Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı davam edir. Modern.az xəbər verir ki, festival çərçivəsində M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında III Beynəlxalq muğam müsabiqəsinin ikinci seçim turu keçirilib. Əvvəlcə instrumental muğam ifaçılığı üzrə müsabiqənin birinci turunda fərqlənən Azərbaycandan Şəhriyar İmanov (ud), Bəhruz Zeynalov (tar), Pərviz Quliyev (balaban), Şəhriyar Musayev (kamança), Hindistandan "Raqa" qrupu və İordaniyadan instrumental qrup çıxış ediblər.
İştirakçıları xalq artisti, professor Səyavuş Kəriminin sədrliyi ilə əməkdar incəsənət xadimi Nazim Kazımov, xalq artisti Ağasəlim Abdullayev, Türkiyədən Əhməd Misirli, Misirdən Habib Yammine, ABŞ-dan Cefri Verbokdan ibarət münsiflər heyəti seçilib.
Solo muğam ifaçılığı üzrə müsabiqənin birinci turundan keçmiş iştirakçılar - Azərbaycandan Mirələm Mirələmov, Ariz Hüseynov, "Buta" qrupu, Türkiyədən Abdulla Qurbaninin rəhbərliyi ilə "Səda" qrupu, Mərakeşdən "Əndəlus gəncləri" qrupu, İrandan "Naghsh" qrupu çıxış edib. Müsabiqənin iştirakçılarını isə Səyavuş Kəriminin sədrliyi ilə Azərbaycandan xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev, Fransadan Jan Dürinq, Tunisdən Mahmud Gettat, Tacikistandan Abduvali Abduraşidovun daxil olduqları münsiflər heyəti qiymətləndirib.
İkinci seçim turundan keçmiş qaliblərin adları bu gün açıqlanacaq.
Martın 19-da isə qaliblərin iştirakı ilə qala-konsert keçiriləcək.
Modern.az