İyul ayının 14-də Milli Məclisin növbədənkənar iclasının sonuncu iclası keçirilib və bununla da parlamentin yaz sessiyası başa çatıb. Payız sessiyası isə qanunvericiliyə uyğun olaraq, sentyabrın 30 başlayacaq. Yəni hazırda deputatlar tətildədirlər. Deputatların yay tətilində hansı işlərlə məşğul olması, seçicilərlə görüşlər keçirib-keçirməmələri, seçicilərin onlara əsasən hansı məsələlər üzrə müraciətlər etməsi diqqətçəkən nüanslardandır. Digər yandan yay tətilində deputatların payız sessiyası üçün hansı təklifləri hazırlamaları da maraq doğuran məsələlər sırasındadır.
Modern.az bununla əlaqədar deputatlar arasında sorğu keçirib.
Saytımız açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, seçicilərlə hər bir görüş maraqlı və yaddaqalandır:
"Çünki bu görüşlərdə çox vacib məsələlərə, həm də problemlərə toxunulur. Seçicilər həm öz arzu və şikayətlərini bildirir, həm də ölkədə gedən siyasi proseslərə qiymət verirlər. Görülən işləri yüksək qiymətləndirdikləri kimi, həm də müəyyən çatışmazlıqları gündəmə gətririrlər. Bu təklif və istəkləri dinləmək, onları qeydə alıb, müəyyən məsələləri müvafiq dövlət orqanları qarşısında qaldırmaq deputatın əsas vəzifələrindən biridir. İnsanlarla görüş, sıx təmas gələcək üçün vacibdir. Bu gün kənddə yaşayan insanları ölkənin sosial iqtsadi məsələləri, təhlükəsizliyi ciddi maraqlandırır. Ölkədə yaranmış ictimai-siyasi sabitliyə, işğaldan azad olunmuş ərazilərdə aparılan bəpa-quruculuq işlərinə görə, əlbəttə, ölkə başçısına sonsuz minnətdarlıqlarını bildirirlər. Yeni iş yerlərinin açılması, suvarma sisteminin daha da təkmilləşdirilməsi, aqrar sektora qayğı göstərilməsi vacib məsələ kimi qarşıya qoyulur. Çünki kənddə yaşayıb işləyən hər bir şəxs torpaqdan, sudan bəhrələnir. Bu məsələlərin vaxtında həlli onların həyat şəraitinin yaxşılaşdırılması üçün vacibdir. Bununla yanaşı, əksər müraciətlər işlə təmin olunmaq barədədir. Haqlı və haqsız tələblər mövcuddur. Ancaq insanları dinləmək çox vacib və əhəmiyyətlidir. Çünki hər bir şəxs öz mövqeyindən, baxışılarından çıxış edir. Bəzən reallıqları qiymətləndirməmək, hadisələrə düzgün yanaşmamaq heç də vətəndaşa laqeydlik doğurmamalıdır. Bütün məsələlər ümumiləşdirilir və biz deputatlar bu mövzulara dövlətin mövqeyindən yanaşırıq".

