Modern.az

Metrolu kəndin nağılı - Almaniyada yaşayan azərbaycanlı rəssam Gündüz Əlizadənin XATİRƏLƏRİ

Metrolu kəndin nağılı - Almaniyada yaşayan azərbaycanlı rəssam Gündüz Əlizadənin XATİRƏLƏRİ

Ölkə

29 Aprel 2015, 14:40

"Şıxəli Qurbanov atamın yaxın dostu idi"

Modern.az saytının “Mənim kəndim” layihəsində təqdim etdiyi növbəti yazı bir az fərqliliyi ilə seçiləcək. Hazırda Almaniyanın Trier şəhərində yaşayan və orada bir köşkdə portret çəkən rəssam-karikaturaçı Gündüz Əlizadə virtual söhbət zamanı kəndlə bərabər, ağrılı-acılı uşaqlıq xatirələrindən də danışıb. “Amma sizdən bir xahişim var, uyğun görsəniz yazının adını “Metrolu kəndinin nağılı” qoyarsınız”, - dedi və  hiss olunurdu ki, hazırda Almaniyanın ən qədim şəhərində yaşayan Gündüz Əlizadə bu gün o metrolu kəndi - Əhmədli və oranın xatirələrinin portretlərini çəkir.

Metrolu kəndin nağılı

Bakının artıq yeni tikililəri ilə çevrələnmiş Əhmədli kəndinin tarixi çox qədimlərə gedib çıxır. 1955-ci ildə göz açdığım dünya ora olub. Sonradan ağlım kəsənə qədər, dünyanın müqayisə olunmaz böyüklüyünün fərqinə varınca, oranın qapısını açdım.

İlk qapı

Bu doğulduğum Ağalı məhəlləsinin böyük darvazasıydı. 10-12 evdən ibarət Ağalı həyətində ən çox qohumlarımız yaşayırdı, elə indi də yaşayır, tək o darvazadan başqa. Nədəni babamın yataq xəstəliyinə düçarı oldu. Hər gün səhər sübhdən açılar, axşam saat onda bağlanardı bu qapı. Sonradan babamın əllərinin hərarətindən məhrum olan qapının öncə dəstəyini pas yeməyə başladı, daha sonra nə açanı, nə də bağlayanı tapıldı. Yaxşı yadımdadır, 1974-cü ildə əsgərlikdən qayıdanda o qapını yerində görmədim.

İkinci qapım

Köhnə Əhmədlinin məktəbi o qədər də köhnə deyildi, hələ bağlı-bağatlı çox böyük sahəsi də vardı desəm, ikinci qapımın kiçik bir cənnətməkana açılacağı sanılardı. Amma belə olmadı. Sən demə,  bu qapı arxasında dişlərini qıcayan bir ağrı arxamda imiş. Birinci sinfə qardaşımla birgə getdik. Pirəli məndən bir yaş kiçik idi. Mən ailəmizin ilki idim və içimdə bununla bağlı sözsüz ki, bir qürur hissi yaşanırdı. O, mənə qardaşdan artıq bir dost idi. O qədər mehriban idik ki, birinci sinfə də əl-ələ tutub gedirdik. Sinfimizdəki 33 uşağın yarısından çoxu əlaçı idi. Amma onu deməliyəm ki, qardaşım kiçik olmasına baxmayaraq, məndən daha çalışqan, daha zehinli idi. Ələlxüsus riyaziyyat sahəsində hamı ona qibtə edirdi, elə mən özüm də. Yaxşı oxumağımızı müəllim uşağı olmamızda görənlər isə yanılırdılar. Nəzakət müəllimənin  “papan, evdə çoxmu kömək edir sizə” suallarına cavab verə bilmirdik. Ona görə cavab verə bilmirdik ki, bilmirdik düzünü deyək, ya yox. Çünki atamın üzünü elə vaxt olurdu ki, ancaq həftədə bir dəfə görürdük, onda da bizimlə  çox az danışardı.  Atam kənd sovetinin sədri idi və işinə bizə rəğmən çox ciddi idi. Çətin vaxtlara düşmüşdü sədrliyi...

Yaxşı yadımdadır...

