Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının bərpası istiqamətində təmaslar davam edir. İşçi qruplar səviyyəsində danışıqların uzanması, atəşkəs və təhlükəsizlik təminatları ilə bağlı konkret nəticələrin əldə edilməməsi, eləcə də ərazi məsələsində tərəflərin mövqelərinin kəskin fərqlənməsi sülh prosesini mürəkkəbləşdirir. Ukrayna tərəfi isə mümkün razılaşmaların ölkənin suverenliyini və ərazi bütövlüyünü təhlükə altına atmamasını, gələcəkdə Rusiyanın yenidən hücumunun qarşısını alacaq təminatların yaradılmasını vacib sayır. Həmçinin Rusiya ilə Ukrayna arasında ABŞ-ın vasitəçiliyi ilə planlaşdırılan üçtərəfli danışıqların vaxtı və formatı ilə bağlı yeni təfərrüatlar məlum olub. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Əbu-Dabidə baş tutacaq görüş noyabrın 4-dən sonra keçiriləcək. Bundan sonrakı proseslərin necə yekunlaşacağı diqqətçəkən məqamlardır.
Ukraynalı siyasi şərhçi Oleksi Buryaçenko Modern.az-a açıqlamasında bildirib ki, bildirib ki, Ukrayna uzun müddətdir işçi qruplar səviyyəsində danışıqların bərpa edilməsinin zəruriliyini vurğulayır:
"Lakin təcavüzkar dövlət olan Rusiya Federasiyası bu danışıqları artıq yarım ildən çoxdur ki, bloklayıb. ABŞ və şəxsən Donald Tramp bu prosesi yenidən canlandırmağa çalışırlar. Artıq bununla bağlı bir neçə cəhdin şahidi olmuşuq. Stiv Uitkoff və Cared Kuşner Moskvaya iki dəfə səfər ediblər. Onlardan biri Kiyevdə də olub. Bu yaxınlarda Osloda görüş keçirilib. Bütün bu təmaslar zamanı sülh danışıqlarının mümkün formatları, o cümlədən hərtərəfli atəşkəs və dənizdə atəşkəs imkanları müzakirə olunub. Hazırda bu məsələlər danışıqlar masasında olan mövzulardır. Bununla yanaşı, işçi qruplar səviyyəsində danışıqların oktyabr ayında başlanması nəzərdə tutulurdu. Lakin sentyabrda olduğu kimi, oktyabrda da Rusiya prosesi sabotaj edib. İndi isə Rusiya Prezidenti Vladimir Putinin müşaviri Yuri Uşakov danışıqların ayın 10-u ətrafında keçirilə biləcəyini deyir. Eyni zamanda, Uşakov özü də həmin görüşdən hər hansı ciddi irəliləyiş gözləməyə dəymədiyini bildirir. Üstəlik, Uşakovun sözlərinə görə, Rusiya tərəfindən işçi qruplarda ölkəni Vladimir Medinski və hərbçilər təmsil edəcəklər".
Politoloqun sözlərinə görə, bu, Rusiya nümayəndə heyətində yüksək siyasi mandatın olmayacağı deməkdir:
"Biz bu cür danışıqları artıq İstanbulda görmüşük. Həmin vaxt Medinskidən Ruriklər sülaləsi haqqında psevdotarixi mühazirələrdən başqa, demək olar ki, heç nə eşitmədik. Ona görə də açığını desəm, işçi qruplar səviyyəsində danışıqlar prosesinin bərpasından heç kim xüsusi nəticə gözləmir. Əgər Rusiya tərəfinin təmsilçiliyi bu qədər zəif olacaqsa, indidən demək mümkündür ki, bu, növbəti imitasiya cəhdidir. Belə olan halda, hazırda prioritetləri və ya taktiki detalları müzakirə etməyin elə də böyük mənası yoxdur".
