Modern.az

Abid Şərifov: “Azərbaycanın bəzi yaşayış məntəqələrində əhalinin içməli su problemi var”

Abid Şərifov: “Azərbaycanın bəzi yaşayış məntəqələrində əhalinin içməli su problemi var”

Təhsil

12 Aprel 2013, 14:48


Baş nazirin müavini Abid Şərifov Bakıda keçirilən “Xəzər Beynəlxalq Su Texnologiyaları” konfransında çıxış edib. Modern.az-ın məlumatına görə, A.Şərifov Azərbaycan iqtisadiyyatının bir neçə statistik göstəricisini diqqətə çatdırıb. Bildirib ki, 2012-ci ilin yekunlarına görə, ölkədə 68,8 milyard ABŞ dolları dəyərində ümumi daxili məhsul istehsal edilib, əvvəlki ildəkinə nisbətən ümumi artım 2,2 faiz təşkil edib. 2012-ci ildə Azərbaycan iqtisadiyyatına 25,8 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da 15,5 milyardı və ya 60 faizi daxili investisiyaların, 10,3 milyardı və ya 40 faizi xarici investisiyaların payına düşüb. Bütün investisiyaların 19,4 milyard dolları və ya 75 faizi qeyri-neft sektoruna, 6,4 milyard  dolları və ya 25 faizi neft sektoruna yönəldilib.

Respublikanın bölgələrinin su təchizatı və kanalizasiya sistemlərinin faktiki vəziyyəti barədə danışan A.Şərifov təəssüflə deyib ki, bir çox bölgələrdə çirkab suların təmizlənməsi üçün qurğular yoxdur, mövcud olan təmizləyici qurğuların əksəriyyəti işləmir. Eyni zamanda bəzi yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatında problemlər var.

“Bunları nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycanda hər bir şəhərin, hər bir kəndin içməli su təchizatının yaxşılaşdırılması prioritet elan edilib və bununla bağlı verdiyi tapşırıqlara uyğun olaraq respublikanın bütün bölgələrində işlərə başlanılıb”.

Baş nazirin müavini deyib ki, 42 şəhərin, həmçinin Bakının bir sıra qəsəbələrinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə ümumi dəyəri 5 milyard ABŞ dollarına yaxın layihələrin icrası nəzərdə tutulub. Bu layihələrin  maliyyələşdirilməsi həm beynəlxalq maliyyə təşkilatları ilə imzalanmış müqavilələr əsasında alınacaq kreditlər, həm də dövlət büdcəsi hesabına aparılır. Tələb olunan vəsaitdən 1,8 milyard ABŞ dollarına yaxın alınacaq kreditlərin alınma mənbəyi və 1,2 milyard ABŞ dollarına qədər vəsaitin dövlət büdcəsindən ayrılması məsələsi həll edilib. Son 2 ildə bu işlər üçün hər il “Azərsu” ASC-yə dövlət büdcəsindən təqribən 1,0 milyard ABŞ dollarına yaxın vəsait  ayrılır. 38 şəhərin  17-də işlər dövlət büdcəsi, 21-də isə Dünya Bankı, Asiya İnkişaf  Bankı, İslam İnkişaf  Bankı, Almaniyanın KFW bankı, Səudiyyə İnkişaf Fondu, Koreya Hökuməti, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən cəlb olunmuş kreditlər hesabına icra olunur. Artıq bütövlükdə Abşeron yarımadasında, həmçinin 38 şəhərdə, 350-dən artıq kənd və qəsəbədə tikinti işlərinə başlanıb.

A.Şərifovun sözlərinə görə, uzunluğu 262 km, qiyməti 993 milyon ABŞ dolları olan Oğuz-Qəbələ-Bakı su kəməri Bakı şəhərinin su təchizatının yaxşılaşdırılmasına öz töhfəsini verib, bu ərazidə fasiləsiz su alanların xüsusi çəkisi 40 faizdən 70 faizə çatıb.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı