Modern.az

"Tarix müəllimi olmadıq, tarix yazarıq" - şəhid Elgün

"Tarix müəllimi olmadıq, tarix yazarıq" - şəhid Elgün

Ölkə

Bu gün, 17:25

Bu gün sinif otaqlarında ağ tabaşirlə gələcəyin tarixini yazan, şagirdlərinin gözündəki ümid işığı ilə yaşayan müəllimlərin günüdür. Ancaq bəzi müəllimlər də var ki, sinif otağına girmədən gələcək nəsillərə böyük dərs verərək tarixə imzalarını atdılar. O igidlərimizdən biri də Elgün Quliyevdir.

Elgünün bacısı Aysel Quliyeva qardaşının tamamlanmayan arzusundan, müəllimlik xəyalından və şəhidlik zirvəsinə ucalmağından Modern.az-a danışıb.

Aysel xanımın sözlərinə görə Elgünün müəllimliyə həvəsi olmasa da şəhid olmadan 1 il əvvəl müəllim olmaq istədiyini demişdi:

"Elgün Sumqayıt Dövlət Universitetinin tarix müəllimliyi ixtisasına qəbul olundu. Lakin bitirəndən sonra müəllim kimi fəaliyyət göstərmədi. Bir neçə özəl şirkətlərdə işləyirdi. Ancaq şəhid olmadan 1 il əvvəl müəllim kimi işləmək arzusu olmuşdu. Elə həmişə arzulayırdı ki, bircə müəllim olsaydım, bircə uşaqlara dərs desəydim, görəsən necə olar? Müəllim olanda necə olacaq?"

"MİQ imtahanında 60 baldan 52 bal topladı. Seçim edəndə 1-ci yerə Gədəbəy yazmışdı. Mən mesajda yazdım ki, Elgün oranı sil, deyirlər müharibə olacaq. Gədəbəy cəbhə bölgəsidi. Dedi ki yaxşı,silib başqa yeri yazarsan, amma belədə ki, tarix müəllimi olmadıq, tarix yazarıq. Yazdı da.  Həmin vaxt könüllü yazılıbmış bizim də xəbərimiz yox idi".



Aysel xanım deyir ki, o an yazdığı sözə əhəmiyyət verməyib. Ancaq sonradan Elgünün yazdıqlarının həqiqətə çevrildiyini görüb. 

"Müharibə başlayanda könüllü yazıldığını bizə bildirmədi. Elgünə dedik ki, Bakıda qalma, yanımıza qayıt. Dedi ki, gələcəm".

"Elgün Lerikə işə qəbul olundu, sənədlərin atamgil apardı. Elgün həmin vaxt müharibədə idi, özü görmədiyi üçün soruşdu ki, necə yerdir? Anamgil demişdi ki, elə bil cənnətdir. Mən isə o qədər sevinirdim, həvəslə qardaşıma deyirdim ki,müharibə bitib məktəbə ilk gələndə mən də səninlə birlikdə gedib jurnal yazmağa kömək edəcəm. Ancaq arzularımız reallaşmadı".

Elgünü son görüşüm 29 sentyabr oldu. Anamla, bizlə qısa vaxtda görüşdü və sağollaşıb, getdi. Son danışığımız isə noyabrın 5-də oldu. Mən ona dedim ki, Elgün çox önə atılma. O da dedi ki, bacı,mən qorxmuram. Elə son cümləsi bu oldu. Ayın 11-də şəhadətə ucalma xəbərini aldıq. Mənim dünyam başıma qaraldı". Aysel xanım göz yaşlarına hakim ola bilmədi və qeyd etdi ki, o 5 - 6 ay sonrasıyla bağlı heçnəyi xatırlamır. 



Tarix müəllimi Elgünün jurnalda adı yazılan səhifə boş qalsa da, tarixin şanlı səhifələrini adını vətən uğrunda canından keçərək,qanıyla yazdı.

Elgün Quliyev 1992-ci ilin 17 sentyabr tarixində Şamaxı rayonunun Göylər kəndində anadan olub. 1998-ci ildə T.Kərimov adına Şamaxı rayonu Göylər kənd 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. Sonrakı illərdə İsmayıllı və Şəki şəhərində orta məktəb təhsilini davam etdirib. Eyni zamanda 2008-ci ildə Şəki İslam Kollecindən məzun olub. 2009-cu ildə tam orta təhsilini başa vurduqdan sonra 2010-2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində “Tarix müəllimliyi” ixtisasına yiyələnib. 2020-ci ildə müəllimlərin işə qəbul imtahanından keçərək Lerik rayonunun Sors kəndində işə qəbul olub.
Elgün Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Lamiyə Cənnətzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?