O.Buryaçenko əsas məqsədin sülhü təmin etmək olduğunu vurğulayıb:
"Bu, sülh sazişi, hərtərəfli atəşkəs və ya ayrı-ayrı istiqamətlərdə atəşkəs formatında ola bilər. Bu formatların hər biri müəyyən təminatları, o cümlədən monitorinq mexanizmlərini və razılaşmaların pozulmasına görə məsuliyyət tədbirlərini nəzərdə tutur. Lakin hazırda Rusiyanın hansı formatı nəzərdən keçirməyə hazır olduğu belə aydın deyil. Təhlükəsizlik təminatları və digər məsələlər barədə danışmağa isə hələ ehtiyac qalmayıb. Beləliklə, hazırda məsələnin özü kifayət qədər qeyri - müəyyən şəkildə qoyulub. Nəticə etibarilə, bir tərəfdən rusiyalıların danışıqlar prosesinə hazır olduqlarını, danışıqlar masasına əyləşməyə razılıq verdiklərini, Trampın xüsusi nümayəndələri Uitkoff və Kuşneri qəbul etdiklərini eşidirik. Ancaq digər tərəfdən, ruslar faktiki danışıqlar prosesinə keçmirlər".
Siyasi şərhçi deyib ki, söhbət heç də yalnız liderlər səviyyəsində görüşlərdən getmir:
"Ukrayna Prezidenti Volodimir Zelenski də məhz bunu deyir: danışıqlar prosesinə təkan vermək lazımdır. Məsələn, liderlərin görüşü çərçivəsində dialoqa başlamaq və atəşkəs barədə müəyyən razılaşmanın imzalanmasını nəzərdən keçirmək olar. Bu, heç olmasa, Rusiyanın növbəti dəfə prosesi imitasiya etmədiyini göstərməsi üçün bir addım ola bilərdi. Lakin əslində belə bir şey baş vermir. Biz yenə də işçi qruplar və onların mümkün görüşləri barədə söhbətlər eşidirik. Görünür, danışıqların keçirilməsi üçün Əbu-Dabi artıq gündəmdə deyil, bu dəfə İsveçrənin adı çəkilir. Eyni zamanda, Dmitri Peskovun Avropanın iştirakı ilə bağlı əvvəlki mövqeyindən fərqli açıqlamalarına da rast gəlirik. Rusiya əvvəllər avropalıların danışıqlar masasında iştirakına qəti şəkildə qarşı çıxırdısa, indi artıq Avropanı dinləməyə hazır olduğunu bildirir. Belə təəssürat yaranır ki, Rusiya danışıqlar prosesində tamamilə xaos yaradır. Açığını desək, artıq baş verənlərin mahiyyətini çox az adam anlayır. Hazırkı dövrün siyasi baxımdan həssas olması, məncə, ABŞ nümayəndə heyətinin və şəxsən prezident Donald Trampın davranışına ciddi təsir göstərir. Bu vəziyyət ruslar üçün olduqca əlverişlidir. Onlar bundan manipulyasiyalar aparmaq və növbəti şantaj cəhdlərinə əl atmaq üçün istifadə edirlər. Bu dəfə şantajın hədəfi ABŞ prezidentidir. Əlbəttə, ruslar müharibəni davam etdirmək niyyətindədirlər. Onlar nə sülhə, nə də atəşkəsə hazırdırlar. Hətta bir neçə günlük atəşkəsə belə hazır olduqlarını görmürük. Bütün bunlar aldanışdır, illüziyadır. Bu, növbəti imitasiya cəhdidir".
Onun sözlərinə görə hazırda strategiyadan, atəşkəs formatları, onların praktiki tətbiqi, təhlükəsizlik təminatları, sülhməramlı kontingentlər, İstəklilər koalisiyası, Ukraynanın bərpası və dondurulmuş aktivlər ətrafında söhbətlər gedir:
"Bütün bu müzakirələrin vahid məqsədi var. Əslində, iki məqsəddən danışmaq olar və onlar bir-biri ilə sıx bağlıdır: birincisi, insanların ölməsinin qarşısını almaq və müharibəni dayandırmaq, ikincisi isə Rusiyanın gələcəkdə yenidən hücum edə bilməməsini təmin etmək. Başqa sözlə, məqsəd müharibəni başa çatdırmaq və yeni təcavüzün qarşısını almaqdır. Rusiya isə bu ümumi məqsədə nail olmaq üçün faktiki olaraq heç bir addım atmır. Rusiya xaos yaratmaqda və müharibə aparmaqda davam etmək istəyir. Eyni zamanda, özünün olduqca qəribə oyununu oynayır. Hazırda ABŞ ilə münasibətlərdə müxtəlif razılaşmaların imzalanması barədə söhbətlər gedir. Lakin çox güman ki, bunlar münaqişənin həllinə gətirib çıxarmayacaq".
