Milli Məclisin deputatlarının işi qanun layihələrini müzakirə etmək, parlamentdə və beynəlxalq tribunallarda çıxış etməklə kifayətlənmir. Deputatlar həm də jurnalistlərin suallarını cavablandırmalı olurlar.
Maraq doğuran məsələlərdən biri də parlament üzvlərinin jurnalistlərdən eşitmək istəmədiyi suallardır.
Modern.az saytı deputatların jurnalistlərdən eşitmək istəmədiyi və cavab verməkdə çətinlik çəkdiyi sualları araşdırıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, jurnalistlərin suallarını cavablandırmaqdan və ictimaiyyətə mövqeyini çatdırmaqdan heç zaman çəkinməyib:

"Deputatın fəaliyyət istiqamətlərindən biri də mətbuatla sıx əməkdaşlıq etməkdir. Bu baxımdan mən hər zaman jurnalistlər üçün açıq olmuşam. Jurnalistlərin cəmiyyəti maraqlandıran məsələlərlə bağlı deputatların fikirlərinə müraciət etməsini yüksək qiymətləndirir və bu fəallığa görə onlara təşəkkür edirəm. Deputat ictimai-siyasi fəaliyyəti olan şəxsdir. Bu səbəbdən ölkənin və dünyanın gündəmində olan müxtəlif məsələlərlə bağlı bir siyasətçi və Milli Məclisin üzvü kimi mövqeyimizi bildirməyimiz təbiidir. Jurnalistlərin suallarını cavablandırmaqdan və ictimaiyyətə mövqeyimizi çatdırmaqdan heç zaman çəkinməmişəm. Təbii ki, hər bir deputatın müəyyən ixtisaslaşma istiqaməti və Milli Məclisdə təmsil olunduğu komitə var. Bu baxımdan, ixtisasıma və komitəmin fəaliyyət profilinə uyğun olmayan, xüsusi sahə üzrə peşəkar bilik tələb edən sualları cavablandırmaq bəzən çətin olur. Çünki Milli Məclisin hər bir komitəsinin öz fəaliyyət istiqaməti və məsuliyyət dairəsi mövcuddur. Ona görə də hesab edirəm ki, jurnalistlər deputatlara sual ünvanlayarkən onların hansı komitədə təmsil olunduğunu və hansı sahə üzrə ixtisaslaşdığını nəzərə almalıdırlar. Bu, həm də ictimaiyyətə daha dəqiq və dolğun məlumatların çatdırılmasına imkan verər. Ümumilikdə isə hər bir sualın verilməsini normal və təbii hesab edirəm. Əsas məsələ sualın jurnalist etikası çərçivəsində, obyektiv və ictimai maraq nəzərə alınmaqla ünvanlanmasıdır. Mənim üçün jurnalistlərlə açıq dialoq və qarşılıqlı əməkdaşlıq hər zaman vacib olub".
Deputat onu da deyib ki, hansısa bir sualı cavablandırarkən çətinlik çəkdiyi yadına düşmür.
İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu qeyd edib ki, sualın cavabını bilməyəndə “bilmirəm” demək lazımdır:
"Nəsrəddin Tusi deyir ki, sual vermək elmdir. Müasir dövrdə isə sual vermək jurnalistin hüququdur. Ona görə də nə jurnalistin vermək istədiyi hansısa sualı məhdudlaşdırmaq, nə də hər hansı sualı cavabsız qoymaq olar. Lakin sualın cavabını bilməyəndə dürüst olub, “mən bu sualın cavabını bilmirəm” demək lazımdır. Mən elə belə də edirəm. Çoxsaylı jurnalist dostlarımız bəzən mənə zəng edib bank, maliyyə sektoru, iqtisadiyyat ilə bağlı suallar verirlər. Bu zaman onlara sualın mənə aid olmadığını, cavablandıra bilməyəcəyimi, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərinin daha yaxşı cavab verə biləcəyini deyirəm. Onlar da məni başa düşürlər. Bir daha deyirəm, jurnalistin sual vermək hüququnu məhdudlaşdırmaq, nə də bilmədiyin mövzu haqda danışmaq olmaz. Yalnız belə olarsa, cəmiyyətdə fikir müxtəlifliyi, eləcə də söz və mətbuat azadlığı daha da inkişaf etmiş olar. Azərbaycanda media, informasiya mənzərəsi bu formadadır və bu hal məni sevindirir".
H.Babaoğlu düşünür ki, sualı verən jurnalist narahat olmalıdır:
"Jurnalist sual verməkdə azaddır, amma hər bir sual jurnalistin hazırlıq səviyyəsini, onun nəyə vaqif olduğunu göstərir. Mənə elə gəlir ki, daha çox sual verən jurnalist narahat olmalıdır ki, mən bu sualı səsləndirirəm, lakin görəsən bu, Azərbaycan cəmiyyətinin intellektual səviyyəsi ilə uzlaşır, yoxsa yox... Bu məsuliyyəti hiss edərək jurnalist istənilən sualı, istənilən siyasətçiyə verə bilər".
Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva əvvəlcədən hansısa sualın verilməsini istəməməyi düzgün hesab etmir:
"Əslində, jurnalistin sual vermək hüququna hörmətlə yanaşıram və əvvəlcədən hansısa sualın verilməsini istəmədiyimi demək doğru olmazdı. İctimai fəaliyyəti olan şəxs kimi müxtəlif, hətta bəzən çətin və tənqidi suallara da açıq olmaq lazımdır. Mənim üçün əsas məsələ sualın çətin olub-olmaması deyil, məqsədi və necə qoyulmasıdır. Əsaslandırılmış tənqidi sual faydalıdır, qərəzli və manipulyativ sual isə sağlam ictimai müzakirəyə xidmət etmir".

