Şirvan stansiyasından 32 kilometr şimal-qərbdə, Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb. Yerli vaxtla saat 10:09-da baş verən zəlzələnin maqnitudası 3,2 olub.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, maqnitudası 3 və daha yüksək olan zəlzələlər hiss olunub-olunmamasından asılı olmayaraq həm qurumun rəsmi saytında dərc edilir, həm də müvafiq Avropa seysmoloji qurumlarına göndərilir.
Onun sözlərinə görə, Hacıqabul ərazisində baş verən zəlzələ dərinlikdə qeydə alındığından hiss olunmayıb.
Q.Yetirmişli respublikanın digər bölgələrində də güclü və ya dağıdıcı zəlzələ ehtimalına münasibət bildirib. O qeyd edib ki, yaxın dövr üçün belə bir proqnoz yoxdur. Xırda təkanların baş verməsi təbiidir və narahatlığa əsas vermir. Hazırda güclü və dağıdıcı zəlzələ ehtimalını göstərən aktiv seysmogen zona müəyyən edilməyib.