Modern.az

Daş karxanalarında təhlükəsizlik necə qorunur? - Rəsmi AÇIQLAMA

Daş karxanalarında təhlükəsizlik necə qorunur? - Rəsmi AÇIQLAMA

Ölkə

Bu gün, 16:26

2026-cı ilin 7 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən istehsalatla əlaqəli hesab edilmiş 379 bədbəxt hadisə üzrə təhqiqat aparılıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin hadisələr nəticəsində ümumilikdə 419 nəfər zərərçəkmiş şəxs qeydə alınıb. Bu dövrdə bədbəxt hadisələrin ən çox qeydə alındığı emal sənayesi olub.

İstehsalatda baş verən bədbəxt hadisələrdən biri də Bakıda daş karxanasında qeydə alınıb. Belə ki, Cəlilabad rayon sakini, 1961-ci il təvəllüdlü Rabil Zərbəliyev daş karxanalarından birində işləyərkən bədbəxt hadisə nəticəsində həyatını itirib. İlkin məlumata görə, 65 yaşlı kişi mişardan aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

İş zamanı baş verən bədbəxt hadisə nəticəsində həmin şəxsin həyatını itirməsi bu müəssisələrdə əmək təhlükəsizliyi məsələsini gündəmə gətirir. 

Sorğuya cavab olaraq qurumdan verilən məlumatda qeyd olunub ki, Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər.

"Bu məqsədlə onlar əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl olunmasını, binaların, qurğuların, texnoloji proseslərin və avadanlıqların təhlükəsizliyini, iş yerlərində sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunluğunu, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətin təşkilini, əmək şəraiti zərərli və ağır olan, habelə yeraltı işlərdə çalışan işçilərin müəyyən edilmiş qaydada pulsuz müalicəvi-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsullarla təmin edilməsini, normal əmək və istirahət rejiminə riayət olunmasını, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini, həmçinin işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının və biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini təmin etməlidirlər", - deyə rəsmi məlumatda vurğulanıb. 

DMƏX verilən məlumata görə, müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında Nümunəvi Əsasnaməyə əsasən, işə yeni qəbul edilmiş işçilərin əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılması onların vəzifəyə təyin edildikləri gündən sonra bir aydan gec olmayaraq, işləyən işçilərin biliklərinin yoxlanılması isə dövri olaraq üç ildə bir dəfədən az olmayaraq həyata keçirilməlidir. 

"Daş karxanalarında fərdi mühafizə vasitələrinin seçilməsi konkret işçinin gördüyü işin və iş yerində mövcud təhlükəli və zərərli istehsalat amillərinin xüsusiyyətlərinə uyğun aparılmalıdır.  Əməyin mühafizəsi tələblərinə əməl edilməməsinə görə işəgötürən qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyır".

Sizə yeni x var
Keçid et
Putinin şok planı üzə çıxdı - 32 ölkə qorxuya düşdü