Vüsal Orucov Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən yüzlərlə əsgərimizdən biri olub. O, hərbi hissə qarşısında qoyulan tapşırıqları yerinə yetirərkən igidlik və mərdlik göstərən Vüsal vəzifə borcunu sonadək şərəflə yerinə yetirərək şəhidlik zirvəsinə ucalıb.
Şəhid olanda onun cəmi 18 yaşı vardı.
Övladını Vətənə qurban verən anası Gülzar xanım Vüsalla bağlı xatirələrini Modern.az-la bölüşüb. Onun səsində oğul itkisinin bitməyən kədəri ilə şəhid anası olmağın qüruru bir-birinə qarışırdı.
Gülzar xanım oğlu ilə sonuncu dəfə antiterror tədbirlərindən iki gün əvvəl danışıb. Həmin söhbət zahirən əvvəlkilərdən fərqlənməyib. Vüsal anası ilə həmişəki kimi danışıb, qarşıdakı əməliyyat barədə heç bir məlumat verməyib.

Lakin sağollaşarkən dediyi bir cümlə anasının yaddaşına əbədi həkk olunub:
“Özünüzə yaxşı baxın, haqqınızı halal edin”.
Gülzar xanım deyir ki, oğlu ilə hər danışıqdan sonra qəlbinə bir rahatlıq çökərdi. Bu dəfə isə belə olmayıb:
“Mən həmişə balamla danışandan sonra ürəyimdə bir rahatlıq hiss edirdim. Amma həmin danışıq digərlərindən fərqli oldu. Telefonu söndürəndə içimdə qəribə bir narahatlıq yarandı. Bunu heç kimə büruzə vermədim. Çünki əsgər anası kimi zaman-zaman buna bənzər hisslər keçirirdim. Düşünürdüm ki, yenə keçib gedər...”
Ana ürəyi yanılmamışdı. Gülzar xanım bildirir ki, Vüsalın sonuncu fotosu onların son görüşü zamanı çəkilib. Həmin şəkil indi ailəsi üçün 18 yaşında yarımçıq qalan bir ömrün ən əziz xatirələrindən biridir.

Anası ilə son danışığından iki gün sonra Vüsal antiterror tədbirləri zamanı şəhid olub. “Özünüzə yaxşı baxın” deyərək ailəsi ilə sağollaşan 18 yaşlı gənc özü Vətənin keşiyində dayanıb və Azərbaycanın dövlət suverenliyi uğrunda canından keçib.
Bu gün – sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Bu gün azad Qarabağda üçrəngli bayrağımız dalğalanır, xalqımız bütün ölkə ərazisində suverenliyinin bərpasını qürurla qeyd edir.
Bu günləri Azərbaycan xalqına Vüsal kimi igid Vətən övladları bəxş ediblər. Onlar qayıtmadılar ki, Azərbaycan öz torpaqlarına qayıtsın. Onlar yaşaya bilmədikləri sabahları xalqına miras qoydular.
Vüsal Orucovun isə cəmi 18 yaşı vardı...
Lamiyə Cənnətzadə