...1960-cı illər, çörəyin qıt olan vaxtları idi. Üstəlik də bərk qar yağmışdı və buna baxmayaraq camaat sübh açılmadan çörək növbəsinə durardı. Çörək isə gəlmək bilmirdi ki, bilmirdi. Yolları qar bağladığından adamlar nə edəcəklərini bilmirdi. Üçüncü gün səhər kəndə haray düşdü: - çörək gəlir, çörək gəlir, tankla çörək gəlir! Hamı yolboyu çörək gələn tərəfə baxırdı. Doğrusu, mən ikiqat sevinirdim. Çünki çörəyin dalınca atam özü getmişdi. Tankın nəriltisi isə kəndi başına götürmüşdü və bu arada başına əsgər papağı qoymuş bir kişi məni qucağına alıb atıb-tutmağa başladı. “Atan “geroydı, geroy”, - deyə qışqırdı. Papağı yerə düşdü, onu yerdən alıb gedəndə papağa sancılan ulduzun sıyrılıb düşməsinə də fikir vermədi. Qarın içində qızaran ulduzu qaldırdım, xeyli nəzərdən keçirib ovcumda sıxdım və döş cibimdə gizlətdim, “axşam düşsün atama verəcəyəm” dedim, qoy təltifi olsun.

Amma kimə deyəsən...

O gün atama yaxınlaşa bilmədim, heç çörək də çatmadı mənə. Yaxşı ki, əmim aldığı iki çörəkdən birini mənə verdi və peysərimə vurub “ölüvay, aton xalxa çörək paylayır, sən isə birini də ala bilmirsən”, - dedi. Nə isə evə döndüm. Atam çörək çatmadığına görə elə gəldiyi tankla da geri qayıtmışdı. Əsl acının nə olduğunu görüncəyə qədər o çətin vaxtlar mənə bir şirin yuxu kimi gəlirdi.

Və həmin əsl acı

Üçüncü sinifdə oxuyurdum. Atamla anam arasında tez-tez düşən dava-dalaş məni məyus edirdi. Səbəbini bilmirdim. Təkcə onu bilirdim ki, nəsə çox ciddi məsələdir. Sonradan anladım ki, atamın təkidi ilə ayrılmaq istəyirlər. İçim qan ağlayırdı, gözlərimin yaşı da qurumuşdu. Hər gün qohum-qardaş yığışıb bu işə əngəl olmağa çalışardılar. İş isə çox düyünə düşmüşdü. Və... bir gün anam məni və qardaşımı götürüb dayımgilə apardı. Dayım isə təqsiri anamda görürdü. “Tök daşı ətəyindən geri qayıt”, - deyib dururdu. Nə isə bizi yatırtdılar. Amma atam gecə vaxtı taksi ilə gəlib anama “sənə uşaq düşmür” deyib bizi götürdü. Anamı boşadığına görə atamı əvvəlcə kənd soveti sədrliyindən, sonra partiyadan xaric etdilər. Amma istədiyini etdi. Dörd uşağın hamısını özündə saxladı və biz daha anamızı görmədik.

Erkən sevgiyə açılan qapı

Anamı itirəndən sonrakı günlərin məşəqqəti mənə əzab verirdi. Ondan uzaqlaşmaq üçün mücadilə etməyə gücüm çatmırdı. Elə bu arada içimdə şəkil çəkməyə ehtiyac hiss etdim. Evimizin divarında atamla anamın toy şəkli hələ də dururdu və atam gümüşü çərçivəli bu ağ-qara fotoya nədənsə toxunmurdu. Bu uğursuz foto mənim təsəllim idi və inanırdım ki, anam nə vaxtsa qayıdacaq. Bir dəfə yorğan-döşək yükünün üstünə çıxıb şəkli divardan aldım. Aşağı düşürüb ilk dəfə baxırmış kimi baxdım... və ürəyimdən anamın rəsmini  çəkmək istəyi keçdi. Amma oxşada biləcəyimə qəti inanmırdım. Buna baxmayaraq, fotonu çərçivədən çıxardım, üstünə bir ağ kağız qoyub işığa tutdum. Anamın fotosu az qala tam aydınlığı ilə kağızda əks olunurdu. Sevindiyimdən əllərim əsməyə başladı. Bu üsulla anamın rəsmini çəkəcəyəm deyə düşündüm və köhnə dolabımızın alt siyirməsində gizlətdiyim qələmləri çıxarıb işə başladım.