T.Rzayevin sözlərinə görə, parlamentin yaz sessiyası Aqrar siyasət komitəsi üçün uğurlu keçib:
"Yaz sessiyasında Aqrar sektora aid bir çox məsələlər iclaslarda geniş müzakirə olundu və çox vacib qanunlar qəbul edildi. Prezident cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” əlbəttə, işimizin əsasını təşkil etdi. Bu proqram müvafiq dövlət orqanlarının iştirakı ilə istər dinləmə formatında, istərsə də komitəmizdə geniş müzakirə olundu. Proqramdan irəli gələn iki mühüm qanun- toxumçuluq və balıqçılıq haqda qanun layihələri üç oxunuşdan keçdi və qəbul edildi. Bu qanunlar çox vacib sənədlər idi. Çünki toxumçuluğu inkişaf etdirmədən yüksək məhsuldarlıq əldə etmək mümkün deyil. Azərbaycanda balıqçılığın potensialı var. Və bu ərzaq təhlükəsizliyinin təmini üçün vacibdir. Torpaq məcəlləsi, torpaq satışı haqda və digər mühüm qanunlara əlavə və dəyişikliklər edildi. Payız sessiyasında da çox əhəmiyyətli qanunların qəbul ediləcəyinin təmin olunacağını yəqin edirik. Çünki proqramdan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün sahə qanunlarının qəbul edilməsi gələcək üçün vacibdir. Mütləq bu qanunlar gündəmə gəlməlidir. Bu gün parlament üzvləri istirahətdədir. Buna baxmayaraq, mətbuatdan da göründüyü kimi ölkədə gedən ictimai-siyasi hadisələrə çox vacib əhəmiyyətli münasibətlər bildirilir. Düşünürəm ki, aqrar siyasətin inkişafı üçün payız sessiyasında bir çox vacib məsələlərin gündəmə gətirilməsi diqqət mərkəzində olacaq. Xüsusilə də, su təsərrüfatı sisteminin daha da təkmilləşdirilməsi, su təminatının yaxşılaşdırılması, istehsal olunan məhsulun keyfiyyətinin artırılması, yəni orqanik məhsulların yetişdirilməsi, heyvandarlığın inkişaf etdirilməsi, kənddə müasir texnologiyaların tətbiqi məsələləri payız sessiyasında gündəmdə olacaq".
İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov qeyd edib ki, hazırda parlament nümayəndələri məzuniyyətdə olsa da, onun seçiciləri ilə görüşləri davam edir:
"Hzırda keçirdiyimiz görüşlərin formatı müxtəlif və fərqli olur. Onu da deyim ki, bu görüşlər xüsusi əhəmiyyət daşıyır. Hətta yay tətili çərçivəsində Nabranda yerləşən Təhsil İstirahət Mərkəzinə səfərimiz zamanı da oradakı seçicilərimzilə görüşüb, bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardıq. Əlavə olaraq, vətəndaşlarla gündəlik olaraq müxtəlif təmaslarım olur. Bu ayda eyni zamanda seçicilərimizlə bir yerdə iki dəfə iməclikdə iştriak etmişik. Bu iməcliklərdə də müxtəlif məsələlər ətrafında müzakirələr aparmışıq. Təbii ki, biz qəbullarla yanaşı eyni zamanda açıq görüşlərə də üstünlük veririrk. Fərdi qəbullar, bəzən geniş formatda müxtəlif görüşlər olur. Bu ay eni zamanda Cəbrayıl qəsəbələrində də görüşlərimiz oldu. Ümumi götürdükdə, 3-4 açıq görüşümüz olub".

C.Məmmədov seçicilərin əsas şikayətlərindən də söz açıb:
"Seçicilər tərəfindən əsas müraciətlər təqaüd və pensiya ilə bağlıdır. Yenə də təhsil işçilərinin işlə təmin olunma, sertifikasiya, eləcə də mədəniyyət işçilərinin işdən çıxarılma ilə bağlı çoxlu müraciətləri var. Bütün məsələlərin hamısını aidiyyəti qurumlar qarşısında qaldırmışıq. Payız sessiyasında müəyyən adadımların atılmasına ehtiyac var. Təhsillə bağlı islahatlar, təhsil prosesinin tənzimlənməsi, eyni zamanda burada toy və yas məclisləri ilə bağlı məsələlər və digər bir çox vacib mövzular ətrafında müzakirələrin aparılmasından söhbət gedəcək".
