|
|
Bişkəkdən verilən məlumata görə, hakimiyyət və müxalifət arasında danışıqlar pozulub.
Müxalifət qeyd edir ki, keçmiş baş nazir Daniyar Usenov və Elmurza Satıbaldiyevi çıxmaq şərtilə digər rəhbərlər öz vəzifələrində qala bilərlər.
Bu gecə Amerikanın Manas hava limanı yaxınlığında yerləşən hərbi bazası fəaliyyətini dayandırıb. Bu bazadan hərbi yüklərin Əfqanıstana daşınması üçün istifad olunub. Birləşmiş Ştatlar isə Qırğızıstanla əvvəlcədən nəzərdə tutulmuş ikitərəfli məsləhətləşməlri təxirə salıb. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filipp Krouli bildirib ki, ölkədə baş vermiş son hadisələrə görə məsləhətləşmələr təxirə salınıb.
Prezident Bakiyevin hazırda ölkənin cənubunda Oş şəhərində olduğu bildirilir.
Qeyd edək ki, bu dəfəki etiraz aksiyaları əsasən ölkənin şimal regionlarından başlayıb. Cənubda isə sakitlikdir. Oşa hələlik hakimiyyət strukturları nəzarət edir.
Bir səra təhlilçilər hesab edir ki, ölkənin şimal və cənub regionları qarşıdurma həddinə çatıb. Bu isə ölkədə vətəndaş müharibəsinə yol aça bilər.
Moskva Qırğızıstandakı hadisələrə seyrçi mövqedən yanaşır. 2005-ci ilin “lalələr inqilabı”ndan sonra prezident Əsgər Akayevi qəbul edən Rusiya bu dəfə məsafə saxladığını nümayiş etdirir. Rusiyanın baş nazir Vladimir Putin olaylarla heç bir əlaqəsi olmadığını vurğulayıb. "Mən yalnız bunu deyə bilərəm ki, nə mənim nə də ki, Rusiya rəsmilərinin bu olaylarla heç bir əlaqəsi olmayıb. Hadisələr mənim üçün sürpriz oldu. Bakiyev hakimiyyət başına gələndə devrilən prezident Akayevi qohumbazlığa görə tənqid edirdi. İndi Bakiyevin özünün həmin səhvlərə yol verdiyi təəsüratı yaranır", - deyə Putin bildirib.
Ən son məlumatlara görə, ordu və sərhəd xidməti müxalifətin tərəfinə keçib.