
Bəzi gənclərimiz müəllim kimi peşə vəzifələrini Azərbaycanın ən ucqar kəndlərində yerinə yetirirlər. Gözdən-könüldən uzaqda olan kənd müəllimləri şəhərdə fəaliyyət göstərən həmkarlarından daha çətin işlə məşğuldurlar. Bizim növbəti müsahibimiz kimi…
Modern.az saytının budəfəki müsahibi pedaqoji fəaliyyətinə Quba rayon Zeyid kənd orta məktəbində başlayan Gülşən Yolçusoydur.
-1993-cü ildə Qəbələ rayonunda anadan olmuşam. 2010-cu ildə B.Pirmuradov adına Bayramkoxa kənd tam orta məktəbini bitirmişəm. Orta məktəbi bitirdikdən sonra Gəncə Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunmuşam. Ali məktəbi bitirdikdən sonra Təhsil Nazirliyinin təşkil etdiyi imtahanda iştirak etdim və Quba rayon Zeyid kənd ümumi orta məktəbində pedaqoji fəaliyyətə başladım.
-Müəllim olmaq istəyən hər bir kəs bu peşəni kiminsə simasında sevir. Bəs siz müəllim olmağa necə qərar verdiniz?
-Ali məktəbə hazırlaşarkən müəllim olmaq kimi bir fikrim yox idi. Qəbul imtahanında topladığım müvafiq bal bu ixtisası seçməyimə səbəb oldu. Öncələr ixtisasımı heç sevməsəm də, sonradan pedaqoji təcrübələrdə iştirak etdikcə, müəllimlik peşəsini sevməyə başladım. Uşaqlarla ünsiyyətdə olmaq və onlara nələrisə öyrətməyə çalışmağın nə qədər maraqlı olduğunu anladım. Sonuncu kursda oxuyarkən müəllimlərin işə qəbulu imtahanında iştirak etmək qərarına gəldim və imtahan haqqında maraqlandım.
-Necə oldu ki, ucqar kənd məktəbində müəllim işləməyə qərar verdiniz?
-Müəllimlərin işə qəbulu imtahanında iştirak etdikdən sonra pedaqoji fəaliyyətimə kənd məktəblərindən birində başlamaq fikrinə gəldim. Müsabiqənin nəticələri elan olunduqdan sonra seçimim ucqar kənd məktəbi oldu. Əksəriyyət çətinlikləri görərək, ucqar yerdə müəllim işləmək istəmir. Amma düşünmək lazımdır ki, orada da uşaqlar təhsil almaq istəyir və onlara müəllim lazımdır. Digər tərəfdən də cəsarətli olduğumu düşünürəm, pedaqoji fəaliyyətimə çətinliklərin içində başlamaq heç də asan deyil. Bu qərara gəlməkdə oxuduğum kitabların, izlədiyim filmlərin də böyük rolu olub.
-Ailəniz bu seçiminizi necə qarşıladı?
-Ailəm seçimimi normal qarşıladı. Kənddə işləməyi çox istədiyim üçün də mane olmadılar.

-İlk dərs gününüz nə ilə yadınızda qalıb?
-Məktəbin yerli müəllimlərinin əksəriyyəti kişilərdir. Şagirdlərə bu günə qədər qadın müəllimlər dərs deməmişdi. Ona görə də ilk dərs günü hamı tərəfindən böyük maraqla qarşılandım. Məni məktəbdə görən hər kəs “müəllimə gəlir ” deyib bir-birinə təbəssümlə baxırdı.
-Müəllimlik hər şeydən əvvəl tanrı sənətidir. Yeganə şəxsiyyətdir ki, valideynlər öz övladlarının tərbiyəsini və gələcəyini ona etibar edir. Sizcə, müəllim necə olmalıdır?
-Düşünürəm ki, müəllim hər şeydən öncə yaradıcı, işini, şagirdlərini sevən, hər zaman onlar üçün çalışan şəxs olmalı, uşaqların yalnız biliyini deyil, eyni zamanda dünyagörüşünün artmasına çalışmalı və həmişə dərsinə hazırlıqlı, məqsədli şəkildə girməlidir.
-Müəllim keçdiyi hər bir dərsə yeni yazacağı bir əsər kimi baxmalıdır. Ucqar kənd məktəbinə gələrək, siz həmin məktəbə hansı yenilikləri gətirdiniz?
-Yaşlı müəllimlərdən fərqli olaraq, işimə böyük həvəslə yanaşıram. Azərbaycan dili və ədəbiyyat dərslərini yeni təlim metodlarından istifadə etməklə keçirəm. Bu da uşaqların dərsə olan marağını daha da artırır, onlarda oxumaq həvəsi yaradır.
-Aylıq gəlirinizlə ehtiyacınızı ödəyə bilirsiniz? Orada yəqin kirayədə qalırsınız...
-Bəli, kirayədə qalıram. Amma aylıq gəlirimlə müəyyən qədər ehtiyaclarımı ödəyə bilirəm.

-Kənd məktəblərindəki şərait şəhər məktəbləri ilə müqayisədə bir o qədər ürəkaçan deyil. Dərs dediyiniz Zeyid kənd ümumi orta məktəbdə vəziyyət necədir?
-Kənd məktəbləri ilə şəhər məktəbləri müqayisə edilməzdir. Əksər kənd məktəblərinin təmirə ehtiyacı var. Kənddə qaz olmadığından sinif otaqlarını odunla isidirik. Eyni zamanda, kənddə yol problemi də var. Torpaq yol olduğu üçün qış aylarında kənd sakinləri üçün olduqca böyük çətinliklər yaranır, demək olar ki, rayon mərkəzi ilə əlaqə tamamilə kəsilir. Kəndə yağış yağanda insanlar böyük çətinliklərlə üz-üzə qalırlar, gediş-gəlişdə problemlər yaranır.
-Gənc müəllim kimi kənddə sizə münasibət necədir?
-Kiçikdən tutmuş böyüyə qədər kənd sakinlərinin hər birinin mənə qarşı münasibəti çox yaxşıdır. Zeyidlilərin xoş münasibəti, hörmət və qayğısı mənə daha da stimul verir, çətinliklərin öhdəsindən gəlməyimə kömək edir.
-Dərs dediyiniz kənddə valideyn-övlad münasibətləri hansı səviyyədədir?
-Kənddə valideyn-övlad münasibətləri normal şəkildədir. Hər bir valideyn çalışır ki, övladı təhsilini davam etdirsin, müəyyən bir peşənin sahibi olsun. Kənd məktəbi 9 illik olduğundan buranı bitirənlər tam orta təhsil almaq üçün başqa məktəblərə gedirlər. Baxmayaraq ki, bura ucqar dağ kəndidir, ancaq kənddən universitet və kolleclərə qəbul olunanlar da yetərincədir.
Vüsalə QƏZƏNFƏRQIZI