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da yay tətili olmasına baxmayaraq, seçicilərlə görüşdüyünü və mətbuatla mütəmadi əməkdaşlığı davam etdirdiyini söyləyib:
"Avqust ayının ilk on günündə tətil olmasına baxmayaraaq, müraciətləri nəzərə alaraq seçicilərlə görüş keçirdik. Növbəti görüş avqustun 18-ə planlaşdırılır. Əslində biz avqust ayında iki görüş keçirib, onların qaldırdığı məsələlərlə əlaqədar həm sorğuların göndərilməsi, həm də müvafiq dövlət qurumları ilə əlaqələrin saxlanılmasını həyata keçirdik və proses davam edir. Mətbuat vasitəsilə də bir sıra təkliflərimiz olub. Parlamentin plenar iclasları qanunvericiliyə uyğun olaraq oktyabrın 1-dən keçirilməyə başlanacaq. Buna baxmayaraq, mətbuat vasitəsilə xüsusən iqtisadi və sosial məsələlər üzrə təkliflərimizi təqidm etməkdə davam edirik. Bir daha qeyd edirəm ki, tətil olmasına baxmayaraq, həm seçicilərimizlə görüşlərimiz, həm də mətbuatla əməkdaşlıq əvvəlki qaydada davm etdirilir".
Parlamentin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli avqust ayında seçicilərlə iki görüşün baş tutduğunu bildirib:
"Quba rayonunun Zərdova və Qonaqkənd istiqamətlərində yaşayan seçicilərimizlə görüşlər keçirmişik. Burada infrastruktur və kənd təsərrüfatı işlərinin, eləcə də hazırda kənd payı bölgələrində qızğın fəaliyyətin zamanıdır. Qış ehtiyatlarının, məhsulların, heyvandarlıqla məşğul olanlar tərəfindən ot-yem ehtiyatının toplanması, digər kənd təsərrüfatı sahələrində məhsul yığımı istiqamətində işlər görülür. Quba Azərbaycanın ən məhsuldar kənd təsərrüfatı bölgələrindəndir. Bu səbəbdən seçicilərimizdən kənd təsərrüfatı ilə bağlı görülən işlər, infrastruktur, o cümlədən məşğulluq problemləri ilə əlaqədar müvafiq müraciətlər olub. Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən yeni islahatlar proqramı cənab Prezident tərəfindən elan olunub. Bu prosesdə zəhmətkeşlərimizin, fermerlərimizin, fərqli təsərrüfat sahiblərinin müvafiq təklifləri qeydə alınıb. Prosesin sürətləndirilməsi üçün məhsuldarlığın artırılması, kənd təsərrufatı məhsullarının ixracı üçün müvafiq logistika, dövlətin dəstək mexanizmlərinin fəaliyyətə keçirilməsi üçün qarşıda olan manelərin aradan qaldırılması, islahatların sürətləndirillməsi üçün ərazidə konkret sahədə çalışanların fikirləri öyrənilib və bu istiqamətdə müvafiq müraciətlər hazırlanıb".

M.Məmmədli payız sessiyasında Səhiyyə komitəsinə aid məsələlər üzrə müəyyən təkliflər hazırlamağı planlaşdırdığını qeyd edib:
"Ölkəmizdə təbii ki, səhiyyə islahatları da həyata keçirilir. Artıq bu sahə daha məsulliyyətli, məhsuldar dövrə qədəm qoyub. Mən də Səhiyyə komitəsinin üzvü kimi müəyyən təkliflər hazırlayıb payız sessiyasında uyğun vaxtda komitə və plenar iclaslarda onları diqqətə çatdırmağı planlaşdırıram. Parlament fəaliyyətinə ara verilməsindən istifadə edərək Türkiyə və Şimali Kipr Türk Respublikasına təhsil alan gənclərimiz və onların təklifləri, eləcə də xaricdə təhsil alan gənclərimizin daha uğurlu fəaliyyəti üçün müvafiq görüşlər keçirilib. Bir sıra Türkiyə və Şimali Kipr Türk Respublikası universitetlərində görüşlər keçirmişəm. Bu istiqamətdə də müəyyən təkliflərim olacaq".
