Aprelin 9-da həbsdə olan jurnalist Eynulla Fətullayevin işi ilə bağlı Qaradağ rayon məhkəməsində hazırlıq iclası keçirilib. Prosesə hakim İsmayıl Xəlilov sədrlik edib.
"Azadlıq" radiosunun məlumatına görə, proses başlayan kimi Eynulla Fətullayev hakimə etirazını bildirib. Hakim vəsatəti təmin etməyib.
Sonra prosesdə Fətullayevin vəsatətləri müzakirə olunub.
Bu vəsatətlər qanında narkotik maddənin tapılması ilə bağlı təkrar və alternativ ekspertizanın keçirilməsinə, həmçinin ekspertizanı keçirmiş şəxslərin məhkəməyə əlavə şahid qismində dəvət edilməsinə dair olub.
Jurnalist məhkəmədə vəsatət qaldırıb ki, onunla cəzaçəkmə müəssisəsində daim təmasda olan məhkumlar da dindirilsin.
Məhkəmə vəsatətlərdən ikisini təmin edib. Bunlardan biri ekspertizanı aparmış komissiya üzvlərinin əlavə şahid qismində dindirilməsi, digəri isə Eynulla Fətullayevin daim birlikdə olduğu məhkum Anar Namazovun məhkəməyə əlavə şahid qismində cəlb edilməsilə bağlıdır.
«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə həbs olunub. Terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmaqda təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.
2009-cu il dekabrında isə saxlandığı 12 saylı cəzaçəkmə yerində onun üzərindən narkotik maddə tapılıb. Bundan sonra ona qarşı narkotik maddə saxlama ittihamı irəli sürülüb.