikasına qarşı Moskvanın özünün qətiyyətli mübarizə aparması bir neçə il davam etmiş gərginlikdən sonra ikitərəfli münasibətlərin yenidən müsbət məcraya yönəlməsini şərtləndirəcək ən vacib amildir.
Sahil İsgəndərov
politoloq