Asəf Hacıyevin sözlərinə görə, bu o deməkdir k, qəbul prosesində qoyulan suallar tələbənin ali məktəbdə təhsilini yüksək səviyyədə davam etdirməsinə xidmət etmir
Azərbaycanda ali təhsil müəssisələrinə daxil olmaq üçün orta məktblərə etibarlılıq dərəcəsi xeyli aşağı düşüb. Ali məktəbə daxil olmaq istəyən hansısa on birinci sinif şagirdinin hazırlıq kurslaına, repititor yanına getmədiyini heç təsəvvür edirsinizmi? Orta məktəblərə bu etibarsızlıq ali məktəblərə hazırlıq kurslarına və repititorlara tələbatı artırıb. Bu kursların bir çoxu isə məktəbliləri cəlb edərək onların həm vəsaitini alır, həm də onlarla istədiləri kimi rəftar edirlər.
“Araz” hazırlıq kursları Azərbaycanda ən çox məktəbli cəlb edən kurslardır. Modern.az saytına daxil olan məlumata görə, “Araz” kursları cəlb etdiyi məktəblilər arasından yalnız 700 bal toplamağa qadir olan uşaqları nəzarətə götürür, yerdə qalanlarla ümumiyyətlə ciddi maraqlanmır. Deməli bu kurs qəbul imtahanlarının nəticələrinə görə 700 bal toplayan abituriyentlərin çox faizinin məhz ona məxsus olması istiqamətində fəaliyyət göstərir. Modern.az mövzunu araşdırmağa başlayıb.
Hələlik isə məsələyə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Asəf Haciyevin münasibətini təqdim edirik.
Deputat qeyd edir ki, “Araz” kursu məktəbliləri məcburi toplamır: “Yəqin ki, valideynlər uşaqlarını özləri ora göndəririlər. Onu deyə bilərəm ki, hazırlıq kurslarının kütləvi xarakter daşıması ancaq təhsildə olan böyük problemlərdən irəli gəlir. Dünya təcrübəsində yalnız Türkiyədə hazırlıq kursları geniş yayılıb. Onlarda buna “dərsxana” deyirlər. Bu o demək deyil ki, biz də o sistemi götürməliyik. Baxın, sovet Azərbaycanında necə idi? O zaman hazırlıq cüzi xarakter daşıyırdı. Orta məktəblə ali məktəb arasında boşluq daha az idi. İndi Azərbaycanda bu boşluq getdikcə genişlənir. Burada problem nədədir, bilirsiniz, həm orta məktəbdə, həm də qəbul komissiyasında boşluq olmamalıdır. Valideynlər indi yaxşı bilir ki, orta məktəbdə alınan bilik ali məktəbə qəbul olunmaq üçün lazımı qədər olmayacaq.
Ona görə də belə kurslara üstünlük verirlər. Baxın, bu yaxınlarda dünya universitetlərinin siyahısı cap olunub. Bakı Dövlət Universiteti 1951-ci yerdədi. Bu çox narahatedici məsələdir. Təlim bəlkə də uşaq bağcalarından başlayır. Amma biz öyrənmişik orta məktəblərdən başlamağa. Axı orta məktəbdən sonra universitet gəlir və bu boşluq aradan qaldırılmalıdır”.
A.Hacıyev bildirir ki, əgər təhsildə problem yaranırsa, bu, xərcəng xəstəliyi kimi bütün sahələrdə özünü göstərəcək: “Ola bilər ki, orta məktəbdə elə suallar olsun ki, onlar ali məktəblərin qəbul imtahanlarına düşməsin, yaxud əksinə. Əgər məktəbdə problem varsa, bu, özünü qəbul prosesində göstərəcək, qəbulda varsa, özünü ali məktəbdə göstərəcək. Mətbuatda dərc olunur, nə qədər gənc ali məktəbə qəbul olunub, nə qədər gənc 700, 500 bal toplayıb.
Bundan sonra gəlin baxaq, yüksək balla ali məktəbə daxil olan uşaqlar necə oxuyurlar? Qəbul prosesində yüksək bal alan və ali məktəbi bitirənlər hansı müəssisələrdə çalışırlar və nə qədər uğurlu olurlar?
Onda bunun hər bir pilləsini qiymətləndirmək mümkün olacaq. Deyirik orta məktəblərdə xoşa gəlməyən hallar var, uşaqlar dərsə gəlmirlər, bununla da kifayətlənirik. Bütün bunlar öyrənilməli, qiymətləndirilməlidir. Problem araşdırılmalıdır ki, bizim dərdimiz nədədir? Sonra o dərd aradan qaldırılmalıdır, yoxsa kimisə tənqid etməklə də iş düzəlməyəcək”.
Deputat deyir ki, ölkənin gələcəyi təhsillə bağlıdır, təhsində olan problemlər isə hamını narahat etməlidir: “Çünki bu ölkə hamımızın ölkəsidir. Öna görə də, hamımız bu sahənin problemlərinin aradan qaldırılmasında maraqlı olmalıyıq. Tənqidi fikirləri də qəbul etmək lazımdır. Təhsilimizdə müsbət işartılar da var, buna şübhə yoxdu. Orta məktəbdə də, qəbul prosesində də, ali məkdəbdə də pozitiv hallar xeyli artıb.
Amma bir məsələni açıq qeyd etmək istəyirəm, mən özüm də müəlliməm, bəzən yüksək balla ali məktəblərə qəbul olunan uşaqlarımız ən sadə suallara çavab verə bilmirlər.
Bu o deməkdir k, qəbul prosesində qoyulan suallar tələbənin ali məktəbdə təhsilini yüksək səviyyədə davam etdirməsinə xidmət etmir. Ayrı şeyə xidmət edir. Demirəm ki, hamısı belədi. Ancaq neqativ hallar aradan qaldırılmalıdır. Hesab edirəm ki, dünyada ideal hec nə yoxdur. Bu gün Azərbaycan təhsili irəli getsə də, böyük problemlər də yaşanır. Bu təhsilimizin hər üc pilləsinə aiddir.
Təhsil elə sahədir ki, burada qərarların qəbul edilməsi problemi dərhal və tam aradan qaldıra bilməz. Təhsildə problemləri aradan qaldırmaq üçün pillə - pillə işləməliyik, bunlara zaman lazımdır”.
Sədaqət Süleymanova