Vətəndaş və İnkişaf Partiyası (VİP) özünün yeni təsvirdə loqotipini, gerbini və rəmzini təsdiqləyib. VİP mətbuat xidməti partiyanın qəbul edilmiş yeni atributlarının daşıdığı mənaları izah edən açıqlama yayıb. Bildirilib ki, partiyanın loqotipi VİP abbreviaturası ilə ifadə olunur və həmin formada İ hərfi üzərindəki məşəl millətçi-mühafizəkar partiya olan VİP-in əsaslandığı ideologiyanın inikasıdır. VİP-in yeni gerbində əks olunmuş üç üfiqi zolaq Azərbaycan insanının Etnik, Dini və Siyasi kimliyini təcəssüm etdirərək, onun bu mühüm təməllər üzərində layiqli vətəndaş olaraq, formalaşması və inkişafının zəruriliyini bildirir.
Gerbdəki aypara formalı üç təsvir insanın təkamül və inkişafı üçün tələb olunan Ağıl, Əzm və Gücü ifadə edərək, yalnız bu mühüm keyfiyyətlərin vəhdəti sayəsində uğur qazanılmasının mümkünlüyünün göstəricisidir. Gerbin üzərində əks olunduğu çevrə isə bu keyfiyyətlərə malik insanın can atdığı kamilliyin ifadəsidir. Partiya bildirib ki, VİP-in yeni rəmzi kimi, Narın seçilməsinin də ciddi əsasları var. 