Səhiyyə komitəsinin üzvü Məlahət İbrhimqızı məzuniyyətdə olmasına baxmayaraq, telefonlarının 7/24 saat açıq olduğunu söyləyib:
"Bildiyiniz kimi Milli Məclisin deputatlarının yay tətili bu il iyulun 15-dən başlamış və avqustun 30-dək davam edir. Buna baxmayaraq, təmsil etdiyim Nəsimi-Binəqədi rayon seçicilərinin, eləcə də ölkəmizin müxtəlif bölgələrindən müraciətlər olub. Məzuniyyətdə olsaq da, telefonlar 7/24 saat açıqdır. Belə ki, bu müddət ərzində 20-dən çox seçici mənə və köməkçimə müraciət edib".
M.İbrahimqızı həm onlayn, həm də fərdi şəkildə keçirdiyi görüşlərdə seçicilərin problemləri ilə bağlı müvafiq tədbirlər görüldüyünü bildirib:
"Daxil olan müraciətlərdə daha çox sosial təminat məsələləri üstünlük təşkil edir. Bundan başqa səhiyyə, maddi dəstək, hüquq-mühafizə orqanları və təqaüd məsələləri ilə bağlı müraciətlər də daxil olub. Müraciətlərin həlli istiqamətində imkan və qanun çərçivəsində dəstək göstərilib".
Milli Məclisin Müdafiə, təhlüküəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə hazırda Mingəçevirdə olduğunu və seçiciləri ilə görüş keçirəcəyini deyib:
"Vaxtaaşırı Mingəçevirdə oluram və seçicilərimlə görüşürəm. Köməkçi Mingəçevirdə yaşayır və o Vətən Müharibəsi iştirakçısı, qazi, ehtiyyatda olan mayordur. O da mütəmadi olaraq, mənim tapşırığımla seçicilərin problemləri ilə məşğul olur. Seçicilərlə iş onları qəbulla kifayətlənmir. Mənim telefon nömrəmi Mingəçevirdə praktiki olaraq, hamı bilir. İstəyən istədiyi vaxt mənə zəng edə və mesaj göndərə bilir. Bu günlərdə Mingəçevirdə seçicilərimdən biri tibb bacısı olan yoldaşının problemi ilə bağlı mürciət etmişdi. Məsələni aydınlaşdırdıq. Heç bir problem yaranmadı. Mingəçevirlə bağlı hər hansı məsələni eşitdikdə, ani olaraq, icra hakimiyyəti baçısı İlham İsmayılovla, yaxud bələdiyyə sədri Anar müəllimlə əlaqəm olur. Mingəçevirin uğurları, çətinlikləri və prespektivləri ilə bağlı daim məlumtlıyam. Seçicilərimlə əlaqələrim heç vaxt kəsilmir".
A.Mirzəzadə seçicilərlə görüşdə topladığı informasiya, yaxud da qaldıracağı məsələləri ancaq sessiyadan sessiyaya gündəmə gətirmədiyini deyib:
"Haradsa bir məsələ yaranırsa, onunla bağı nazirliklərə, xidmətlərərə, müvafiq orqanlara çıxıram. Hökumət orqanları ilə ya görüşüm olur, ya telefonla əlaqə saxlayırıq, ya da məktubla müraciət edirəm. Məsələyə onu ancaq parlament səviyyəsində qaldırmaq kimi başa düşmürəm. Qanunun deputata verdiyi səlahiyyətlər çərçivəsində məsələlərin həllinə çalışıram. Düzdür, elə məsələlər var ki, təkcə bizim səlahiyyətimizdə olmur və onunl bağlı daha dərindən işləmək üçün təkliflərimiz olmalıdır. Mən də öz təkliflərimi verirəm. Payız sessiyasında qaldıracağım mövzular sırasında büdcə, təhsil, Mingəçevirdə yeni müəssisələrin açılması kimi məsələlər yer alır. Öz seçicilərimə mənə etimad göstərdikləri üçün minnətdaram. Parlament üzvünün gücü onun seçiciləri ilə, seçildiyi dairə ilə sıx əlaqəsindədir".
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov da avqust ayında iki görüş keçirdiyini deyib.