Politoloq qəbuledilməz güzəştlərdən də danışıb:
"Rusiya Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini tələb edir. Onlar bu əraziləri Donbas adlandırırlar. Lakin məsələ əslində torpaqdan ibarət deyil. Rusiya bu tələblərini ictimaiyyətə ərazi məsələsi kimi təqdim edir. Donbasdan və ərazilərdən danışır. Bunun səbəbi isə ukraynalıların öz torpaqlarını döyüşsüz təhvil verməyə hazır olmamalarıdır. Rusiya bunu çox yaxşı başa düşür. Hətta bu yaxınlarda keçirilmiş sosioloji sorğuların nəticələri də var. Həmin nəticələrə görə, respondentlərin təxminən 73 - 74 faizi ərazilərin verilməsini keçilə bilməyən qırmızı xətt hesab edir. Rusiyanın bu mövzudan necə istifadə etdiyini bilmirəm. Lakin aydındır ki, onlar situasiyanı manipulyasiya edirlər. Çünki Ukraynanın öz ərazilərini təhvil verməyə razılaşmayacağını başa düşürlər. İkincisi, bu, sırf taktiki məqsəddir. Hazırda Donetsk vilayətinin ərazisində Ukraynanın ən güclü istehkamları və müdafiə qurğuları yerləşir. Slavyansk və Kramatorsk kimi şəhərləri əhatə edən böyük şəhər aqlomerasiyası mövcuddur".
Ekspertin fikrincə, Rusiya üçün bu əraziləri ələ keçirmək hazırda çətindir:
"Əslində, onun bu məqsədə çatmaq üçün kifayət qədər resursu yoxdur. Demək olar ki, bu hədəfi hərbi yolla həyata keçirmək mümkün deyil. Bunun nə qədər vaxt aparacağını da söyləmək çətindir. Bəlkə də bunun üçün illər lazım olacaq. Məhz buna görə Rusiya hərbi yolla əldə edə bilmədiyini diplomatik kanallar vasitəsilə həll etməyə çalışır. Donetsk və Luqansk vilayətlərinin bütün ərazisi ilə bağlı tələblər irəli sürülməsinin başqa səbəbləri də var. Birincisi, bu tələb siyasi məqsədlər daşıyır. Vladimir Putin əvvəllər də bunu Rusiyanın əsas məqsədlərindən biri kimi təqdim edib. İkincisi, məsələ hərbi amillə bağlıdır. Rusiya uzun müddətdir ki, hərbi yolla ələ keçirə bilmədiyi əraziləri diplomatik yolla əldə etməyə çalışır. Həmin əraziləri yaxın gələcəkdə hərbi yolla ələ keçirə biləcəyi də inandırıcı görünmür. Burada başqa bir risk də var. Tutaq ki, gələcəkdə hansısa iqtisadi zona yaradıldı. Uitkoff və Kuşnerin də danışdıqları kimi, müəyyən demilitarizasiya edilmiş zona formalaşdırıldı və bu zona Donetsk və Luqansk vilayətlərinin ərazisinin bir hissəsini əhatə etdi. Belə olan halda, məsələn, hazırda işğal olunmamış ərazilər demarkasiya xəttinin o biri tərəfində qalarsa, Rusiya müəyyən vaxtdan sonra əldə olunmuş razılaşmanı yenidən poza və irəliləməyə davam edə bilər. Əslində, əsas risklərdən biri də budur. Çünki həmin ərazilərdən sonra daha az məskunlaşmış ərazilər başlayır. Daha sonra Dnepr və Xarkov kimi böyük şəhərlər yerləşir. Lakin bu istiqamətlərdə hazırda Donetsk vilayətindəki qədər ciddi istehkamlar və müdafiə qurğuları yoxdur. Əgər lazımi təhlükəsizlik təminatları, o cümlədən sülhməramlı kontingent və ya demarkasiya xətti boyunca başqa təsirli mexanizmlər təmin edilməsə, bu, Rusiyanı istənilən vaxt yenidən irəliləməyə həvəsləndirə bilər. Belə bir hücumun nəticələri isə son dərəcə ağır ola bilər. Ona görə də ukraynalıların öz ərazilərini və insanlarını təcavüzkara döyüşsüz təhvil vermək istəməməsi tamamilə başadüşüləndir. Amma məsələ yalnız ərazilərin verilib-verilməməsində deyil. Söhbət həm də ondan gedir ki, lazımi təhlükəsizlik təminatları olmadan belə bir addım atılarsa, Rusiyanın işğal zonasını daha da genişləndirmək üçün real imkanları yaranacaq".