Ü. Həmzəyeva onu çətin vəziyyətdə qoyan sualla bağlı da danışıb:
"Məni ən çox çətin vəziyyətdə qoyan suallardan biri əslində çox sadə görünən sualdır: “Siz özünüzü daha çox kim hesab edirsiniz - rəssam, yoxsa deputat?” Bu suala hər dəfə cavab verməkdə bir qədər çətinlik çəkirəm. Çünki insanı onun fəaliyyət sahələrindən yalnız biri ilə müəyyənləşdirmək mənə doğru gəlmir. Rəssam kimi dünyaya daha çox hisslər, rənglər və obrazlarla baxıram, deputat kimi isə insanların problemlərinə və cəmiyyət qarşısındakı məsuliyyətimə fokuslanıram. Bunları bir-birindən ayırmaq mənim üçün asan deyil. Eşitmək istəmədiyim isə “Siyasət sənətinizə mane olmur ki?” sualıdır. Çünki bu sualda sanki sənətlə ictimai fəaliyyətin bir-birinə zidd olduğu əvvəlcədən qəbul edilir. Halbuki mənim üçün hər ikisinin mərkəzində insan dayanır. Ümumiyyətlə, çətin suallardan çəkinmirəm. Bəzən ən çətin suallar insanı ən maraqlı cavabları tapmağa vadar edir".