O qeyd edib ki, görüşlərin hər ikisi Bakıda, Milli Məclisin inzibati binasında təşkil olunub:
"Bu qəbullarda ümumilikdə 10 vətəndaş iştirak edib və hər bir vətəndaşla fərdi qaydada görüş keçirilib. Əsas məqsədimiz vətəndaşların müraciətlərini formal şəkildə dinləməklə kifayətlənməmək, onların hər birinin probleminin mahiyyətini ətraflı öyrənmək və mümkün həll istiqamətlərini müəyyənləşdirmək olub. Hər bir vətəndaşa öz müraciətini, şikayətini və ya xahişini ətraflı ifadə etmək üçün kifayət qədər vaxt ayrılıb. Çünki seçici ilə deputat arasında münasibət, ilk növbədə, qarşılıqlı etimad və birbaşa ünsiyyət üzərində qurulur. Bu baxımdan fərdi qəbullar zamanı vətəndaşların sosial vəziyyəti, üzləşdikləri konkret çətinliklər və aidiyyəti dövlət qurumlarının səlahiyyətlərinə daxil olan məsələlər ayrıca nəzərdən keçirilib.
Müraciətlərin böyük hissəsi sosial xarakterli məsələlərlə bağlı olub. Xüsusilə məşğulluq, mənzil və məskunlaşma məsələləri vətəndaşların müraciətlərində üstünlük təşkil edib. Bundan başqa, məhkəmə prosesləri və hüquqi xarakter daşıyan məsələlərlə bağlı müraciətlər də olub. Vətəndaşların sosial rifahının yüksəldilməsi, onların məşğulluq imkanlarının genişləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı gözləntiləri xüsusilə diqqət çəkib. Kənd təsərrüfatı və sahibkarlıqla bağlı müraciətlər də olub. Belə müraciətlərdən birində vətəndaş heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirib. Bu tip müraciətləri yalnız fərdi məşğulluq məsələsi kimi qiymətləndirmək düzgün olmaz. Çünki kənd yerlərində iqtisadi fəallığın artırılması, ailə təsərrüfatlarının inkişafı və insanların özünüməşğulluq imkanlarının genişləndirilməsi həm sosial, həm də regional inkişaf baxımından əhəmiyyət daşıyır. Müraciətlər arasında tarixi-mədəni irsin qorunması ilə bağlı məsələlər də xüsusi diqqət çəkib. Laçın rayonunun Soltanlar kəndinin tarixi adının bərpası, kənd ərazisində yerləşən qədim memarlıq abidəsinin müvafiq qaydada siyahıya alınması və onun qorunmasına lazımi diqqətin göstərilməsi ilə bağlı müraciət təqdim olunub. Eyni zamanda Mirik kəndinin sakinlərinin qaldırdığı məsələlər də diqqətlə dinlənilib və onların həlli istiqamətində müvafiq iş aparılıb".

Deputat qəbul zamanı səsləndirilən hər bir müraciətin imkan daxilində konkret istiqamət üzrə qiymətləndirilib və aidiyyəti dövlət qurumlarına çatdırıldığını vurğulayıb:
"Bunun üçün həm rəsmi yazılı müraciətlər göndərilib, həm də müvafiq qurumlarla birbaşa əlaqə saxlanılaraq məsələlərin mahiyyəti izah edilib və vətəndaşların problemlərinin həllinə mümkün qədər operativ münasibət göstərilməsi xahiş olunub. Xüsusilə məşğulluq, mənzil və məskunlaşma, məhkəmə məsələləri, kənd təsərrüfatı və heyvandarlıq fəaliyyəti ilə bağlı müraciətlər üzrə aidiyyəti qurumlarla əlaqələr yaradılıb. Soltanlar kəndinin tarixi adının bərpası və oradakı memarlıq abidəsinin qorunması ilə bağlı məsələ də müvafiq istiqamətdə diqqətə çatdırılıb. Mirik kəndi sakinlərinin qaldırdığı məsələlərin həlli ilə bağlı da aidiyyəti qurumlarla əlaqə saxlanılıb. Deputatın əsas vəzifələrindən biri seçicinin səsini dövlət institutlarına çatdırmaqdır. Bu baxımdan müraciətlərin hər biri imkan daxilində nəzarətdə saxlanılır, aidiyyəti qurumlarla əlaqələndirmə aparılır və nəticələrin öyrənilməsinə çalışılır. Təbii ki, hər bir məsələnin həlli müvafiq dövlət qurumunun səlahiyyət və qanunvericilik çərçivəsində həyata keçirilir. Bizim məqsədimiz isə vətəndaşın müraciətinin diqqətdən kənarda qalmamasını təmin etmək və onun qanuni maraqlarının müdafiəsi üçün bütün mümkün imkanlardan istifadə etməkdir".
