Bu gün Vaşinqtonda nüvə təhlükəsizlyinə dair sammit başlayır. Modern.az BBC-yə istinadən xəbər verir ki, tədbirdə dünyanın 46 ölkəsinin rəhbərləri iştirak edir. Sammit iştirakçları nüvə silahının hazırlanmasında istifadə edilə biləcək materiallar üzərində sərt nəzarətin təmin edilməsi yolları müzakirə edəcəklər. Sammit ərəfəsində prezident Barak Obama deyib ki, dünyaya ən böyük təhlükə terrorçu təşkilatların nüvə silahına mailk olması mümkünlüyündən irəli gəlir.
"Bu, dünyada ümumi təhlükəsizlik durumunu kökündən dəyişə biləcək bir amildir. Bizə məlumdur ki, Əl-Qaida kimi təşkilatlar belə nüvə silahlarını və ya digər kütləvi qırğın silahlarını əldə etməyə çalışırlar", - deyə Obama bildirib.
Prezident deyib ki, dünya liderləri diqqəti nəzarətsiz nüvə materialların saxlanmasına yönəltməlidirlər: "Dünyanın bir çox yerlərində kifayət qədər nəzarətsiz nüvə materialları var. Ona görə, bu sammitin əsas qayəsi - konkret zaman kəsiyində və konkret plana uyğun olaraq həmin bu nüvə materialları üzərində dünya birliyinin nəzarətini təmin edilməsidir".