Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İrana dondurulmuş aktivlərdən bir neçə milyard dollar və 283 milyon dollar dəyərində 2 ton qızıl göndərdiyi iddia olunur.
Modern.az Reuters-ə istinadən xəbər verir ki, qiymətli yük avqustun 11-i və 12-də Əbu-Dabidən Boeing təyyarəsi ilə Tehranın Mehrabad və Payam hava limanlarına çatdırılıb.
İddialara əsasən, bu addım BƏƏ-nin İran tərəfindən mümkün hücumların qarşısını almaq və öz təhlükəsizliyini təmin etmək məqsədi daşıyıb.
Maraqlı detal isə yükü daşıdığı bildirilən təyyarənin bundan əvvəl də Tehrana uçmasıdır. Həmin təyyarə iyunun 8-də Mehrabad hava limanına enib. Reuters-in iranlı rəsmilər arasındakı mənbələrinə görə, həmin reys zamanı təyyarədə 3 milyard dollar olub.
Beləliklə, BƏƏ-nin İrana böyük həcmdə maliyyə və qiymətli metal göndərməsi ilə bağlı məlumatlar regionda gərginliyin fonunda diqqət çəkib.
Lakin aktivlərin hansı şərtlərlə və hansı qərar əsasında İrana qaytarıldığı açıqlanmayıb.