Aprelin 7-də Kitab Klubunda tarix elmləri doktoru, professor Bayram Allahverdiyevin “Bakı Dövlət Universitetinin nəşriyyatçılıq fəaliyyəti” adlı kitabının təqdimat mərasimi keçirilib. Modern.az-ın məlumatına görə, tədbirdə BDU nun tələbə-müəllim kollektivi və media nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən professor Abuzər Xəlilov son zamanlar kitaba marağın azaldığını, lakin təqdim etdikləri kitabın oxucular üçün maraqlı olacağına əminliyini bildirib. 144 səhifədən ibarət olan “Bakı Dövlət Universitetinin nəşriyyatçılıq fəaliyyəti” kitabı BDU-nun nəşriyyatının yaranması, formalaşması və inkişafı məsələlərini əhatə edir. Burada ilk dəfə olaraq nəşriyyatın yaradılması, nəşriyyatın fəaliyyətində və inkişafında universitet rektorlarının, nəşriyyat direktorlarının rolu, baş redaktorların, redaksiya müdirlərinin, bədii, elmi texniki redaktorların fəaliyyəti faktlarla şərh edilir. Nəşriyyat işçiləri üçün nəzərdə tutulan bu monoqrafiyadan ali məktəb tələbələri və geniş oxucu kütləsi də istifadə edə bilər. Emil Bağırov