Parlamentari yay tətili dövrünü yalnız seçicilərlə görüşlər baxımından deyil, həm də parlament fəaliyyətinin növbəti mərhələsinə hazırlıq baxımından səmərəli keçirməyə çalışdığını deyib:
"Seçicilərlə keçirilən görüşlər zamanı səsləndirilən məsələlər qanunvericiliyin və dövlət siyasətinin sosial nəticələrini birbaşa görmək baxımından mühüm məlumat mənbəyidir. Bu baxımdan xüsusilə məşğulluğun artırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, mənzil və məskunlaşma məsələləri, kənd yerlərində iqtisadi fəallığın və özünüməşğulluğun genişləndirilməsi, habelə tarixi-mədəni irsin qorunması ilə bağlı məsələlər üzərində iş aparılır. Payız sessiyasında bu istiqamətlər üzrə mövcud qanunvericilik mexanizmlərinin təkmilləşdirilməsi imkanlarının müzakirəyə çıxarılmasını məqsədəuyğun hesab edirəm. Burada əsas prinsip vətəndaş müraciətlərində əks olunan konkret problemlərin qanunvericilik və dövlət siyasəti səviyyəsində ümumiləşdirilməsidir. Yəni seçicinin fərdi müraciətindən daha geniş sosial nəticə çıxarmaq, həmin məsələnin digər vətəndaşların həyatına da təsir edən tərəflərini müəyyənləşdirmək və zəruri hallarda qanunvericilik təşəbbüslərinə çevirmək əsas istiqamətlərdən biri olacaq.
Payız sessiyasında sosial siyasət, məşğulluq, əhalinin mənzil və yaşayış şəraitinin yaxşılaşdırılması, regionlarda iqtisadi fəallığın artırılması və vətəndaşların sosial müdafiəsi məsələlərinin xüsusi diqqətdə saxlanılmasını vacib hesab edirəm. Seçicilərlə görüşlər zamanı səsləndirilən müraciətlər də göstərir ki, insanların dövlət institutlarından əsas gözləntilərindən biri gündəlik həyatlarına birbaşa təsir edən məsələlərin ardıcıl şəkildə həll olunmasıdır. Bununla yanaşı, kənd və rayonlarda yaşayan insanların iqtisadi fəallığının artırılması, heyvandarlıq və digər kənd təsərrüfatı fəaliyyətlərinin inkişafı üçün mövcud imkanların genişləndirilməsi də parlament müzakirələrində diqqətdə saxlanılmalıdır. İnsanların öz yaşayış məntəqələrində gəlir əldə etməsi və iqtisadi fəallıq göstərməsi həm sosial rifah, həm də regionların davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusi diqqət yetirilməli istiqamətlərdən biri də işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irsin qorunması və bu ərazilərdə məskunlaşma prosesinin sosial-iqtisadi əsaslarının daha da möhkəmləndirilməsidir. Soltanlar və Mirik kəndləri ilə bağlı müraciətlər bu baxımdan xüsusilə əhəmiyyətlidir. Tarixi adların qorunması, mədəni irs nümunələrinin dövlət səviyyəsində mühafizəsi və yeni yaşayış məkanlarının sosial infrastrukturu insanların doğma torpaqlara qayıdış prosesinin ayrılmaz hissəsidir.
