Deputatla seçicinin görüşü deyəndə adətən göz önünə rəsmi qəbul otağı, qarşı-qarşıya qoyulmuş masa və problemlər yazılmış ərizə gəlir. Ancaq 124 deputat arasında seçiciləri ilə çox səmimi olan deputatlar da var.
Modern.az deputatların sosial şəbəkələrdə açıq şəkildə paylaşdıqları fəaliyyətləri nəzərdən keçirərək seçicilərlə daha səmimi və birbaşa ünsiyyət görüntüləri millət vəkillərini bir araya gətirib.

46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimovanın sosial şəbəkə paylaşımlarında seçicilərlə səmimi ünsiyyəti var.
Deputatın görüşləri yalnız qəbul otaqlarında baş tutmur. Məsələn, Sumqayıtın Kimyaçılar qəsəbəsində sakinlərlə elə yaşadıqları məhəllədə görüşüb. İnsanlar deputatın ətrafına toplaşaraq problemlərini birbaşa çatdırıblar. Paylaşımda sosial məsələlər, məşğulluq və kommunal xidmətlərlə bağlı müraciətlərin səsləndirildiyi qeyd olunur.
E. Akimovanın səhifəsində şəhid ailələrinin evlərinə baş çəkdiyini göstərən paylaşımlar da az deyil. O, 44 günlük Vətən müharibəsi şəhidi Səbuhi Həsənquliyevin anası Maisa xanımı evində ziyarət edib. Görüş çay süfrəsi arxasında davam edib, şəhidin uşaqlığı, döyüş yolu və xatirələri barədə söhbət aparılıb.

61 saylı Qusar seçki dairəsinin deputatı Azər Badamovun da seçicilərlə görüşlərini daha çox kənd sakinlərinin gündəlik həyatının içində keçir.
Məsələn, Qusarın Girik kəndində keçirilən səyyar qəbul üçün xüsusi zal və ya kabinet seçilməyib. Deputat kənd sakinləri ilə açıq havada, ağacların altında qoyulmuş skamyada əyləşərək söhbət edib. Görüş zamanı elektrik təsərrüfatının qəzalı vəziyyətdə olması, Samur-Həzrə asfalt yolunun vəziyyəti, torpaq sahələrində ağacların kəsilməsi, eləcə də digər sosial-məişət məsələləri müzakirə olunub.

Seçiciləri ilə səmimi münasibəti ilə seçilən deputatlardan biri 97 saylı Tərtər - Ağdərə - Goranboy seçki dairəsinin deputatı Anar Məmmədovdur.
Onun paylaşımlarında seçici ilə deputat arasındakı rəsmi məsafənin mümkün qədər azaldığı hiss olunur. A. Məmmədov təmsil etdiyi bölgədə insanları qəbul otağında deyil evlərində qəbul edir. Bəzən görüş evdə açılan çay süfrəsi arxasında, bəzən həyətdə ağac kölgəsində baş tutur. Sakinlərlə əl tutub görüşür, qucaqlaşır, çay içə-içə söhbət edir, onların qayğılarını dinləyir.
A. Məmmədovun şəxsi “Facebook” hesabında paylaşımlara əsasən fotolarda protokol xarakterli görüşdən daha çox evə gəlmiş qonaqla ailə arasındakı ünsiyyəti xatırladan mənzərələr görünür.
Deputat bölgənin ağsaqqallarını da yaddan çıxarmır. Onları doğum günlərində ziyarət və xüsusi paylaşımlar edir.
Anar Məmmədovun səhifəsində başqa məqam isə çay süfrələrinin çoxluğudur. Seçici ilə kabinetdə 15 dəqiqəlik qəbul əvəzinə onun evində çay içib söhbət etmək deputat-seçici münasibətinə tamam başqa ab-hava verir.

7 saylı Səbail seçki dairəsinin deputatı Nigar Arpadarainin sosial media paylaşımlarında seçicilərlə ünsiyyətin əsasən açıq havada, məhəllələrdə və daha sərbəst formatda qurulduğu görünür.
Deputat Səbailin müxtəlif ərazilərində sakinlərlə səyyar görüşlər keçirir. Bayıl-20 yaşayış sahəsindəki görüşdə sakinlərlə ağac kölgəsində, masa arxasında əyləşərək onların müraciətlərini dinləyib. Gülbala Əliyev küçəsində və Qafur Məmmədov parkında keçirilən görüşlərdə də sakinlər problemlərini birbaşa deputata çatdırıblar. Paylaşılan fotolarda görüşlərin böyük iclas formatından daha çox məhəllə söhbətini xatırlatdığı görünür.
N. Arpadarainin səhifəsində qadın və gənclərlə görüşlər də ayrıca yer tutur. “Güclüyəm, Dəyərliyəm, Qadınam” layihəsi çərçivəsində Səbaildən olan gənc qızlarla parkda, açıq havada görüşüb. Burada təhsil, karyera, əmək bazarındakı çətinliklər və işlə ailə həyatı arasında balans kimi mövzular müzakirə edilib.

