Qırğızıstanda müxalifət-hakimiyyət qarşıdurması ən son həddə çatıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qırğızıstan növbəti inqilab ərəfəsindədir. Liderlərinin bir–birinin ardınca həbs ounmasına etiraz edən müxalifət tərəfdarları bu gün inzibati binalara hücumlar təşkil edib. DİN bölmələri ilə toqquşmalarda artıq qan tökülüb. Ən azı 85 milis işçisinin döyuldüyü bildirilir. Müxalifətçilər Talasdan sonra Çuysk vilayatində Tokmak şəhərində daha bir inzibati binanı ələ keçirib. Etiraz dalğaları artıq regionlardan paytaxt Bişkəkə keçib. Regionlardan minlərlə müxalifət tərəfdarlarının paytaxta yollandığı qeyd olunur. Bu gün etirazçılar paytaxt Bişkəkdə hökumət binasını ələ keçirməyə cəhd edib. Lakin milis onların qarşısını ala bilib. “Röyter” agentliyi şəhərin baş meydanında partlayış səsləri gəldiyini, milisin etirazçılara qarşı gözyaşardıcı qazlardan istifadə etdiyini xəbər verib. “Fərqana.ru” saytının məlumatına görə, etirazçılar bu gün Kərban şəhərində inzibati binanı ələ keçirib.
Rusiya KİV-in məlumatına görə, müxalifət hökumət binasını ələ keçirməyə hazırlaşır. Bina ölkənin müxalifət tərəfdarlarının mühasirəsindədir. Hökumət isə ən sərt tədbirlərə əl atıb. Artıq hökumət binası ərazisinə zirehli hərbi maşınlar gətirilməkdədir. Meydanda artıq partlayış və güllə səsləri eşidilməkdədir.
Bu gün baş nazir Daniyar Usenov növbəti dəfə etiraz aksiyalarını təşkil edən müxalifət fəallarına müraciət edərək onları kütləvi iğtişaşlara son qoymağa çağırıb. Usenov ayrıca olaraq Rusiya kütləvi iformasiya vasitələrini ölkədə baş verən hadisələri qərəzli şəkildə şərh etməkdə ittiham edib. O, Rusiya KİV-i düşmən adlandırıb. Bu gün Amerikanın Bişkəkdəki səfirliyi də bəyanat verərək hökumət və müxalifət düşərgəsini dialoqa çağırıb. Qırğız deputatlar ölkədə fövqəladə rejimin elan olunmasını tələb ediblər. Deputatlar xalqa xüsusi müraciət də qəbul ediblər. Müraciətdə bildirilir ki, destruktiv elementlərin məqsədi ölkədə qarşıdurma yaratmaq və sabitliyi pozmaqdır. Onlar bəyan ediblər ki, sülh və əmin-amanlığın alternativi yoxdur. Deputatlar təəssüflə etiraf ediblər ki, müxalifətin eiraz aksiyalarında bəzi həmkarları da iştirak edir.
Modern.az-ın əldə etdiyi ən son məlumata görə, Bişkəkdə qan tökülüb. Hökumət binasına hücum edən müxalifət və Nazirlər Kabinetinin mühafizə xidmətinin əməkdaşları arasında toqquşmada onlarca insanın həlak olduğu və yaralandığı bildirilir. “Röyter” 5 nəfərin həlak olduğunu xəbər verir. Hadisələrlə əlaqədar ölkədəki Rusiya hərbi bazasının fəaliyyəti gücləndirilib.