Rəsm... Anam... Və dəyişməyən reallıq

Çəkdiyim şəkil anama o qədər oxşayırdı ki, bunu öz əllərimlə çəkdiyimə inanmağım gəlmirdi. O andan başımdan fotonu  atama göstərmək istəyi keçdi. Düşünürdüm ki, bəlkə atamın mənə yazığı gələr və anamla barışıb onu evə gətirər.

Amma atamı tanıyırdım və çəkinirdim ondan. Nəinki mən, bütün kənd atamdan çəkinirdi, heç vaxt üzü gülmürdü, illah da anamdan sonra. O gün nədənsə kefi duru görünürdü. Sovet sədrliyindən çıxarılandan sonra Zığdakı internat məktəbində tarix müəllimi işləyirdi. Sonradan onun Şıxəli Qurbanovun dəstəyi ilə yenidən partiyaya qaytardılar və direktor müavini vəzifəsinə təyin etdilər. Onu da deyim ki, adı tez-tez xatırlanan Şıxəli Qurbanov atamın yaxın dostu idi. Qorxurdum, amma arxamda gizlətdiyim şəkli atama göstərməkdə israrlı idim:

- Ata, bax.

- Nəyə baxım? Yenə şəkil çəkmisən?

Oturduğu yerdən mənə qanrıldı. Əlimdəki rəsmi görüncə, mənə sarı gəldi, rəsmi alıb xeyli baxdı:

- Oğlum, onu unutmalısan! O, bizi atdı. Vaxt gələr, başa düşərsən niyə, - deyib divara baxdı:

- Şəkli  gətir! Üzündəki zəhmindən nəsə edəcəyi bəlli idi. 

Fotonu əlimdən alıb çəkdiyim rəsmlə üst-üstə qoydu. Düz yarıdan iki yerə böldü, anamın mən çəkən rəsmini və orijinal fotosunu əlində əzib bayıra tulladı.

- Ata....

- Nəzakət  müəllimə səndən narazıdır, bilirsən? Deyir, dərsində geriləmisən, dərs oxumaq əvəzinə rəsm çəkməklə məşğulsan, düzdür?

Üzünə baxmadan başımla təsdiqlədim. Gözləmədiyim halda soruşdu:

- Rəssam olmaq istəyirsən?

Cavabımı gözləmədən dedi:

- Səni rəssamlıq dərnəyinə qoyacağam, qoy bir az başım açılsın.

Divardakı asılqandan pencəyini geyib getmək istəyərkən durdu:

- Tezliklə sizin təzə, başqa ananız olacaq.

Gözümün içinə baxdı. Sanki məndən cavab gözləyirdi. Məni qəhər boğurdu, gözlərimdən yaş gilələnirdi. O isə buna məhəl qoymadan otaqdan çıxdı. O gedəndən sonra xeyli ağladım.

Qəddar Ağalı həyəti... Çarəsizlər - babam və biz...

Bu acı göynəmənin nə olduğunu bilənlər bilir, bilməyənlərə isə heç zaman arzulamazdım. Çarəsiz idim, heç kim anama haqq qazandırmırdı. Nənəm, bibilərim, əmim və sadalamaq istəmədiyim bir çoxları. Bütün Ağalı həyəti bu işə çox biganə idi. Təkcə babamdan başqa. Onun da yatağından qalxmağa belə,  taqəti yox idi. Çarpayının aşağı başından bağlanmış kəndirdən  tutub qalxmağa gücü yox idi. Oturmaq istəyəndə ya məni, ya da qardaşım Pirəlini səsləyərdi. Pirəlini daha çox istəyirdi, atasının adını qoymuşdu ona. Mənim də başımı sığallayıb deyərdi: “Döz bala, döz, pis hünün ömrü az olar”.
Çətin günlər isə gündən- günə daha dözülməz olurdu. Mənimlə müqayisədə qardaşım çox soyuqqanlı idi. Sanki heç nə olmamış kimi. Ondan sonrakı uşaq bacım idi. 9 yaşı var idi. Bacımdan 4 yaş kiçik üçüncü qardaşımız isə ailənin sonbeşiyi idi.