120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədovun paylaşımlarında seçicilərlə ünsiyyətin daha çox qeyri-rəsmi mühitdə davam etdirir. Deputat səfərləri zamanı görüş və qəbullarla yanaşı, illərdir tanıdığı seçicilərə ayrıca baş çəkdiyini də paylaşır.
Onun səhifəsində müəllimlərlə ünsiyyət də yalnız rəsmi tədbir formatında görünmür.Deputat müəllimlərlə görüş zamanı çay süfrəsi arxasında söhbətlə yanaşı, onlarla birlikdə stolüstü tennis də oynayıb. Paylaşılan fotolarda deputatın raketkanı əlinə alaraq müəllimlərlə oyuna qoşulduğu görünür.
Sosial media hesabında daha həssas məqamları əks etdirən ziyarətlər də var. Ceyhun Məmmədov Biləsuvarın Cəbrayıl qəsəbəsində əslən Cəbrayıldan olan şair-publisist Mirzə Mirim oğlu Mirimovun ailəsinə başsağlığı verməyi də unutmayan deputatlardandır.

89 saylı İsmayıllı seçki dairəsinin deputatı Novruz Aslanın sosial şəbəkə hesabında seçicilərlə keçirilən ənənəvi qəbullarla yanaşı, daha fərdi münasibətləri göstərən paylaşımlar var.
Bunlardan ən maraqlısı deputatın Səma adlı azyaşlı seçicisi ilə ünsiyyətidir. N. Aslan onu “sədaqətli balaca dostum” adlandırır. Paylaşımlardan görünür ki, bu tanışlıq birdəfəlik foto ilə yekunlaşmayıb, deputat 2024-cü ildə Səma ilə görüşünü paylaşdığı kimi, 2026-cı ilin iyulunda İsmayıllının Eyyubəyli kəndində yenidən onunla görüşüb və bunu “Səma qızımızla ənənəvi görüşümüz” sözləri ilə təqdim edib.
Deputatın səhifəsində daha klassik seçici görüşləri də yer alır. İsmayıllıda keçirilən qəbullarda sakinlər onunla görüşərək müraciətlərini çatdırırlar. Fotolardan bəzi görüşlərin böyük və rəsmi zallardan daha çox, sadə masa arxasında və yerli şəraitdə keçirildiyi görünür.

17 saylı Yasamal üçüncü seçki dairəsinin deputatı Göydəniz Qəhrəmanovun sosial şəbəkə paylaşımlarında səyyar görüşlərin mütəmadi keçirilir. Deputat seçiciləri yalnız qəbul otağına dəvət etməklə kifayətlənməyərək Yasamalın müxtəlif küçə və məhəllələrinə gedir.
Paylaşılan görüntülərdə bu görüşlərin xüsusi hazırlanmış tədbir formatında olmadığı görünür. Deputat sakinlərlə binaların həyətində, küçədə, ağac kölgəsində söhbət edir. Bəzən bir neçə sakinin əhatəsində problemləri dinləyir, bəzən isə məhəllədəki mağazaya daxil olub sahibkarla söhbətləşir.

55 saylı Siyəzən - Quba - Xızı seçki dairəsinin deputatı Müşfiq Məmmədlinin sosial media paylaşımlarında seçicilərlə görüşlərin əhəmiyyətli hissəsinin kəndlərdə və sakinlərin yaşadığı ərazilərdə keçirildiyi görünür.
Deputat Qubaya səfərləri zamanı Xınrt, Xırt, Qonaqkənd və Afurca kimi yaşayış məntəqələrində sakinlərlə görüşüb. Bəzi görüşlər açıq havada, kənd sakinlərinin toplaşdığı yerlərdə, digərləri isə daha geniş toplantı formatında keçirilib. Sakinlər yol, kommunal infrastruktur, tibbi xidmət və təhsillə bağlı məsələləri deputata çatdırıblar.
M. Məmmədlinin paylaşımlarında əsas məqamlardan biri problemlərin olduğu ərazilərə də getməsidir. Girizüstü-Zamınsu sürüşməsindən sonra yol tikintisinin aparıldığı əraziyə baş çəkərək orada çalışan yerli sakinlərlə söhbət edib, görülən işlərlə maraqlanıb.

81 saylı İmişli seçki dairəsinin deputatı Razi Nurullayevin sosial media fəaliyyətində seçicilərlə ünsiyyətin bir qədər fərqli forması görünür. Deputat görüş və ziyarətlərlə yanaşı, vətəndaşların üzləşdiyi problemləri yerində çəkərək video formatında ictimailəşdirir.
Onun paylaşımlarında kənd məktəbləri ilə bağlı məsələlər xüsusi yer tutur. Məsələn, İmişlinin Ağamallar kənd məktəbinin kollektivi ilə görüşərək məktəbin bağlanması ehtimalı ilə bağlı müəllimlərin narahatlığını dinləyib. Məmmədli kənd məktəbində də müəllim kollektivi ilə görüşərək onların problemləri və təklifləri ilə maraqlanıb.
R. Nurullayevin səhifəsində kənd təsərrüfatı ilə məşğul olan seçicilərin gündəlik qayğılarına dair videolar da var. Paylaşımlardan birində aqronomla birlikdə təsərrüfata baş çəkərək bir hektar taxılın becərilməsinin xərcini və fermerin əldə etdiyi qazancı müzakirə edib.
Deputatın sosial mediasında şəhid ailələrinin evlərinə ziyarətlər də yer alır. Qaralar kəndində şəhid baş leytenant Cavid Dədəkişiyevin atası Gülbaba kişi ilə öz evində görüşərək söhbət edib.