Modern.az

Vardanyan ətrafında qurulan “azadlıq şousu” - Ailəsi və lobbiçilərin əbəs cəhdləri

Vardanyan ətrafında qurulan “azadlıq şousu” - Ailəsi və lobbiçilərin əbəs cəhdləri

Ölkə

Bu gün, 14:54

Ruben Vardanyanın ətrafında qondarma “azadlıq” bəhanəsi ilə qurulan saxta şou bütün intensivliyi ilə davam etməkdədir.

Modern.az xatırladır ki, bu prosesin sadəcə hüquqi müdafiə müstəvisindən çıxaraq məqsədli şəkildə idarə olunan siyasi-kommunikasiya manipulyasiyasına çevrildiyi açıq-aşkar görünür. Ailə üzvləri - həyat yoldaşı Veronika Zonabend və oğlu David Vardanyan da məhz bu kampaniyanın ön cəbhəsində yer alaraq prosesin aktiv iştirakçısına çevriliblər. Onlar illər ərzində Vardanyanın müxtəlif qaranlıq yollarla əldə etdikləri nəhəng maliyyə sərvəti, eləcə də beynəlxalq lobbiçilik şəbəkələri hesabına bu qondarma kampaniyanı gündəmdə saxlamağa çalışırlar. Lakin real faktlar və törədilmiş ağır əməllər bu cür süni cəhdlərin üstünü örtə bilməz.

Ruben Vardanyanın keçmişi isə onun həqiqi simasını və qlobal miqyaslı cinayətlərini tam şəkildə üzə çıxarır. O, illər ərzində rəhbərlik etdiyi “Troyka Dialoq” investisiya şirkəti vasitəsilə 76 ofşor şirkətdən ibarət nəhəng pul yuyulması şəbəkəsi qurmuş və bu mexanizmlə Rusiyadan 4,6 milyard dollarlıq vəsait çıxarmışdır. Maliyyə maxinasiyaları ilə qazandığı sərvətin bir hissəsini xeyriyyəçilik və "mesenat" pərdəsi altında gizlədən Vardanyan, daha sonra Azərbaycanın suveren ərazilərində separatizmi maliyyələşdirərək bölgədə gərginliyin artmasına və qanlı qarşıdurmalara zəmin yaratmışdır. Hələ Qarabağdakı qeyri-qanuni fəaliyyəti dövründə də destruktiv addımları ilə seçilən bu şəxs, 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri zamanı məsuliyyətdən qaçmağa çalışarkən saxlanılmışdır. Bu gün tərəfdarlarının onu "siyasi məhbus" kimi təqdim etməyə çalışması isə onun törətdiyi maliyyə cinayətlərini və separatçılıq əməllərini ört-basdır etmək üçün növbəti uğursuz şoudan başqa bir şey deyil.

Qeyd olunmalıdır ki, həbsdə olduğu müddətdə onun yaxınları və Ruben Vardanyan Xeyriyyə Fondu tərəfindən beynəlxalq miqyaslı "şou" xarakterli kampaniyalara start verilib.

"Anewz" media qurumunun araşdırmalarına görə, bu kampaniya təsadüfi xarakter daşımır, əksinə, dəqiq tənzimlənən ekosistemə malikdir:

Hüquqi və lobbiçilik strukturları - ABŞ-da qeydiyyatdan keçmiş “Perseus Strategies” hüquq şirkəti David Vardanyanın maraqlarını qorumaq üçün cəlb edilib və rəsmi hesabatlarda on minlərlə dollar göstərilsə də, real xərclərin həcmi qat-qat çoxdur. Bundan başqa, ABŞ Senatı, Nümayəndələr Palatası, Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurası istiqamətində intensiv lobbiçilik fəaliyyəti həyata keçirilib. Digər yandan, “Edelman Global Advisory” və “H/Advisors” kimi nəhəng kommunikasiya şirkətləri mediaya çıxış nöqtəsi kimi istifadə olunub.

Amma Vardanyan və onun çevrəsi anlamalıdır ki, ədalətdən qaçış yoxdur. Bütün bu maliyyə resurslarına baxmayaraq, aparılan kampaniya tamamilə əsassız və qeyri-səmimidir. Vardanyan törətdiyi cinayətlərə, Qarabağda separatizmi alovlandıran və Azərbaycanı məcburi antiterror əməliyyatına vadar edən məsuliyyətsiz addımlarına görə peşmançılıq belə ifadə etməyib. O, topladığı çirkli pulların bir hissəsini xeyriyyə pərdəsi altında yaymaqla beynəlxalq ictimaiyyəti və siyasətçiləri aldatmağa çalışsa da, Azərbaycan Femidası qarşısında cavab verməkdən qaça bilmədi və 2026-cı il fevralın 17-də cinayətlərinə görə 20 il müddətinə azadlıqdan məhrum edildi. Ruben Vardanyan və onun himayədarları anlamalıdır ki, hiyləgər lobbiçilik oyunları, maliyyə dəstəkli kampaniyalar və qondarma bəyanatlar cinayətkarın məsuliyyətdən yayınmasına kömək etməyəcək.

 

Sizə yeni x var
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!