Dərslərimdə də geriləmişdim. Müəllimənin dediklərini yaxşı yadımda saxlaya bilmirdim.

Bir gün dərsdə...

Bir dəfə tarix dərsində gözləmədiyim halda müəllim məni lövhəyə çağırdı. Ona görə gözləmirdim ki, ondan əvvəlki dərsdə danışmışdım və “5” almışdım. Dərsi heç oxumamışdım. Amma özümü itirmədim. Düşündüm ki, müəllimin keçən dərs danışdıqlarından nəsə danışaram. Qardaşım qabaq cərgədə oturmuşdu və məzəmmətlə məni süzürdü. Sanki baxışları “sənə demirdim ki, dərsini oxu”, -  deyirdi. Nə isə, bir az danışandan sonra qardaşım çətinliyə düşdüyümü sezdi və qarşısına qoyduğu kitabı hiss olunmadan mənə sarı çevirdi. Kitabla aramda olan məsafə bir metrdən çox olardı. Azacıq qabağa getsəydim heç bir şey hiss etdirmədən oxuyub danışa bilərdim. Maral müəllimənin başı aşağı idi, jurnala nəsə yazırdı. İmkandan istifadə edib, bircə qarış irəli getdim və oxuya-oxuya danışmağa başladım. Bir az keçəndən sonra isə gözləmədiyim fəlakət baş verdi.

Nə idi o fəlakət?

Bu zaman bir nəfər ayağa durub məni müəllimin ovcuna çuğladı:

- Belə əlaçı olar? Müəllim, dərsi üzündən oxuyub danışmağa nə var ki?

Maral müəllimə başını qaldırıb bir xeyli o yaramazın üzünə baxdı. Sonra ona yaxınlaşdı:

- Sən özün arxada otura-otura bunu necə görə bildin?

- Gördüm müəllimə, gördüm. Atam canı gördüm.

Maral müəllimə iti addımlarla qardaşıma yaxınlaşıb dedi:

- Pirəli heç utanırsan, bu nədir?

- Robinzon Kruzodur müəllimə.

Maral müəllimə çaşıb qalmışdı. Gah mənə, gah Fazilə, gah da əlindəki kitaba baxırdı.

- Sən tarix dərsində bədii ədəbiyyat oxuyursan?

- Müəllimə, siz özünüz mənə dediniz ki, maraqlı kitabdır, al oxu.

- Uşaqlar Gündüzün bu hərəkətini Fazildən başqa görən oldu?

Elə bu zaman başqa bir gözlənilməzlik oldu. Mənimlə bir partada oturan Fəridə ayağa qalxdı:

- Müəllimə Pirəli səhərdən Krozodur, nədir, onu oxuyur. Bizə də oxumağa vermir.

Müəllimənin “qalx sinifi tərk et” sözündən sonra Fazil bayıra çıxdı.

Kiçik bir hekayə

Həmin gün Fazilin sinfi tərk etməsi hamının ürəyindən oldu. Ona görə yox ki, həddindən artıq şuluq və kütbeyin idi. Əslində onun məndən bu sayaq heyf almasının başqa səbəbi vardı. Bu, həmin tarix dərsindən beş-altı gün qabaq baş vermişdi. İdman məşğələsi idi, müəllimi gözləyirdik, Fazil adəti üzrə yenə də dinc dayanmırdı. İdman zalından dırmanmaq üçün asılan ipə qalxır, oradan atılıb düşürdü. Bununla da özünü qızlara göstərmək istəyirdi. Amma, təbii ki, onun bu hərəkəti heç kəsin xoşuna gəlmirdi. O bizdən iki yaş böyük və cüssəli idi. Üstəlik,  iki il ard-arda beşinci sinfə ayaq döyməsi də uşaqlarımızın ona bəslədiyi ikrah hissindən kənar deyildi.

“Hə, nə oldu, birinizin kişiliyi çatmayacaq bu ipə dırmanmağa”, - deyib dişlərini ağardırdı.