Ümumilikdə, payız sessiyasında əsas diqqətin vətəndaşın gündəlik həyatına birbaşa təsir edən məsələlərə, sosial rifahın yüksəldilməsinə, məşğulluq imkanlarının artırılmasına, regionların inkişafına və Böyük Qayıdış prosesinin sosial əsaslarının daha da gücləndirilməsinə yönəldilməsini vacib hesab edirəm. Parlament fəaliyyətinin əsas meyarlarından biri qəbul olunan qərarların insanların həyatında yaratdığı real nəticədir. Buna görə də seçicilərlə birbaşa ünsiyyətdən əldə olunan məlumatlar qarşıdakı parlament fəaliyyətində də mühüm istiqamətverici rol oynayacaq".
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Şahin Seyidzadə bildirib ki, yay tətili deputatların seçicilərlə fəaliyyətinin dayandırılması demək deyil:
"Əksinə, seçicilərlə görüşlər, onların müraciətlərinin dinlənilməsi və qaldırılan məsələlərin aidiyyəti qurumlar qarşısında həlli istiqamətində işlər davamlı xarakter daşıyır. Görüşlərin konkret sayı ilə bağlı deyil, əsas diqqətimizin seçicilərlə mütəmadi və birbaşa ünsiyyətə yönəldiyini qeyd etmək istərdim. Keçirilmiş görüşlərin, səfərlərin və görülən işlərin böyük hissəsi sosial şəbəkələrdə mütəmadi olaraq ictimaiyyətə təqdim olunur.
Təmsil etdiyim 87 saylı Qobustan–Şamaxı–İsmayıllı seçki dairəsi coğrafi baxımdan geniş ərazini əhatə edir. Əsas yanaşmalardan biri seçicilərin deputatın qəbuluna gəlməsini gözləmək deyil, onların yaşadığı ərazilərə, kəndlərə getmək və problemləri yerində öyrənməkdir. Bu baxımdan, yaşayış məntəqəsinin yerləşdiyi ərazinin xüsusiyyətlərindən asılı olmayaraq, ucqar dağlıq ərazidə yerləşən kəndlərdə seçicilərlə görüşləri davam etdiririk. Görüşlər zamanı müraciətlər əsasən sosial məsələlər, məşğulluq, sosial təminat, nəqliyyat infrastrukturu, su və enerji təminatı, kommunal xidmətlər, torpaq və sənədləşmə məsələləri, eləcə də fərdi problemlərlə bağlı olur. Hər bir müraciətə fərdi yanaşmağa, aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırmağa və mümkün qədər onun həlli istiqamətində iş aparılıb".
Deputat indiyədək müraciət etmiş seçicilərin hər birinə görülmüş işlərlə bağlı altı aydan bir fərdi hesabat təqdim etdiklərini söyləyib:
"Hesabatlarda müraciətlər əsasında görülən işlər, aidiyyəti qurumlara edilən müraciətlər və əldə olunan nəticələr barədə seçicilər məlumatlandırılır. Payız sessiyası dövründə isə seçicilər tərəfindən qaldırılmış məsələlərin aidiyyəti dövlət qurumları qarşısında həlli istiqamətində görülən işlərin davam etdirilməsi və bu məsələlərin nəticələrinin müzakirəsi nəzərdə tutulur. Bununla yanaşı, Elm və Təhsil Komitəsinin və Mədəniyyət Komitəsinin üzvü kimi komitələrin iclaslarında müzakirə olunan məsələlərin, o cümlədən qanun layihələrinin müzakirəsində iştirak etmək, fəaliyyətimizin əsas istiqamətlərindən olacaq. Ümumilikdə hesab edirəm ki, deputatın fəaliyyəti yalnız Milli Məclisin iclas günləri ilə məhdudlaşmamalıdır. Sessiya və ya tətil dövründən asılı olmayaraq, seçici ilə əlaqə daim açıq olmalıdır".