O.Buryaçenko vurğulayıb ki, Rusiya növbəti dəfə əldə olunmuş razılaşmanı pozsa və yeni hücuma keçsə, bu, daha geniş ərazilərin işğalına səbəb ola bilər:
"Buna görə də Ukraynanın qırmızı xətləri bir neçə istiqaməti əhatə edir. Bunlar həm diplomatik, həm ərazi, həm də siyasi məsələlərlə bağlıdır. Zelenski, məsələn, Ukraynanın neytral statusunun qəbul edilməsinin mümkünsüzlüyündən də danışıb. Bu, siyasi baxımdan qırmızı xətdir. Ukraynanın NATO-ya üzvlüyü məsələsi isə mənim fikrimcə, ayrıca və daha mürəkkəb mövzudur. Bu məsələ Ukrayna Konstitusiyasında da əksini tapıb və gələcəkdə təhlükəsizlik təminatlarının bir hissəsi ola bilər. Lakin hazırda, müharibə davam etdiyi müddətdə, Ukraynanın NATO-ya üzvlüyünün reallaşması ehtimalı aşağıdır. Buna görə də bu məsələni sülhə nail olmaq üçün vasitə kimi istifadə etmək olarmı? Məncə, olar. Amma Ukraynanın NATO-ya üzvlüyü ilə onun bloklara qoşulmayan və ya neytral statusa malik olması arasında fərqi qarışdırmaq olmaz. Ukraynanın neytral statusu dedikdə isə daha geniş bir məsələ nəzərdə tutulur. Bu, müəyyən mənada Finlandiyanın keçmişdəki vəziyyətinə bənzəyir. Belə bir status Ukraynanın müxtəlif hərbi-siyasi və iqtisadi ittifaqlara qoşulmasının məhdudlaşdırılması demək ola bilər. Bu isə artıq ölkənin suverenliyinə məhdudiyyət qoyulmasıdır. Mənim fikrimcə, bu, sadəcə qırmızı xətt deyil, sözün əsl mənasında, keçilməsi mümkün olmayan möhkəm bir divardır. Ukraynada heç kim ölkənin suverenliyinin bu şəkildə məhdudlaşdırılmasına razılaşmaq niyyətində deyil. Bununla belə, əgər söhbət real və ciddi danışıqlardan gedirsə, müəyyən məsələləri gələcəkdə danışıqlar masasında müzakirə etmək mümkündür. Əsas şərt odur ki, bu, rusiyalıların növbəti imitasiya cəhdi olmasın".