Fəridənin dili dinc dayanmadı:

- Əlindən başqa nə iş gəlir ki, ay yazıq, gedib bir az dərslərini oxusana?

- Onu özüm billəm, çox oxuyanda adamın başı xarab olar.

- Sənin başın var idi ki, xarab da ola.

Qardaşım sakitcə müdaxilə etdi:

- Sən get ananın dərdini çək. Ona bax, professor olacaq elə bil, yenə kitab oxuyur.

Daha dözə bilməzdim, gözlənilmədən ona tərəf cumub gözünün altından yumruq ilişdirdim. Ayağı idman döşəyinə dəydi, səntirləyib yıxıldı. Ayağa qalxıb üstümə gəlmək istəyirdi ki, müəllimin fiti eşidildi. Ancaq “yaxşı baxarsan” deyə bildi. Onun bu “yaxşı baxarsan”ı çox çəkmədi. Tarix dərsindəki uğursuzluq isə ona birdəfəlik dərs oldu. Amma bütün olaylara rəğmən içimə bir utancaqlıq sızmaqda idi. Hətta bir ara gedib müəllimdən üzr istəmək də istədim. Amma belə etsəydim Fəridəni də, qardaşımı da ayaqlamış olacaqdım.

Nə yaxşı ki, o var imiş

Fəridə mənim üçün uşaqlıq illərimin əzabına şirinlik qatan yeganə varlıq və həzin bir xatirə idi.

Qənirsiz gözəlliyi, ötkəmliyi, çalışqanlığı, hazırcavablığı və ən çox da şirindən şirin ilıq münasibəti ilə. Bu münasibət üçüncü sinifdən başlamışdı. O vaxt biz bir parta arxasına keçdik və səkkizinci sinfə qədər yerimizi dəyişmədik. Amma daha real, daha güclü bir sevgim də var idi - rəsm çəkmək sevgisi.

Hətta dərs zamanı belə müəllimin nəzərlərindən yayınıb oğrun-oğrun yanımda oturan Fəridənin rəsmini çəkirdim. O bundan xoşlanar, çatma qaşları altından məna  dolu baxışlarla baxardı.

Atam mənim istedadıma qarşı diqqətsiz qalmadı. Qaqarin adına Pionerlər Sarayının rəsm bölməsinə yazdırdı. O vaxtdan qalan ömrümün mənasına çevriləcək bir sənətin işığıma doğru yol aldım. Bu yol nə qədər enişli-yoxuşlu olsa belə, uzaqda məni bir işığın gözlədiyinə inanmaqda idim. Məşğələlərdə çox çalışqan idim. Müəllimi razı salmaq üçün dəridən-qabıqdan çıxırdım və zəhmətim də yerdə qalmırdı. Bir neçə dəfə respublika uşaq sərgilərində birinci yerin qalibi olmuşam. Hətta medal da almışdım. Həmin medalı bir vaxtlar əsgər papağından düşən ulduzla bərabər bir qutuda saxlayırdım, amma həmin ulduzu atama vermədim, verə bilmədim. Ananın rəsmini cırdığına görə, onu həyatımdan sildiyinə görə...

Qarşıda isə məni böyük sənət məbədi sayılan Azərbaycana neçə-neçə böyük rəssamlar bəxş etmiş Əzim Əzimzadə adına Rəssamlıq Akademiyası gözləyirdi.

Elmin NURİ

P.S. Metrolu kəndin həsrəti

Söhbətin bu yerində Gündüz bəy daha danışmaq istəmir. Amma “danışdıqlarım hələ jurnal idi, kino isə qabaqdadır” deyərək oxucuların nə reaksiya göstərəcəyini gözləməyi düşündü. Qısaca olaraq bir haşiyə çıxdı:

- İndicə bura iki amerikalı gəlmişdi. Rəsmlərini çəkdim. Azərbaycandan olduğumu bilib heyrətləndilər. Mənə dedilər ki, bizdən Azərbaycana salam çatdır. Mən də o salamı çatdırmağı səndən xahiş edirəm.

- Gündüz müəllim, çatdıraraq.

- Bir də, indi Bakıda havalar necədir?














Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı