Azərbaycanda Ailə Konsepsiyası sənədi hazırlanır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, hazırda Dövlət Komitəsi Ailə Konsepsiyası sənədini yekunlaşdırmaq üzrədir:
“Biz artıq onu hazırlamışıq, müvafiq dövlət orqanlarına göndərilib. Onlar təkliflərini bizə təqdim edirlər”.
Bahar Muradovanın sözlərinə görə, sənəd müasir dövr üçün Azərbaycanın yanaşmasını və qarşıdakı vəzifələri müəyyən edən siyasi çərçivə rolunu oynayacaq.
Komitə sədri qeyd edib ki, sənəd qəbul edildikdən sonra onun icrası ilə bağlı fəaliyyət planları da hazırlanacaq.
O əlavə edib ki, hazırda Uşaq Strategiyasının 2026–2030-cu illəri əhatə edən ikinci Fəaliyyət Planının yekunlaşdırılması istiqamətində də iş gedir.
Bahar Muradova bildirib ki, sosial-iqtisadi amillərin ailə institutuna təsiri ilə bağlı təhlillər aparılıb və bu məsələlər illik məlumatda da əksini tapıb.
Onun sözlərinə görə, əsas problemlərdən biri mənzil şəraitinin yaxşılaşdırılması, gənclərin məşğulluğu və icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsidir.
Komitə sədri vurğulayıb ki, reproduktiv sağlamlıq sahəsində ayrıca qanunun qəbuluna ehtiyac var:
“Bir çox hallarda uşaq doğumunun azalması tibbi dəstəyə ehtiyacın tam ödənilməməsi ilə bağlı olur”.