Ekspert ABŞ-nin Ukraynanın mövqeyini nəzərə almadan Moskva ilə razılaşma əldə etməyə çalışması ehtimalına münasibət bildirərkən vurğulayıb ki, Ukraynanın maraqlarını nəzərə almadan Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində real irəliləyiş əldə etmək mümkün deyil:
"Çünki Ukrayna münaqişənin tərəflərindən biridir və eyni zamanda təcavüzün qurbanıdır. Təcavüzkarla qurbanın maraqlarını, prinsiplərini və dəyərlərini nəzərə almadan razılaşmaq olmaz. Üstəlik, Ukrayna böyük dövlətdir və istənilən halda öz mövqeyini ortaya qoya bilər. ABŞ Rusiya ilə istənilən məsələni müzakirə edə və ya hansısa razılaşma əldə etməyə çalışa bilər. Lakin söhbət həqiqətən hərtərəfli və etibarlı sülhdən gedirsə, bu sülhün təminatları təkcə Ukrayna üçün deyil, bütün region və dünya üçün əhəmiyyət daşıyır. Çünki bu münaqişə çoxdan Rusiya-Ukrayna müharibəsinin sərhədlərini aşaraq daha geniş beynəlxalq problemə çevrilib. Buna görə də Ukrayna danışıqlar prosesinin ayrılmaz hissəsi olmalıdır. Daha da konkret desək, Ukrayna haqqında Ukraynasız danışmaq olmaz. Əks halda, bu cür cəhdlər adətən heç bir nəticə vermir. Ukraynanın özünə aid olan danışıqlar prosesinə inteqrasiya edilməməsi o deməkdir ki, hətta müəyyən razılaşmalar əldə olunsa belə, onların real əhəmiyyəti olmaya bilər. Hətta kağız üzərində nəyinsə yazılması və imzalanması belə vəziyyəti dəyişməz. Çünki Ukrayna danışıqlar prosesində iştirak etmirsə, onunla bağlı əldə olunan razılaşmaların həyata keçirilməsi də ciddi sual altına düşür. Gələcək danışıqların mümkünlüyünə və hansı formatda keçirilə biləcəyinə gəlincə, hesab edirəm ki, əgər danışıqlar həqiqətən ayın 10-da, yaxud noyabrın 20-də keçirilərsə və Rusiya tərəfi yenə də aşağı səviyyəli siyasi təmsilçiliklə çıxış edərsə, hər hansı irəliləyiş gözləmək çətin olacaq. Əgər Rusiya nümayəndə heyətinə yenə Medinski rəhbərlik edəcəksə və siyasi qərarların qəbuluna cavabdeh şəxslər prosesdə iştirak etməyəcəklərsə, potensial irəliləyişdən danışmaq belə çətin olacaq. Tərəflər, bəlkə də, işçi qruplar səviyyəsində danışıqların bərpa olunduğunu elan edə bilərlər. Bunu siyasi prosesin müəyyən mənada yenidən canlandırılması, siyasi siqnal kimi də təqdim etmək mümkündür. Amma həmin prosesdən hansı nəticələrin əldə olunacağı başqa məsələdir. Məncə, ən yaxşı halda, bu danışıqlar əsirlərin növbəti dəfə dəyişdirilməsi kimi müəyyən humanitar nəticə verə bilər. Lakin hər hansı siyasi nəticənin əldə olunacağına inanmıram. Rusiya ya işçi qruplar səviyyəsində danışıqlar prosesini ümumiyyətlə davam etdirməyəcək, ya da onu heç bir ciddi nəticə əldə etmədən imitasiya etməyə davam edəcək. Çünki proses Donald Trampın irəli sürdüyü “güc vasitəsilə sülh” məntiqindən uzaqlaşdıqca vəziyyət dəyişir. Təcavüzkar dövlətə qarşı birgə və güclü mövqedən çıxış etməklə, ona təzyiq göstərməklə danışıqlar prosesində müəyyən konstruktiv nəticələr əldə etmək mümkündür. Amma bu yanaşmadan uzaqlaşdıqda proses planlaşdırıldığı kimi getmir. Rusiya ABŞ-nin zəif diplomatiyasını zəiflik kimi qəbul edir. Rusiya zəiflik hiss etdikdə isə daha aqressiv davranmağa başlayır. Belə olan halda, onun danışıqlar prosesində iştirak etməyə motivasiyası daha da azalır. Vaşinqtonda, Brüsseldə və Avropa paytaxtlarında bunu nə qədər tez dərk etsələr, Rusiyanı real danışıqlar masasına əyləşdirmək də bir o qədər tez mümkün olacaq. Bunun yolu güc nümayiş etdirməkdən və Rusiyaya qarşı vahid mövqedən çıxış etməkdən keçir. Əgər bu anlayış hələ də bəzi dairələrdə tam formalaşmayıbsa, Rusiya danışıqlar prosesini imitasiya etməyə və manipulyasiyalar aparmağa davam edəcək. Hazırda da məhz bunu edir".