Elm və təhsil komitəsinin üzvü Fariz İsmayılzadə cavab vermək istəmədiyi sual barədə bunları deyib:
"Hər zaman jurnalistlərə açığam, onlarla səmimiyyətlə ünsiyyət qururam. Jurnalistlər və jurnalistika bizə sevimlidir. Onların cəmiyyətdə böyük rolu var. Bəzən mənim mütəxəssis olmadığım, bizim komitəyə aid olmayan suallar verirlər. Belə olan halda sualın mənə aidiyyəti olmadığını deyirəm. Amma mənim üzvü olduğum komitələrə və mənim sahəmə aid sualları hər zaman mən müsbət qarşılayıram. Adətən çətinlik çəkdiyim, yaxud mənim bəyənmədiyim suallar hər hansı bir deputatın çıxışına, təklifinə mənim reaksiyamın soruşulmasıdır. Mən belə sualları bəyənmirəm. Hər bir deputatın öz haqqı var nəsə deməyə, mənim ona şərh verməyimə ehtiyac görmürəm".
İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Allahverənov onun sahəsinə aid olmayan suallara cavab vermədiyini deyib:
"Jurnalistlər çoxsaylı suallar ünvanlayırlar. Bəzən mənim maraq dairəmə aid olmayan məsələlərlə bağlı suallar da olur. Belə suallar ünvanlananda konkret olaraq bildirirəm ki, bu mənim mövzum deyil və həmin sualları cavablandırmıram. İstər hazırkı, istərsə də keçmiş peşəkar fəaliyyətimlə bağlı suallar olursa, mütləq qaydada çalışıram ki, jurnalisti əliboş buraxmayım, onu cavablandırım. Bəzi hallarda sosial həyatla bağlı mövzular olur ki, o suallara cavab vermək üçün gərək, hansısa dərin araşdırma aparasan ki, əlində konkret olaraq statistik rəqəmlər, məsələnin təfərrüatına varan məlumatlar olsun və sən dolğun cavab verə biləsən. Mənə tanış olan məsələlərlə bağlı fikirlərimi bildirirəm. Müxtəlif sahələrdə çalışdığım üçün araşdırmalarım, yazılarım olub. Həmin sahələr üzrə verilən sualları cavablandırmaqdan çəkinmirəm. Amma mənim fəaliyyətimdən çox uzaq sahələr üzrə suallara cavab verməkdən imtina edirəm. Elə mövzular var ki, onların ətrafında 10-15 il əvvəl çoxsaylı müsahibələrim olub, lakin daha sonra həmin sahələrdən uzaqlaşmışam. Amma indiyə qədər də jurnalistlər həmin sahələr üzrə məlumat bazasında adıma rast gəldiklərindən dərhal mənə müraciət edirlər. Onda da yenə də mədəni şəkildə üzrxahlıq edərək, həmin sualları cavablandırmıram. Mənə verilən suallar həmin sahələrdən olanda özümü diskomfort hiss edirəm ki, jurnalisti əliboş qoyuram. Jurnalistlər bəzi hallarda əlçatan ekspert və mütəxəssislərə sual ünvanlayarkən sanki elə təsəvvürə malik olurlar ki, bu ekspert bütün suallara cavab verəcək. Məncə, müraciət edəcəkləri şəxsin maraq dairələrinə bələd olub bilməlidirlər ki, bu şəxs suala cavab verəcək, yoxsa yox. Bu o demək deyil ki, digər sahələr üzrə şəxsən mən də məlumat yoxdur. Bir çox sahələr barədə də, gündəlik həyatdan bir çox məsələlərə üzləşir, araşdırmalar aparırıq. Sadəcə olaraq hər bir sahənin eksperti olduğu üçün daha yaxşı olar ki, sualı elə həmin ekspert cavablandırsın".

A. Allahverənov cavab verməkdən imtina etdiyi suallara nümunə də çəkib:
"Mənə dəfələrlə ətraf mühitlə bağlı, su ehtiyatları ilə bağlı müraciətlər ediblər. Mən bu sahə üzrə tanıdığım mütəxəssisləri həmin jurnalistə tövsiyə edirəm. Yenə də jurnalisti cavabsız qoymadım. Burada da önəmli məsələ ondan ibarətdir ki, şəxsin sualı cavablandırarkən öz məsuliyyətindən irəli gələrək cavabın yüksək və peşəkar səviyyədə olmalıdır. Bəzi şəxslər var ki, başqa sahəyə aid sualları cavablandırır. Özünə əmin, biliyinə, bacarığına çox yaxşı bələd olan şəxs bu şəkildə cavablandırırsa, öz ixtiyarında olan məsələdir".
Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova jurnalistlərin müxtəlif mövzularda suallar verməsini təbii və vacib hesab etdiyini söyləyib:

"Mənə daha çox elm və təhsil, mədəniyyət məsələləri ilə bağlı suallar ünvanlanır. Bundan başqa, Prezidentin sərəncamları, eləcə də cəmiyyətdə narahatlıq doğuran müxtəlif məsələlərlə bağlı fikrim soruşulur. Mətbuatı izləyənlər də bilir ki, mənə ünvanlanan sualların hamısını cavablandırıram. Jurnalistlərin müxtəlif mövzularda suallar verməsini təbii və vacib hesab edirəm. Xüsusilə cəmiyyət üçün maraqlı, aktual və düşündürücü suallara həmişə həvəslə cavab verirəm. Mənim üçün sualın çətin və ya kəskin olması problem deyil. Əsas məsələ onun peşəkar və obyektiv qoyulmasıdır".